Ana səhifə / Araşdırma / Qətlə yetirilən qara kəmər ustasının qanını batırmaq istəyənlər kimlərdi?

Qətlə yetirilən qara kəmər ustasının qanını batırmaq istəyənlər kimlərdi?

Prezident İlham Əliyevin yanvarın 26 – da keçirdiyi müşavirədə səsləndirdiyi ilginc fikirlər, məmurlara sərt xəbərdarlıq etməsi və onlara vətəndaşları dinləmələri, heç bir halda incitməmələri barədə tapşırıqlar verməsi bu günədək məmur qapılarında ədalət axtarışına çıxsa da xəyal qırıqlığına uğrayan milyonlarla vətəndaşın sönmüş qəlbində yeni ümid qığılcımlarının baş qaldırmasına səbəb olub.
Elə bu səbəbdən də haqsızlıqla üzləşən, hüquqları pozulan Gəncə sakini Əli Rüstəmov prezidentin müşavirədəki çıxışının təsiri altında Moderator.az-a növbəti şikayət məktubunu ünvanlayıb…
Əli Rüstəmov adı saytımızın oxucularına tanışdır. Belə ki, sinəsinə oğul dağı çəkilmiş Əli Rüstəmov iki ildir qətlə yetirilən övladının qatillərinin cinayət məsuliyyətinə cəlb edilərək haqq etdikləri cəzanı alması üçün gecəsini gündüzünə qataraq istintaq orqanlarından ədalətli mövqe sərgilənməsini tələb etsə də hər dəfə məmur özbaşınalığının, saymazyana davranışın aşağılayıcı təsiri altında mənəvi işgəncələrə məruz qoyulub.
Dəyərli oxuculara xatırlatmaq yerinə düşər ki, onun oğlu Kamal Rüstəmov karate üzrə qara kəmər sahibi olmasına baxmayaraq 2014-cü ilin sentyabrın 5-də keçmiş qaynı Ürfan Rzayev tərəfindən iş yerində qətlə yetirilib. Amma mərhumun atası və vəkilləri iddia edir ki, pəhləvan cüssəli Kamal Rüstəmovu ondan qat-qat zəif bədən quruluşuna malik Ürfan Rzayev təklbaşına qətlə yetirə bilməzdi və bu səbəbdən də onu bir deyil, bir neçə nəfər əlbir olaraq öldürüblər. Amma Kamal Rüstəmovun atası Əli kişinin çoxsaylı cəhdlərinə, mətbuatda dəfələrlə işıqlandırılan müraciətlərinə, bir neçə dəfə baş prokurorun, idarə prokurorlarının qəbulunda olmalarına rəğmən, cinayət işinin istintaqını aparan Göygöl rayon prokurorluğu bu iddianı qəbul etməyərək öz bildiyini etməklə işi birtərəfli araşdırıb Gəncə Ağır Cinayətlər Məhkəmsinə göndərib. Məhkəmə istintaqı zamanı zərərçəkmişlərin qaldırdığı vəsatətlər təmin olunaraq qətl töprədilən yerdən və paltarlardan götürülmüş qan nümunələri Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərilib, həmin qurumdan gələn cavabsa zərərçəkmişlərin haqlı olduğunu isbatlayaraq istintaqın nəticələrini alt – üst edib. Bəlli olub ki, hadisə yerində iki deyil, daha çox qan nümunələri olub. Bu isə hadisənin ən az üçüncü iştirakçısının da mövcudluğunu (Ürfan Rzayevin xəsarətləri olsa da zərərçəkmişlər iddia edir ki, o cinayətin izini azdırmaq və cəzasını yüngülləşdirmək üçün qətli törədəndən sonra hadisə yerində özünə həmin bıçaqla yüngül xəsarət yetirib, daha doğrusu, bunu onun hadisə yerində olan dostlarından biri edib) ortaya qoyub. Amma maraqlıdır ki, zərərçəkmişlərin israrlı xahişlərinə və vəsatətlərinə baxmayaraq məhkəmə işi başqa bir rayon prokurorluğöuna və ya baş prokurporluğa deyil, yenidən Göygöl rayon prokurorluğuna göndərib. Əli rüstəmov iddia edir ki, Göygöl rayon prokurorluğu ötən müddət ərzində oğlunun qanının batırılm ası üçün mümkün olan hər şeyi edib və buna görə də Gəncəbasarda biznesmen kimi tanınan qatilin atası istintaqı aparan müstəntiq Rövşən Əmrahovun xəcalətindən artıqlaması ilə çıxıb.
Nəhayət, Göygöl rayon prokurorluğu ikinci dəfə istintaqı başa çatdıraraq işi yenidən Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərib və bu dəfə də zərərçəkmişlərin nigarançılığına səbəb olan proseslər yaşanıb.
Əli Rüstəmov iddia edir ki, dövlət ittihamını müdafiə edən prokuror hər vəchlə Ürfan Rzayevi müdafiə edərək onun cinayətini yüngülləşdirmək üçün əlindən gələni əsirgəmir. Belə ki, istintaq iddia edir ki, Kamal Rüstəmovun yarasının dərinliyi kiprit qutusu uzunluğunda olub və heç bir oyuq yoxdur:
“Əgər elədirsə niyə mənim köynəyim onun oyulmuş yarasına tamam yerləşdi? Axı niyə istintaq oğlumun qanını batırmaq üçün bu qədər haqsızlığa və ədalətsizliyə rəvac verir? Bunlar qanundan, prezidentin qəzəbindən çəkinmədiklərini ortaya qoyublar, bəs heç Allahdandamı qorxmurlar? Ürfan Rzayevin atası Tapdıq Rzayev pul gücünə oğlumun qanını batıracağınımı düşünür? Qoy düşünsün. Amma mən son nəfəsimədək ədalətin qələbə çalmasına və oğlumun qətlində günahkar olan hər kəsin mühakimə olunacağına çalışacam. Fürsətdən istifadə edərək baş prokuror Zakir Qaralova növbəti dəfə müraciət edərək Göygöl Rayon prokurorluğunda cinayət işinin birtərəfli aparıldığını ifşa etmək üçün yoxlama göndərməyi xahiş edirəm. Ümid etmək istəyirəm ki, gec də olsa ədalət qələbə çalacaq və cinayətin bütün iştirakçılarının məsuliyyətə cəlb olunmasıyla heç olmasa oğlumun ruhunun rahatlıq tapmasıyla təsəlli tapacam”.
moderator.az

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın