Şənbə , Noyabr 16 2019
Ana səhifə / Araşdırma / Qadınların təhsilsizlik problemi- ARAŞDIRMA

Qadınların təhsilsizlik problemi- ARAŞDIRMA

Əvvəllər yazılmamış belə bir qanun vardı, qadın yalnız müəllim və həkim ola bilərdi.

Lakin bu gün texnologiyalar sahəsində, prokurorluq, məhkəmə orqanlarında və müxtəlif sahələrdə çalışan qadınlarımız var. Elə bir sahə yoxdur ki, Azərbaycan qadınları özünü orada doğrultmasın. Hazırda isə Azərbaycanda sahibkarların 30 faizindən çoxu qadınlardır.

Cəmiyyətə sağlam fərdlər qazandırmaq üçün ailədə qadınların təhsil alması olduqca vacibdir. Lakin buna baxmayaraq, bu gün ali təhsili olmayan xanımlarımız da az deyil. Xüsusən də bölgələrimizdə problem mürəkkəb şəkil alıb. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin bununla bağlı keçirdi tədbirlər də nəticə vermir. Cəmiyyətdəki bu boşluq hələ də problem olaraq qalır.

Qızların təhsilə cəlb olunması məsələsiylə bağlı təhsil eksperti Kamran Əsədov Redaktor.az-a açıqlamasında bildirib ki, bu məsələdə qadınlara güzəştlər olunmalıdır:

“İlk növbədə qeyd edim ki, Azərbaycan universitetlərində təhsilin müxtəlif pillələri üzrə 85 102 qadın təhsil alıb. 2018-ci ildə bu göstərici 80 827, 2015-ci ildə 78 662 olub. 2010-cu ildə isə 65 112 qadın ali təhsil ala bilib. 2018-ci ildə təhsil alan qadınlardan 77 448 nəfəri dövlət, 7 654-ü isə özəl müəssisələrdə təhsil alıb. Son tədris illəri ərzində Azərbaycanda təhsil alan orta ixtisas təhsili müəssisələrinin tələbələrinin 60 faizindən çoxu qadınlardır.

Orta ixtisas məktəbləri ilə müqayisədə ali məktəblərdə təhsil alan qadın tələbələrin sayı isə daha azdır. Kolleclərdə təhsil alan tələbələrin 60 faizindən çoxu qadınlar olduğu halda, ali məktəblərdə oxuyan qadın tələbələr bütün tələbələrin tam olaraq yarısını da təşkil etmir.

Belə ki, 2016-2017-ci tədris ilində orta ixtisas təhsili müəssisələrinin 51 702 tələbəsi olub ki, onların da 34 308 nəfəri – 66,3 i faizi qadın olub. 2011-2012-ci tədris ilində bütün tələbələrin 65,8 faizi, 2012-2013 tədris ilində 66,3 faizi, 2013- 2014-cü tədris ilində 67,1 faizi, 2014-2015-ci tədris ilində 67,4 faizi, 2015-2016-cı tədris ilində isə 66,7 faizini qadınlar təşkil edib.

Hesab edirəm ki, hər bir millətin gələcəyinin formalaşmasında ən önəmli amillərdən biri, bəlkə də birincisi keyfiyyətli təhsildir. Yalnız qadınların haqlarının qorunması yolunda müəyyən addımlar atıldıqda, cəmiyyətimizdə gender bərabərliyinin bərqərar olmasına nail ola bilərik. Qadınların, qızların təhsil alması çox vacib amildir. Belə ki, son zamanlar genetik tədqiqatlarda, uşaqlara zəka geninin atadan deyil anadan keçdiyi aşkar edilmişdir. Genetik tədiqatlarla yanaşı, uşaqların təhsil və zəkası üzərində ananın və ya atanın təsir dərəcəsi haqqında tədqiqat aparan başqa bir elm sahəsi də, ekonometrikadır. Bir sıra ekonometrik tədqiqatların nəticələrinə görə, uşaqların zəkası (IQ) və təhsil səviyyəsi üzərində, ananın zəkası (IQ) və təhsil səviyyəsi, atanın zəkası və təhsil səviyyəsindən daha çox təsirə malikdir. Aparılan tədqiqatların nəticələrdən görünür ki, hər iki valideyinin təhsil səviyyəsi uşağın təhsili üzərində müsbət təsirə malikdir. Ancaq uşağın təhsil səviyyəsi üzərində ananın təhsil səviyyəsinin təsiri daha çoxdur.

Düşünürəm ki, qadınların təhsilə cəlb olunması üçün onlara təhsil haqqında güzəştlər edilməli, digər təhsil alma formalasını tətbiq etmək lazımdır. Onlar əyani təhsilə cəlb oluna bilmirlərsə, qiyabi, distant təhsilə onları cəlb etməklə qadınların təhsil alma faizini yüksəltmək olar”.

Sosioloq Asif Bayramov Redaktor.az-a açıqlamasında qeyd edib ki, qadınların təhsildən yayınma halları Azərbaycanın cənub bölgələrində daha çox müşahidə olunur:

“Azərbaycanın qərb bölgəsi belə problemlərlə üzləşmir. İstər Sovetlər dönəmində, istərsə də indi qadınların təhsilə cəlb olunması ilə bağlı hər hansı problem olmayıb, bu gün də yoxdur. Qadınların təhsilə cəlb olunması mütləq missiyadır. Kiçik bir ölkənin müxtəlif bölgələrində qadınların ictimai şüur səviyyəsi və cəmiyyətə inteqrasiya məsələlərinin müxtəlif səviyyədə olması disbalans yaradır.

Bu sahədə müvafiq qurumların işinin aşağı səviyyədə olduğunu deyə bilmərəm. Bu cür ictimai əhəmiyyətli problemləri bir qurum, yaxud QHT-lər həll etmək məcburiyyətində deyil. Bunun üçün hökumətin müvafiq dövlət qurumlarının sosial-mənəvi inkişafla bağlı proqramları olmaldır. Həmin proqramlar mütəxəsislərin ciddi elmi-tətqiqatları əsasında aparılmalıdır. Belə ki, dövlət həmin proqram üçün pul ayırmalı, icra mezanizmi qurularaq həll olunmalıdır”.

Maraqlıdır, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi bu cür ictimai əhəmiyyətli problemlərin həllində fəaliyyətini yetərli hesab edirmi?

Məsələylə bağlı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsiylə əlaqə yaratmağa çalışsaq da, sualımıza cavab verilmədi. Məsələ diqqətimizdədir…

Həmçinin oxuyun

Mustafa Kamal Atatürk Britaniya kəşfiyyatının hesabatlarında: onun haqqında nə deyilirdi? – ARAŞDIRMA

Bundan 100 il əvvəl hazırlanmış kəşfiyyat hesabatlarından görünür ki, Mustafa Kamal Atatürk 1919-cu ilin may …