Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / “Polis rəisi söz verdi ki, oğru mütləq tapılacaq” – Mərhum icra başçısının oğlu

“Polis rəisi söz verdi ki, oğru mütləq tapılacaq” – Mərhum icra başçısının oğlu

“Atam Sərdar Həmidovun rəhmətə getməsi ilə evimizin qarət olunmasının üst-üstə düşməsi barədə mən sizə tam açıq danışa bilməyəcəm. Mənə elə gəlir ki, bu, adi oğurluq hadisəsi deyil.  Müəyyən məsələlər barədə də polis orqanlarına məlumat vermişəm. Hal-hazırda araşdırma getdiyinə görə bu barədə tam açıqlama verə bilmərəm”.
Bu sözləri Modern.az saytına açıqlamasında Tərtər rayonunun keçmiş icra başçısı Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadə deyib.
Şəhriyar Məcidzadə Tərtərdəki ata-baba evlərinin yarılması və oradan oğurluq edilməsi ilə bağlı rayon polis rəisinin qəbulunda olduğunu deyib:
“Evin yarılması ilə bağlı çox prinsipial araşdırma gedir. Bu məsələyə görə özüm şəxsən Tərtər rayon Polis Şöbəsinin rəhbərliyi ilə də görüşmüşəm. Mənə söz veriblər ki, məsələ çox ciddi şəkildə araşdırılacaq və təqsirkar şəxs müəyyən ediləcək.
Biz hamıya qarşı yaxşı olmuşuq, heç kimə pislik etməmişik. Ora mənim ata-babamın evi olub. Babam və atam hər zaman rayonda, kənddə yaşayan insanlara xoş münasibət göstəriblər.
Mən düşünmürəm və ağlıma gəlməz ki, kimlərinsə bizə və bizim nəslə qarşı hər hansı kini, məkri olsun və buna cəsarət etsinlər. Ona görə də mənim konkret olaraq ağlıma gələn bir şəxs yoxdur.
Daxili işlər orqanları da bu işdə prinsipialdırlar. Mən bunu Polis Şöbəsində də görüm, güman ki, oğru tezliklə müəyyən olunacaq”.
Mərhum Sərdar Həmidovun oğlu onu da deyib ki, bu hadisədə onlara dəyən maddi ziyan deyil, mənəvi zərər əsasdır:
“Məsələ sadəcə olaraq oğurluq və maddi ziyan məsələsi deyil. Əsas odur ki, belə bir zamanda bizə mənəvi zərbə vurublar.
Evdən oğurlanıb aparılan əşyalara gəlincə, oboy, kafel olub – ev təmirinə lazım olan şeylər aparılıb. Evdə yaşayış olmayıb, qonşular da bu hadisənin baş vermə anını görməyib. Mənim atam icra başçısı vəzifəsində işləyəndə, vəzifədən çıxanda və hətta babam da rəhmətə gedəndən sonra heç vaxt o evə girən olmayıb”.
Qeyd edək ki, keçmiş Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı, Tərtər rayonunun keçmiş icra başçısı mərhum Sərdar Həmidovun Tərtərdəki evi qarət olunub.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın