Ana səhifə / Araşdırma / Qəbiləçilikdən qurtulmayan kürdlər dövlət qura biləcəklərmi? – ARAŞDIRMA

Qəbiləçilikdən qurtulmayan kürdlər dövlət qura biləcəklərmi? – ARAŞDIRMA

Anton İsakov

regnum.ru, 31.05.2019

İraq Kürdüstanında əsas siyasi partiyalar arasında sürəkli danışıqlardan sonra (bəlli olduğu kimi, ötəri) konsensus əldə olunub və bölgə Nəçirvan Bərzanini özünün yeni prezidenti seçib.

O, İraqda ən populyar kürd siyasətçisi kimi qalan əmisi Məsud Bərzaninin varisi olub. Nəçirvan öz xalqı üçün qəliz bir dönəmdə (amma bu, heç vaxt sadə olmayıb) post tutub. O, bölgənin bütün önəmli problemlərini həll etməyi, son illərdə kürd muxtariyyətinə yük olan çətinliklərin hamısını aradan qaldırmaq üçün daxili birliyə nail olmağı bacararmı? Baş çıxarmağı sınayaq.

Bölgə başçısı, yoxsa üzüyola partiya funksioneri?

Nəçirvan Bərzani İraq Kürdüstanının ikinci prezidenti olub, əvvəllər bu postu 2005-2017-ci illərdə bölgənin milli lideri Məsud Bərzani tutub. Bu vəzifəyə namizəd muxtariyyət sakinləri arasında ümumi səsvermə yolu ilə seçilib. Amma indi bölgə parlamentinə edilən düzəlişlərdən sonra prezident qanunverici qurum tərəfindən təsdiqlənir, deməli, legitimliyi ciddi itirir və parlamentarilərdən daha çox asılı olur.

Buna baxmayaraq, Kürdüstan prezidentinin əvvəlkitək geniş səlahiyyətləri var. O, icra hakimiyyətinin başçısı, silahlı güclərin baş komandanı (amma Kürdüstanda silahlı güclər mərkəzi hökumətə tam tabe deyil, bu haqda aşağıda danışılacaq) kimi qalır. Prezident bölgənin Bağdadda təmilçisidir.

Gözlənilir ki, Nəçirvan 2019-cu il iyunun 10-da olacaq and mərasimindən sonra hökumət formalaşdırmağı əmioğlusu, Məsud Bərzaninin oğlu Məsrur Bərzaniyə təklif edəcək. Beləliklə, bir qəbilə bölgənin iki yüksək səlahiyyət müddətini saxlamağı sürdürəcək.

Lakin prezident postunun yuxarıda qeyd olunan əksilməsi qərar qəbul etmək mərkəzini bir qədər parlamentə sarı dəyişir, deməli, hökumət tam hakimiyyətə malik olmasa da və bunu Kürdüstan Vətənsevərlər Birliyi (KVB) ilə bölüşsə də, yenə də bölgədə əsas rol oynayan Məsud Bərzaninin prezidenti olduğu Kürdüstan Demokratik Partiyasının (KDP) əlində cəmləşəcək.

Düşünürük ki, prezidenti ümumxalq səsverməsi əvəzinə qanunverici qurumda seçmək ideyası Bərzani qəbiləsinin iki varisi arasında hansısa bir balans qurmaq qəsdilə qəbul olunub, amma gələcəkdə qarşıdurma və hakimiyyət uğrunda mübarizə ilə nəticələnə bilər. Lakin burası da var ki, iki əmioğlu arasındakı rəqabət əvvəllər mətbu məkana axmayıb, deməli, belə əndişələr təsdiqlənməyə bilər.

Bölgənin silahlı gücləri

İraq Kürdüstanında 2017-ci ilin sentyabrında müstəqillik haqda referendum keçirilib. Bölgə əhalisinin böyük çoxluğu İraqın tərkibindən çıxmaq və müstəqil kürd dövləti qurmağa səs verib. Hamıya bəlli idi ki, kürdlər bunu ciddi eləmirdilər, onların başına ağıl qoymağa çalışdılar, dilə tutdular, arada basqı göstərdilər. Həqiqi məqsədin nə olduğunu indi söyləmək çətindir, amma onlar buna nail olmadılar, çünki referendum ağır nəticələrə gətirib – bunlardan başlıcası kürdlər üçün əsla iqtisadi deyil, daha çox eyniyyət təsəvvürü baxımından önəmlisi, referenduma cavab kimi İraq Kürdüstanı silahlı qüvvələrinin şiə könüllüləri tərəfindən sıxışdırılıb çıxarıldığı Kərkük əyaləti üzərində nəzarəti itirmək idi.

Ərbildə hadisələrin belə dönüşünü açıqca gözləmirdilər, peşmərgənin (İraq Kürdüstanının silahlı qüvvələri) sıxışdırılması KVB-nin, daha doğrusu, onun qanadlarından birinin Bağdadla dilbirliyi nəticəsində baş verdi.

İş burasındadır ki, bölgənin silahlı gücləri peşmərgə nazirliyinə tabe  deyil, birbaşa KDP və KVB tərəfindən nəzarət olunur, bununla da bölgədə hakimiyyət bölgüsünün qəbilə sistemi sərgilənir. KVB-yə sadiq qüvvələr şiələrin ələ keçirdikləri Kərkükdən çıxarılıb. Əmri bölgənin nüfuzca ikinci ailəsinin üzvü Pavel Tələbani verib.

KDP və KVB arasındakı, habelə KVB daxilindəki  ziddiyyətlər bölgənin birliyi yolunda, deməli, kürdlərin çoxdankı arzusunu gerçəkləşdirmək bacarığında da, az qala, baş problemdir.

Beləliklə, yeni prezidentin (dedikcə müşkül) vəzifəsi bölgənin silahlı güclərini hökumətin nəzarətinə keçirmək olacaq, əks halda kürdlər əvvəlkitək dünya qədər əski siyasətin qurbanı olacaqlar – parçala və hökm sür.

Amma, əlbəttə ki, kürdlərin qarşısında tam həcmilə duran əsas problem – əgər qəbiləçiliyi aradan qaldırmağa nail olarlarsa – mübahisəli ərazilər problemidir. İraq Kürdüstanı hökuməti bunun həlli üçün ölkə konstitusiyasının mübahisəli ərazilər barədə məsələnin həll alqoritminin açıqlandığı 140-cı maddəsinin icrasına təkid edəcək. Səddam Hüseyn devrildikdən sonra hələ 2005-ci ildə İraq Kürdüstanının maraqlarına cavab verən konstitusiya qəbul olunub. 140-cı maddə bildirir ki, mübahisəli torpaqlar məsələsi referendumda həll edilməlidir. Amma, demək olar, 15 il ötüb, referendum isə belə də keçirilməyib. İndi Bağdadın nəzarət etdiyi mübahisəli torpaqlarda hələ Səddam Hüseynin yürütdüyü “ərəbləşmə” siyasəti baş verir: kürdlər uydurma bəhanə altında öz torpaqlarından qovulur, ərəb əhali ilə əvəzlənir. Bəllidir ki, belə tədbirlərin hədəfi qısamüddətli perspektivdə, nəticələri Bağdadı qane edəcək referendum keçirmək üçün şərait yaratmaq, uzunmüddətli perspektivdə kürdləri bu torpaqlara iddialardan həmişəlik məhrum etməkdir.

İraq Kürdüstanının yeni prezidenti bu problemə diqqət ayrımaq xahişilə  artıq BMT Baş katibi Antoniu Quterrişə məktub göndərib.

Yeni kürd lider yuxarıda səsləndirilən problemlərin hamısını həll edə bilsə (təkrar edirəm, fikrimcə, bunları həll etmək, demək olar, mümkünsüz olsa da, son dərəcə çətindir), onda onun qarşısında yeganə, kürd xalqının artıq yüz ildən çox arzuladığı ən başlıca vəzifə qalacaq. Mustafa Bərzaninin nəvəsi bunu həll edə bilərmi? Zaman göstərər.

Tərcümə Starteq.az-ındır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …