Şənbə , Dekabr 5 2020
Ana səhifə / Araşdırma / Qəbir yeri qiymətlərində müsəlman-xristian ayrı-seçkiliyi

Qəbir yeri qiymətlərində müsəlman-xristian ayrı-seçkiliyi

Niyə qəbir yeri müsəlmanlar üçün 63, qeyri-müsəlmanlar üçün 79 manatdır?

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Tresti dəfn xərclərinə aydınlıq gətirərək, qəbir yerləri üçün müəyyən olunmuş dövlət rüsumlarını açıqlayıb. “Bakıda qəbiristanlıqlarda qəbir yerləri üçün təyin olunmuş dövlət rüsumu var. Dövlət rüsumu müsəlman qəbirləri üçün 63 manat, qeyri-müsəlman qəbirləri üçün isə 79 manat təşkil edir”. Bunu “Report”a açıqlamasında Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib.

O bildirib ki, rüsuma tikinti materialının qiyməti daxil deyil: “Tikinti materialını ya biz alıb veririk və pulunu alırıq, ya da bunu mərhumun yaxınları edir. Tikinti materialının tərkibinə 58 ədəd mişar daşı, 3 kisə sement, 6 ədəd Əlhəd daşı, qum və fəhlə pulu daxildir. Ümumi məbləğ bazar qiymətinə görə təyin edilir”.

Bu məsələdə diqqət çəkən əsas məqam isə qəbir yerləri üçün tətbiq olunan rüsumda müsəlman və qeyri-müsəlmanlar arasında ayrı-seçkilik edilməsidir. Nə üçün qeyri-müsəlman şəxs dəfn yeri alarkən müsəlmanlardan 16 manat daha artıq ödəməli olur?

“Yeni Müsavat” olaraq bu sualla Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənovla əlaqə saxladıq. O bildirdi ki, bu rəsmi dövlət rüsumudur və bütün qəbiristanlıqlarda yazılıb vurulub: “Ölən şəxsin kimliyi əsasında onun hansı dinə mənsub olduğu,   xristian, yəhudi və ya müsəlman olduğu müəyyən olunur. Xristian və yəhudilərdə ölü tabutla birlikdə dəfn olunduğu üçün qəbir daha geniş qazılır. Bu səbəbdən də daha böyük qəbir yerini əhatə edir. Dövlət rüsumunun bir qədər artıq olması da bununla əlaqədardır”.

Qeyd edək ki, qeyri-müsəlmanlardan fərqli olaraq müsəlmanlar yalnız kəfənlə dəfn olunur və belə olan halda daha kiçik qəbir yeri qazılır. Bu səbəbdən dövlət rüsumunda da müvafiq fərq nəzərə alınıb.

İlahiyyatçı Samir Ağayev ile ilgili görsel sonucu

İlahiyyatçı Samir Ağayev isə “Yeni Müsavat”a açıqlamasında müsəlmanlar və qeyri-müsəlmanların dəfn qaydalarındakı fərqdən danışdı: “Fərq o qədər də böyük deyil, həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər qəbir qazaraq ölülərini torpağa dəfn edirlər. Lakin müsəlman qaydalarına görə, meyid üzü qibləyə dəfn olunmalıdır. Ayaq tərəfi günçıxan tərəfdə, başı isə günbatan tərəfdə. Sağ çiyni üstə qəbirə qoyulur, sinəsi, üzü qibləyə doğru olur. Xristianlarda isə bu fərqlidir. Baş tərəf günçıxan tərəfə, ayaq günbatan tərəfə. Qəbirlərin geniş qazılması isə tabutla bağlıdır. Qeyri-müsəlmanlar ölünü tabutla birgə dəfn edirlər. Tabut isə daha böyük yer tutduğu üçün qəbir geniş qazılmalıdır. Müsəlman adətində isə ölü kəfənlə dəfn olunur və o qədər geniş yerə ehtiyac olmur”.

İlahiyyatçının sözlərinə görə, müsəlmanların dəfn qaydalarına ölüyə qüsl verilməsi və cənazə namazının qılınması kimi ayinlər də daxildir: “Müsəlmanda ölüyə qüsl verilir. Kafur və sidr adlanan maddələr var ki, onlar suya qarışdırılır,  həmin su ilə qüsl verilir. Bundan sonra hənut edilir. Yəni kafur maddəsi ilə onun 7 səcdə əzalarına – alın, əllərin içi, dizlərin gözü və ayağın baş barmaqlarına vurulur. Daha sonra kəfənlənir. Bundan başqa dəfndən öncə cənazə namazı qılınır. Xristianlar da öz ayinlərinə uyğun icra edirlər, onlarda da ölü yuyulur, kostyum geyindirirlər, tabuta qoyurlar və daha sonra dəfn edirlər”.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …