Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / “Qarabağ partizanı” həbsxanada intihar həddinə çatdırılıb

“Qarabağ partizanı” həbsxanada intihar həddinə çatdırılıb

Qobustan həbsxanasının rəisi yaralanan MTN-çi qohumuna görə Məmməd Məmmədovdan qisas alır; Ömürlük məhbusun anası Qobustan həbsxanası ilə bağlı tükürpədici faktlar açıqladı

Təranə Məmmədova: “Fikrət Qafarov, sən nə bilirsən ki, Elşən Məmmədovu kim vurub?”
“Qarabağ partizanı” kimi tanınan və 2004-cü ildə ömürlük həbsə məhkum edilmiş Məmməd Məmmədov saxlanıldığı Qobustan həbsxanasında intihar həddinə çatdırılıb. “Yeni Müsavat”a müraciət edən ömürlük məhbusun anası Təranə Məmmədova iddia edir ki, 2003-cü ildəki atışmada yaralanan MTN əməkdaşı (DTX) Elşən Məmmədovun qohumu olan həbsxananın rəisi Fikrət Qafarov açıq şəkildə oğluna sona qədər işgəncə verəcəyini bildirib.
T.Məmmədova oğlunun  başına gələnləri belə nəql etdi: “Həbsxanada əsas rəis Fikrət Qafarovdan şikayətçiyəm. Rəis açıq şəkildə deyib ki, Məmmədin tutulduğu hadisədə yaralanan Elşən Məmmədovun qohumuyam. Ona görə də, ondan heyfmi çıxıram. 200-ə yaxın orada məhbus var. Onlardan yalnız oğlumu bir dəfə də olsun  ki, qəbul etməyib, məktublarına cavab verməyib. Oğlum deyir ki, ana elə məhbus yoxdur, rəis onu qəbul etməsin, yalnız məndən başqa… Oğlumu o qədər incidirlər ki, özünü öldürmək həddinə çatıb. Məqsədləri də budur. Başqa yolumuz yoxdur. Bir faktı da açıqlayım. Buna görə oxuculardan üzr istəyirəm. Bunu deməyə məcburam. Həbsxanaya 40 dərəcə qızdırma ilə getmişdim. Orada yoxlanışa gənc bir qız qoyublar. Ona deyirəm ki, sənə aparat veriblər, insanları yoxlamaq üçün… İnanırsınız ki, həmin qız qadınları başdan-ayağa soyundurur. Belə hərəkət olar? Bu, nə tərbiyəsizlik, əxlaqsızlıqdır. Həbsxanada əxlaqsızlıq baş alıb, gedir. Elşən Məmmədov yaralanıb, sübut olmalıdır, kimin yaraladığı barədə… Oğluma 3 ağır maddə yükləyiblər. Qatı cinayətkara verilməyən cəza oğluma verilib. Məmməd bu qədər haqsız cəza çəkir. Üstəlik işgəncə də verirlər. Bu dəfə görüşəndə oğlum elə ağladı ki, indiyə qədər onu belə görməmişdim. 13 ildir cəza çəkir, gəncliyi əldən gedib. Onu bu yola sövq edən dəstə üzvləri cəhənnəm olsunlar. Gəncliyindən istifadə edib, oğlumu yaman günə qoydular. Bilmirəm nə edim, əlimdən heç nə gəlmir. Müraciət etmədiyim yer qalmayıb. Dəstə üzvləri mənə deyir ki, sənin pulun yoxdur deyə, səni sayan olmayacaq. Yetim övlad böyütdüm, heç kimim yoxdur. Mənə baxan bir insan da yoxdur. Bu qədər ağır cəza olarmı? Üç ayrı-ayrı maddə ilə ömürlük cəza nə deməkdir? Hara şikayət edəcəyimi bilmirəm, heç olmasa, orada oğlumu rahat buraxsınlar. Dörd divar arasında onu məcbur edib, sonda ya öldürə, ya da özünün canına qəsd etməsinə səbəb ola bilərlər. Rəisi ora qoyublar ki, dustağa nəzarət et, day öz qohumunun tərəfini saxlama… Fikrət Qafarov sən nə bilirsən ki, Elşən Məmmədovu kim vurub?”
Qeyd edək ki, “Qarabağ partizanları” qrupunun necə yaradılması məlum olmasa da, 2000-ci illərdən sonraya təsadüf etdiyi ehtimal edilir. Dəstə üzvləri 2001-ci ildə Gürcüstan ərazisində təlim keçiblər. 2003-cü ilin 13-14 avqustunda Qarabağa yollanmaq üçün sonuncu dəfə Xətai parkında toplaşıblar. Lakin bu zaman MTN əməkdaşları tərəfindən həbs ediliblər. Bu əməliyyat zamanı baş verən atışmada bir nəfər əməliyyatçı həlak olub, bir nəfər isə ağır yaralanıb.
Maraqlı məqam odur ki, indiyə qədər həbs olunan dəstə üzvlərinin hamısı azadlığa buraxılıb. Təkcə 20 yaşlı Məmməd Məmmədovdan başqa…
Qobustan həbsxanası ilə əlaqə saxlamağa cəhd etdik, lakin alınmadı. Yazıda adıçəkilən şəxsin də mövqeyini dərc etməyə hazırıq.
musavat.com

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın