Baş Prokurorluğun mətbuat xidmətindən Azinforum.az-a verilən məlumata görə, müəyyən edilib ki, Xızı Peşə məktəbinin vəzifəli şəxsləri tərəfindən öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək məktəbin tədris bazası olmamasına, istehsalat təcrübəsinin faktiki keçirilməməsinə baxmayaraq gözətçi, sürücü, paltarsaxlayan və ocaqçı kimi rəsmiləşdirilən artıq ştat vahidlərinə, əlavə tarifləşdirilmiş dərs saatları verilən, əvəzçiliklə işləyən, habelə şagirdlərin davamiyyəti olmadığı halda qrup jurnallarında əsassız olaraq rəsmiləşdirilmiş pedaqoji işçilərə 47 min 971 manat məbləğində artıq əməkhaqqı ödənilib.

Həmin fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.