Ana səhifə / Araşdırma / Polisə çağırıb evini uçurdular – Fotolar

Polisə çağırıb evini uçurdular – Fotolar

“Polisə müraciət etdik və bizi MTK əməkdaşları ilə razılaşma üçün görüşə dəvət etdilər. 20 dəqiqə sonra geri qayıdanda artıq evimiz tamam uçurulmuşdu”.

Bu sözləri Səbail rayonu, Xanlar küç. 59 ünvanında yaşayan vətəndaş Kagina Tatyana “Qafqazinfo”ya şikayəti zamanı deyib. O bildirib ki, evin sökülməsi ilə bağlı bir neçə dəfə Mahal MTK əməkdaşları ilə görüşsələr də, hər hansı bir razılıq əldə olunmayıb. Nəticədə onlar icazəsiz olaraq sakinin evini söküb:

“Sənədlərim, mülkiyyətimə dair hər şeyim var. Bu sadəcə özbaşınalıqdır. Biz kömək üçün polisə müraciət edirik, polis isə MTK ilə əlbir olub bizi evsiz qoyur. Evimiz söküldükdən sonra bizi görüşə dəvət edirlər ki, razılaşma əldə olsun”.

Şikayətçinin vəkili Azər Rəhimov bildirib ki, məsələylə bağlı Daxili İşlər Nazirliyinə, Prakrorluğa müraciət ediləcək: “Fakt odur ki, vətəndaşın mülkiyyət hüququnu təsdiq edən sənədi, çıxarışları, digər bütün sənədləri qaydasındadır. Kompensasiya ilə bağlı danışıqlar getdiyi ərəfədə razılıq alınmadan əvvəlcə işıqlar söndürülmüşdü, sonra da ev icazəsiz uçurdulub. Hazırda ödəniləcək pulla bağlı heç nə deyilmir. Sadəcə olaraq bir dəfə sökəndən sonra MTK nümayəndələri zəng vurub ki, gəlin müqavilə bağlayaq. Söküntü dövlət tərəfindən həyata keçirilsə də, yenə razılıq alınmalıdır. Prezidentin də xüsusi tapşırığı var ki, söküntü işləri vətəndaşların mənafeyi nəzərə alınmaqla aparılmalıdır. Ancaq burada hansısa yolla polisi də cəlb ediblər. Vətəndaş hüquqlarının müdafiəsi üçün polisə müraciət edir, ancaq polisin əli ilə evdən çıxarılır və mənzil sökülür. Ciddi məsələdir və bununla bağlı Daxili İşlər Nazirliyinə, prokrorluğa müraciət edəcəyik”.

“Qafqazinfo”nun əməkdaşı məsələylə bağlı “Mahal” MTK ilə əlaqə saxlayıb. MTK-nın icraçı direktoru Mahal Güləliyev bildirib ki, ətrafdakı 40 ailə ilə razılıq əldə olunsa da, 59 ünvanında yaşayan ailə 3 mənzil verilmədiyi təqdirdə evdən çıxmayacaqlarını deyib:

“Evin sahəsi 53 kv/m-dir və onlar bizdən hər kvadrata 4000 manat pul tələb edirlər. Evdə 3 qız, bir ana yaşayır. Tələb edirlər ki, hər qıza bir ev verilməlidir. Sahə müvvəkkili, inspektor, bölmə əməkdaşları ilə birlikdə evə baxış keçirilib. Evdə bir şey qalmayıb, hamısı sökülüb aparılıb. Akt tərtib olunub, həmin yerdə biz onlara tam təmirli 82 kv/m-lik bir mənzil təklif etmişik. Ancaq onlar yenə də 3 ev tələb edirlər. Artıq işıq, su kəsilib və hər hansı bir hadisə olsa, şirkət cavabdehdir. Sakinlər bütün istəklərini MTK vasitəsilə həll etməyə çalışırlar”.

 


Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın