Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə saxtakarlığında ittiham olunan “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Azad Məcidov sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək Q.Rəhimovun 7 il azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi iyunun 8-nə kimi təxirə salınıb.
İttihama görə, vətəndaşlar 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar.
Araşdırmalar zamanı MMC-nin direktoru Q.Rəhimov çoxmərtəbəli yaşayış binasındakı mənzilləri aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıb. Bu yolla 29 nəfər zərərçəkənə 305 min manat məbləğində ziyan vurulub.
O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
İstintaq dövründə Q.Rəhimov barəsində heç yerə getməməklə bağlı iltizam alınıb.