Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Praqada öldürülən iş adamının nəşi bu gün Bakıya gətiriləcək – müəmmalı qətlin istintaqı davam edir

Praqada öldürülən iş adamının nəşi bu gün Bakıya gətiriləcək – müəmmalı qətlin istintaqı davam edir

Ötən 10 gündə Rəşad Qafarovun qətlinin üstünü açmaq mümkün olmayıb; müəmmalı qətlin istintaqı davam edir

Bizneslə məşğul olduğu Çexiyanın paytaxtı Praqada iyunun 30-da öz avtomobilində ölü tapılan azərbaycanlı iş adamı, “TERN Transport & Trading CZ” şirkətinin baş direktoru Rəşad Qafarovun nəşi bu gün Bakıya gətiriləcək.

R.Qafarov Bakının Bilgəh qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq. Hazırda iş adamının qətli ilə bağlı istintaq davam edir. Saxlanılanlar olsa da, onların kimlikləri açıqlanmır. İstintaq saxlanılanların qətlə aidiyyətlərini araşdırır. Saxlanılanlar arasında azərbaycanlıların olub-olmaması haqda məlumat yoxdur. Bilinən odur ki, həmin şəxslər Çexiyanı tərk edə bilməzlər. Qətldən 10 gündən artıq vaxt keçsə də, motivi aydınlaşmayıb. Qanlı cinayətin R.Qafarovun işgüzar fəaliyyəti və ya şəxsi münasibətlər zəminində baş verməsi müəyyənləşməyib.

R.Qafarovun müavini olmuş Mübariz Süleymanov “Yeni Müsavat”a açıqlamalarında bildirib ki, şirkət rəhbərinin hər hansı bir problemi olmayıb, onun qətlinin işgüzar fəaliyyəti ilə əlaqəsinin olmasına inanmırlar: “Bilirəm ki, bu məsələnin işlə bağlılığı yoxdur. Çünki işdə hər hansı problem yox idi. İşlər yaxşı gedirdi, daşımalarla bağlı öhdəliklər problemsiz yerinə yetirilirdi. Rəşad Qafarov çox gözəl insan idi. Ona toxunmasaydılar, o kimsəyə toxunmazdı. Rəşad işçilərinə arxa-dayaq idi. Çexiyada 14-15 nəfər, Azərbaycanda 33 nəfər işçi vardı. Hər kəslə doğma münasibəti vardı. Kimsənin problemi olurdusa, dərhal ona heç bir təmənnasız köməklik olunurdu. Bizlər onun qazandırdığı çörəyi yeyirdik”.

M.Süleymanov R.Qafarovun rəhbərlik etdiyi şirkətlərin Azərbaycanda məhkəmələrə cəlb olunması ilə bağlı sualı belə cavablandırmışdı. Sitat: “Vaxtilə şirkətlərdə onun şəriki vardı. Şəriki dostu-tanışı idi. Sonradan şirkətdən hərə öz payını götürüb ayrıldı. İş məhkəməyə gedib çıxmadı. Hərə öz payını götürüb işinə davam etdi. Onun Amerikada olan ərəfədə başqa adamlarla söz-söhbəti olmuşdu. Amma həmin söz-söhbət də elə qlobal səviyyədə deyildi. Nə bilək vallah, nə baş verib”.

Qeyd edək ki, R.Qafarov “TERN Transport & Trading CZ” və “TERN Transport & Trading AZ” şirkətlərinə rəhbərlik edib. Birinci şirkət əsasən Avropa ərazisində beynəlxalq yükdaşımaları, ikincisi isə Azərbaycanın yerli və beynəlxalq yükdaşımalarını həyata keçirməkdədir. R.Qafarov ötən 10 ildə Çexiyada yaşayıb. 2 övladı, həyat yoldaşı da orada yaşayıb. Övladları orada təhsil alır. Şirkətləri beynəlxalq yük daşımaları ilə məşğul idi. İngiltərədən Çexiyaya, Çexiyadan İtaliyaya, Azərbaycana və digər ölkələrə yüklər daşınıb.

İyunun 30-da R.Qafarovu görüşə çağırıblar. Görüşə çağırılanda telefon söhbətinin şahidi olan həyat yoldaşı hər hansı bir qeyri-adilik hiss etməyib. R.Qafarov görüşə gedəndən az sonra onu Praqa şəhəri, Argentinskaya küçəsində öz maşınında cansız vəziyyətdə aşkarlayıblar. Məhkəmə tibb ekspertləri onun bədənində 5 bıçaq xəsarətinin izini aşkarlayıb. Hazırda istintaq bu məsələni araşdırır ki, ona həmin xəsarətləri maşında yanında əyləşən şəxs yetirib, yoxsa hadisə maşından kənarda olub. İlkin qənaətlərə görə, hadisə maşından kənarda baş verib. R.Qafarov ona bıçaq xəsarətləri yetiriləndən sonra idarə etdiyi maşının sükanı arxasına keçə bilib. Lakin həddən ziyadə qan itirdiyindən halsızlaşıb deyə maşını idarə edə bilməyib. Buna görə də evə və ya xəstəxanaya özünü çatdıra bilməyib və dünyasını sükan arxasında dəyişib.

R.Qafarovun 40 yaşı vardı. İşə Azərbaycanın prokurorluq orqanlarında başlamışdı. Çexiyada və Azərbaycanda öz sahəsində kifayət qədər tanınmış biznesmen olub. O, hazırda fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin məzunudur, bundan əvvəl “Panalpina” beynəlxalq loqistika şirkətinin regional nümayəndəliyində işləyib. Sonuncu vəzifəsi “TERN Transport & Trading CZ” şirkətinin baş direktoru vəzifəsi idi. Çexiyanın şirkətlər reyestrində yer alan məlumata görə, bu şirkətin səhmdarları Rəşad Qafarov və Dilara Qafarovadır. “TERN Transport & Trading” şirkətinin saytında göstərilənlərə əsasən bu şirkət 2008-ci ildə yaradılıb, hava, dəniz, dəmiryolları və avtomobil daşımaları ilə loqistik xidmətlərin tam kompleksini təklif edir. Şirkətin ilkin yükdaşıma marşrutu Azərbaycandan olsa da, o, tezliklə fəaliyyətini genişləndirib, Çexiya, Böyük Britaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Türkiyədə filiallar şəbəkələri, anbarlar yaradıb. Şirkət hazırda Avropanın avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsində liderlərindən biridir. Saytda göstərilir ki, şirkət dünyanın istənilən bir nöqtəsindən istənilən başqa nöqtəsinə yükləri çatdırmağa hazırdır. Yükdaşımalardan əlavə, şirkət yüklərin qısa və uzunmüddətli saxlanılmasını, yüklərin idarə edilməsini, gömrük xidmətlərini, sığorta və digər məsələləri də həll edir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın