Ana səhifə / Araşdırma / Pivə qonaqlığı, şit zarafat, bıçaq zərbələri, 6 il həbs…

Pivə qonaqlığı, şit zarafat, bıçaq zərbələri, 6 il həbs…

Bakı Ağır Cinayətlər Məhkəməsində Siyəzən şəhər sakini, 1977-ci il təvəllüdlü Zöhrab Muradovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Eynulla Vəliyev sədrlik edib.

İstintaq yolu ilə müəyyə edilib ki, Zöhrab Muradov 16 avqust, 2014-cü ildə yaşadığı Siyəzən şəhəri, T.İsmayılov küçəsi, 49 saylı binanın həyətində qonşu Ramin Bayramovla mübahisə edib.

Sərxoş qonşular arasında yaranan mübahisə qansız ötüşməyib. Qonşusunun onu təhqir etməsinə dözməyən Zöhrab Muradov bıçaqla Ramin Bayramova zərbə endirib. Yaralı təcili olaraq xəstəxanaya aparılıb.

Törətdiyi əmələ görə isə Z.Muradova qarşı Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə ittiham irəli sürülüb. Barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində məhkəmədə dindirilən Z.Muradov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində hadisə baş verən gün gecə saatlarında toydan evə qayıtdığını, mağazadan pivə aldığını və həyətdə oturub içməyə başladığını göstərib: “Qonşum Ramin yanıma gəldi, mənimlə birlikdə pivə içdikdən sonra yersiz zarafatlar eləməyə başladı. İradımı bildirdim, məhəl qoymadı və əlindəki pivəni köynəyimin üstünə atdı. Mən də eynən onun kimi elədim. Sonra da evə gedib bıçaq götürdüm və Ramini vurdum”.

Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Ramin Bayramov təqsirləndirilən şəxsi bağışladığını deyib: “Qonşularım Zöhrab, Bəşir və Samir həyətdə oturub pivə içirdilər. Məni də dəvət etdilər. Onlarla birlikdə bir şüşə pivə içəndən sonra Zöhrab mənimlə nalayiq zarafatlar etməyə başladı. Bu səbəbdən də mübahisəmiz yarandı. Əlimdə olan pivəni onun üstünə atdım. Bəşirgil bizi sakitləşdirdilər. Zöhrab da evinə getdi. Amma beş dəqiqədən sonra geri qayıdıb qəflətən bıçaqla məni vurdu. Səs-küyə həyat yoldaşım məhəlləyə çıxdı. Qardaşım məni xəstəxanaya apardı.

Zöhrabı bağışlayıram, ona qarşı heç bir şikayətim və tələbim yoxdur”.

Məhkəmənin hökmü ilə Zöhrab Muradov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın