Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Araşdırma / Qanunda boşluq: Hər ağzından spirt iyi gələn sürücü cərimələnə bilməz

Qanunda boşluq: Hər ağzından spirt iyi gələn sürücü cərimələnə bilməz

“Bir gün öncə qəbul etdiyim spirtli içkinin ağzımdan gələn cüzi qoxusuna görə yol polisi məni cərimələdi. Həm də xeyli miqdarda spirtli içki qəbul edən adamın cəzası qədər cəza aldım”.

Bunu Sputnik-ə müraciət edən paytaxt sakini Vahid Quliyev deyib. Vətəndaş sərxoş halda avtomobil idarə edilməsi ilə bağlı qanunda boşluqlar olduğundan gileylənib: “Az və çox miqdarda qəbul edilməsinə, qəbul edildikdən sonra üstündən nə qədər müddət keçməsinə fikir verən yoxdur. Ağzından zərrə iyi gəldi, vəssalam”.

Problemi Sputnik-ə şərh edən keçmiş polis rəisi Mahmud Hacıyev də bu məsələdə qanunvericiliyin yetərli olmadığını deyib: “Son beş ildə yol nəqliyyat hadisələrinin çoxalması nəticəsində İnzibati Xətalar Məcəlləsinin “Yol hərəkəti haqqında” qanunvericiliyinə əlavələr və dəyişikliklər olundu. Qanunları tez-tez dəyişmək və ya əlavələr etmək yaxşı hal deyil. Qanunlar qəbul edilərkən hərtərəfli baxılıb sonra qəbul edilməlidir ki, sonradan bir neçə il keçmədən dəyişdirilməsin”.

“Azərbaycanda yol nəqliyyat hadisələri həddindən artıq çoxalması, xüsusilə sərxoş halda avtomobil idarəetməsi zamanı qəzaların artması, bu sahədə qanunları daha da sərtləşdirmək zərurəti yaratdı. Amma cəzanı ağırlaşdırmaq hadisəni aradan qaldırmır, bunun üçün başqa variantlardan istifadə edilməlidir. Görülən tədbirlər onun qarşısını almırsa, deməli başqa işlər görmək lazımdır”, — polis zabiti qeyd edib.

M. Hacıyevin sözlərinə görə, Avropadakı avtomobil yolları və analoji qanunları ilə bizim yollarımız və qanunvericiliyimiz arasında çox fərq var: “Hər şeydən öncə, Avropada sürücülər qaydalara riayət edirlər. O ki qaldı dünən qəbul edilən spirtli içkiyə görə bu gün cərimə olunmağa, bu məsələ ilə bağlı qanunda boşluqlar var. Yəni, problem mübahisəlidir”. Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik-ə açıqlamasında, Azərbaycanda baş verən qəzaların əksəriyyətinin spirtli içki qəbulu səbəbindən baş verdiyini deyib: “Bununla bağlı güzəşt olmamalıdır. Qanunların sərtləşdirilməsi və cərimələrin artırılmasının da məqsədi məhz sürücüləri sərxoş şəkildə avtomobil idarə etməkdən çəkindirməkdir”.

“Eyni zamanda maarifləndirmə üsullarından istifadə edilməlidir və insanların şüuruna yeridilməlidir ki, sərxoş vəziyyətdə avtomobil idarə etmək həm özləri, həm də ətrafında olan insanlar üçün təhlükəlidir. Biz sürücülər diqqətli olmalıyıq. Sərxoş insanlar da ayıq sürücülərin köməyindən istifadə etsə, yaxşı olar”, — ekspert bildirib.

Həkim Vasif İsmayıl isə məsələyə fərqli yanaşır. O, Sputnik əməkdaşı ilə söhbətində, yediyimiz qidaların çoxunun tərkibində spirt olduğunu söyləyib: “Ən vacib olan nüans insan orqanizminin həmin alkoqola reaksiya müddətidir. Bunun 3 komponenti var: Bir — gördüyümüzü anlamalıyıq, iki — gördüyümüz halda nəticə çıxarmalıyıq, üç — nəticəyə uyğun olaraq hərəkət etməliyik. Spirtli içkilər bu reaksiyaları gecikdirir və bu da bədbəxt hadisəyə səbəb olur”.

Mütəxəssisin sözlərinə görə, mövcud qanunvericilikdə avtomobil idarə edilməsi zamanı maksimum sərxoşluq səviyyəsini 0.3 promil götürülməsinin səbəbi də, məhz qəbul etdiyimiz qidaların tərkibində az miqdarda spirt olması ilə əlaqədardır: “Ona görə 0.3 promil limit qoyulur ki, yediyimiz qidalardaki spirt analiz zamanı qanda aşkarlana bilər və biz cərimə ödəməli olarıq. Alkoqol 0.5 faizdən çox olanda artıq reaksiya gecikmələri olur. 0.5 promil tam sərxoşluq demək deyil, sadəcə reaksiya gecikdirmə vəziyyəti yaradır”. “Spirtli içkilər növündən və qəbul edilən içkinin miqdarından və həcmindən, eyni zamanda yediyimiz yeməkdən asılıdır. İçki 6-12 saat ərzində bədəndən təmizlənir. Spirtli içkinin qoxusunun gəlməsi sürücünün sərxoş olması demək deyil. Əsas olan qanda çıxan spirtin normasıdır. Yol polisi yoxladığı cihazla protokol tərtib edə bilməz. Həkim tərəfindən qan analizinin nəticələri bəlli olduqdan sonra protokol yazıla bilər”, — V. İsmayıl vurğulayıb.

Həmçinin oxuyun

UKRAYNADAN ELTON MƏMMƏDOVA BƏD XƏBƏR – Şirkətinin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi …

Bir cavab yazın