Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / “Patı” Azərbaycanda istehsal olunduğu üçün geniş yayılıb?

“Patı” Azərbaycanda istehsal olunduğu üçün geniş yayılıb?

Son bir ay ərzində Azərbaycanda narkotikin, xüsusilə “patı” adı ilə tanınan metamfetaminin geniş yayılması, əvvəlki ilə müqayisədə ucuz olması və bu bəlaya düçar olan gənclərin sayının sürətlə artması sosial şəbəkələrdə ciddi müzakirə olunur və vətəndaşlar artıq “SOS” siqnalı verir.

“Qafqazinfo” xəbər verir ki, bu məsələ ilə bağlı artıq yeni iddialar da ortaya atılıb və bu informasiyalar “patı”nın geniş yayılmasının səbəbi kimi təqdim edilir.

15 il narkotik aludəçisi olan Cəlil adlı şəxs bloqqer Nail Kəmərliyə müsahibəsində iddia edib ki, əvvəllər “patı” İrandan qaçaq yolla gətirilirmiş: “İndi isə İrandan bir neçə nəfər gəlib Bakıda qalır. Onların istədiyi və açıq satışda olan 26 maddəni alıb verirsən, 3 gün ərzində 3 kiloqram düzəldib verirlər. Satandan sonra pulunu göndərirsən. Əvvəl qaçaqmalçılıq yolu ilə gələndə “patı”nın qramı 110 manat idi, indi 35-40 manatdır. “Şüşə” də burda düzəldilir. Qızlar da arıqlamağın xətrinə çəkirlər. Nə yatırlar, nə yemək yeyirlər. Çəkəndən sonra iştah olmur, istəsən də yemək yeyə bilmirsən. Sonra da insanı məhv edir, beyin quruyur”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iddia olunan məlumatlar Nazirliyin müvafiq qurumlarının əməkdaşları tərəfindən dəfələrlə hərtərəfli yoxlanılıb: “ Narkotik vasitə istifadəçiləri arasında “patı”, “şüşə” adlanan, psixotrop maddə olan metamfetaminin Azərbaycanda istehsal olunması ilə bağlı iddialar öz təsdiqini tapmayıb, bunlar hamısı cəfəngiyyatdır. Qəti şəkildə psixotrop maddə olan metamfetaminin ölkə ərazisində guya istehsal olunmasına dair sosial şəbəkələrdə yayılan həqiqətə uyğun olmayan məlumatlar tərəfimizdən təkzib edilir. Bu informasiyalar xaricdə yaşayan narkotik maddə və psixotrop maddə istehsalı ilə məşğul olan şəxslər tərəfindən qəsdən yayılır. Çünki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz yolla ölkəyə daxil olmasına və dövriyyəsinə qarşı qətiyyətli mübarizə tədbirləri daha da gücləndirilib. Narkotik vasitələrin ölkə ərazisində yayılmasına, satışına qarşı əməliyyat tədbirləri bu gün polis əməkdaşları tərəfindən sərt şəkildə aparılır. Həmin əməliyyatlar barədə mütəmadi olaraq informasiyalar ictimaiyyətə təqdim edilir.

Fotoda: polis mayoru Anar Qafarov

Bunun nəticəsində xaricdə yaşayan narkotik alverçiləri ölkə daxilində onların maraqlarına xidmət edən narkokuryerlər tapmaqda çətinliklərlə rastlaşırlar. Buna görə də onlar, yəni xaricdə yaşayan narkotik maddə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslər bu maddələrin satışından əldə etdikləri gəlirlərinin azalmasını belə gözə alaraq “patı” adlanan metamfetaminin qiymətini qəsdən aşağı salırlar ki, bu maddələr mümkün qədər geniş yayılsın və özlərinə ölkə ərazisində narkokuryer tapa bilsinlər.

Bir məqamı da qeyd edək ki, Nazirliyin mütəxəssisləri tərəfindən daim sosial şəbəkələrdə narkotik vasitələr təklif edən və xaricdən idarə olunan səhifələrə daim xüsusi texniki tədbirlərlə nəzarət edilir. Sosial şəbəkələrdə xaricdəki narkotacirlərin təkliflərinə ölkə ərazisində razılıq verən şəxslər bilsinlər ki, onlara qarşı sərt mübarizə tədbirləri davam etdirilir. Həmin şəxslər polis əməkdaşları tərəfindən ifşa edilir və bundan sonra da ifşa ediləcəkdir”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …