Ana səhifə / Araşdırma / Prokuror sabiq hakimi türmədə saxlamağı tələb edir

Prokuror sabiq hakimi türmədə saxlamağı tələb edir

Bu gün Gəncə Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyevin, habelə Elman Məmmədov və Taleh Süleymanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin apelyasiya şikayətinin təmin edilməməsini, hökmün qüvvədə saxlanılmasını istəyib.

Növbəti məhkəmə iclası dekabrın 21-nə təyin edilib.

Xatırladaq ki, 2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ötən ilin fevral ayında xitam verilib. Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Ramazan Səlimov

Buna səbəb Ramazan Səlimov adlı şəxsin iddiası olub. R.Səlimov iddia edib ki, sabiq hakim ondan vəzifəyə düzəltmək vədi ilə 600 min manat pul alaraq qaytarmayıb.

Sabiq hakim isə ona elan olunmuş ittihamlarla nə istintaq zamanı, nə də məhkəmə prosesində razılaşmayıb, bütün bu olayların ona qarşı qurulmuş bir oyun olduğunu deyib.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Məmmədov 8 il, Taleh Süleymanov 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə azadlıqda olan Həsən Əliyevin barəsində isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. O, məhkəmə zalında həbsə alınıb. Həmçinin Ramazan Səlimovun Həsən Əliyevə qarşı qaldırdığı mülki iddia təmin edilib və Həsən Əliyev iş üzrə mülki cavabdeh kimi tanınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Həmçinin zərərçəkmiş Ramazan Səlimovun müdafiəçisi Iradə Cavadova da apelyasiya şikayəti verib. O, dəymiş ziyana görə təqsirləndirilən şəxslərdən əlavə maddi təzminat istəyib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın