Cümə axşamı , Noyabr 21 2019
Ana səhifə / Araşdırma / Övladlarına aliment ödəməkdən imtina etdi, arvadını yandırdı

Övladlarına aliment ödəməkdən imtina etdi, arvadını yandırdı

Ölkəmizdə boşanan cütlüklərin sayı minlərlədir. Bu cür ailələrin əksəriyyətində uşaqlar maddi və mənəvi sıxıntı içərisində böyüyür. Boşanan ailələrdə məhkəmənin müəyyən etdiyi alimentlərin ödənilməsi isə müşkülə çevrilir. Bununla bağlı problemlərin doğurduğu acı nəticələr uşaqların həyatında silinməz izlər buraxır, onların gələcəyinə təsirsiz ötüşmür.

Söhbət açacağımız məqalədə aliment ödəməyən atanın keçmiş arvadına qarşı törətdiyi cinayətdən gedir. Psixoloqların fikrincə, ailədaxili zorakılığın səbəbləri ailə üzvləri arasında anlaşılmazlıq, məsuliyyətsizlik, fiziki və ruhi problemlər, şəxsiyyət pozğunluqları, maddi problemlər, xəyanət, spirtli içki və narkotik vasitələrdən asılılıq, depressiya anlayışlarıdır. Boşanmış cütlüklər arasında isə bu cür zorakılıqlara daha tez-tez rast gəlinir.

Bakı Ağır Cinayətlər Məhkəməsində Göygöl rayon sakini 35 yaşlı Ceyhun Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

İstintaqla müəyyən edilib ki, Ceyhun Zeynalov 29 oktyabr 2016-cı ildə səhər saatlarında Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki körpünün yaxınlığında keçmiş həyat yoldaşı, 29 yaşlı Arzu Zeynalova ilə mübahisə edib. Keçmiş arvadının uşaqlarına müəyyən edilmiş alimenti ödəməməsinə iradı Ceyhun Zeynalovu özündən çıxarıb. O, plastik qabda gətirdiyi benzini Arzunun üstünə tökərək ona od vurub. Qonşuluqda yaşayan taksi sürücüsünün köməkliyi ilə Ceyhun alovu söndürüb və Arzu Zeynalovanı xəstəxanaya çatdırıb.

“Qardaşlarına qoşulub Suriyaya gedəcəyini deyirdi”

Təqsirləndirilən şəxs qismində dindirilən Ceyhun Zeynalov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində Arzu Zeynalova ilə 2006-cı ildə ailə həyatı qurduğunu, birgə nikahdan iki övladlarının dünyaya gəldiyini, hadisədən bir müddət öncə ayrıldıqlarını, buna ailədaxili mübahisənin səbəb olduğunu göstərib. Belə ki, 2016-cı ilin əvvəlində ər-arvad arasındakı yaranan gərginlik kəskin həddə çatıb: ”Hadisədən 9 ay əvvəl aramızda mübahisə düşmüşdü. Yuxudan oyananda Arzunu evdə tapmadım, anasıgilə getmişdi. Zəng vurub xəstələndiyini söylədim. Həmin gün axşam saat təxminən 16-17 radələrində evə gəldi. Ona dedim ki, paltarlarını götür, keç uşaqların otağına, oradan bayıra çıxma”.

C.Zeynalovun ifadəsinə görə, Arzuya iradı cavabsız qalmayıb. Qadın ona sözünə baxmayacağını və yaxın günlərdə qardaşlarına qoşulub Suriyaya gedəcəyini söyləyib: “Dedi ki, qardaşlarım Suriyaya gedir, onlara qoşulub mən də gedəcəyəm. Həmin gün evə tək gəlmişdi, uşaqları anasıgildə qoymuşdu. Uşaqları gətirmək adı ilə evdən çıxsa da, həmin gündən sonra bir daha geri qayıtmadı. Ertəsi gün işdən gələndə gördüm ki, Arzunun anası ilə bacısı evin əşyalarını ortalığa yığıblar. Onların bu hərəkətinə əsəbləşib hər ikisini evdən qovdum”.

 

Boşanma qərarı

Bir neçə gündən sonra C.Zeynalovu Xətai rayon məhkəməsinə çağırıblar. Orada Ceyhuna məlum olub ki, arvadı boşanmaq üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Çağırılmasının səbəbi həm də uşaqlara aliment kəsilməsi ilə bağlı olub.

C.Zeynalov məhkəmədən vaxt istəyib. Bundan sonra bir daha onu məhkəməyə çağıran olmayıb.

 

“Uşaqları da özləri ilə Suriyaya aparmaq istəyirdilər”

Söz-söhbətdən uzaq durmaq istəyən Ceyhun bir müddət Göygöl rayonunda yaşayan qohumlarının evinə gedib, qəbiristanlıqda fəhləlik etməklə dolanıb. Günlərin birində isə Gəncə məhkəməsinin icraçıları onun iş yerinə gəliblər:

“Yaxınlaşıb dedilər ki, həyat yoldaşının boşanma istəyi təmin olunub, uşaqların aliment pulu ödənilməyib. Bundan xəbərim olmadığını bildirdim. Xahiş etdim ki, qeydiyyatım Göygöl rayonuna olduğu üçün sənədləri bura göndərsinlər. On gündən sonra Arzunun qardaşları – Vüsal və Vüqar iş yerimə gəlib uşaqlara görə Arzuya etibarnamə verməyimi tələb etdilər. Onlara qəti şəkildə Arzuya etibarnamə verməyəcəyimi dedim. Çünki bildiyimə görə, onlar Suriyaya köçmək istəyirdilər. Uşaqları da özləri ilə aparmaq niyyətindəydilər. Qayınlarımla mübahisəmiz düşdü. Məni hədələyib getdilər”.

“Aliment ödəyə bilmədiyimə görə həbs edildim”

Göygöl rayon məhkəməsinin icra şöbəsinə çağırılan C.Zeynalova bildirilib ki, məhkəmənin qərarı var, hər uşağa görə ayda 134 manat aliment ödəməlidir: “Dedilər ki, yığılan pullar 1800 manat edir. Bu qədər pula gücüm çatmayacağını, 500 manat verə biləcəyimi təklif etdim, razılaşmadılar. İcraçılar inzibati qaydada sənədləşdirib işi məhkəməyə çıxardılar. Göygöl rayon məhkəməsinin qərarı ilə mənə 10 gün inzibati həbs verildi. Həbsdə olanda başa düşdüm ki, qayınlarım məni tutduracaq, uşaqlarımı Suriyaya aparacaqlar”.

 

“Benzini üstünə töküb od vurdum”

On günlük inzibati həbsdən sonra Ceyhun Bakıya gedib Arzu ilə haqq-hesab çəkməyi planlaşdırıb:

“Aylıq məvacibi yığıb Bakıya yola düşdüm. İstəyirdim ki, Arzudan başıma açdığı oyunların haqq-hesabını soruşum. Oktyabrın 29-da səhər təxminən saat 6-da Bakıya çatdım. Avtovağzalda düşəndə taksi sürücüsünə dedim ki, şalvarım bulaşıb, mənə qabda bir az benzin versin. O da 200 qramlıq kapron qabın dibində benzin verdi. Həyat yoldaşımı qorxutmaq niyyətində idim. Qabı alıb Mərdəkana yollandım. Evə tərəf gedərkən Arzu qarşıma çıxdı. Məni görən kimi qaçmaq istədi, arxasınca qaçıb ona çatdım. Məndən nə istədiklərini soruşdum. Məni hədələyərək tutduracaqlarını dedi. Əlimdəki kapron qabın ağzını açıb benzini Arzunun üstünə tökdüm, kibrit çıxarıb yandırdım. Onun alışdığını görüb tez alovu söndürdüm. Könüllü olaraq Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə gedib təslim oldum”.

 

“Ailəyə qarşı soyuq idi, evə baxmırdı”

Zərərçəkmiş Arzu Zeynalova ifadəsində Ceyhunla evliliyinin ilk illərində normal yaşadıqlarını, son üç ildə aralarında ailədaxili narazılıqlar yarandığını göstərib:

“Son illər Ceyhun ailəyə qarşı soyuq münasibət bəsləyirdi, evə baxmırdı, yersiz qısqanclıqlar edirdi, işləmirdi. 2015-ci ilin axırlarında məktəb başlayan zaman evdə şəraitimiz pis olduğundan, Ceyhun məni valideynlərimin evinə qoydu. Uzun müddət uşaqlarla birgə anamgildə qaldım. Hərdən evə təmizlik üçün gedirdim. Ceyhun da deyirdi ki, get atandan pul al gətir, evə bazarlıq edək, uşaqları gətirək. Mən də dedim ki, axı nə vaxta qədər atam bizə baxacaq. Bu sözə görə məni döydü.

Atamgilə qayıdıb Ceyhunun məni döydüyünü onlara dedim. Atam zəng vurub Ceyhunla danışdı, nə baş verdiyini soruşdu. Ceyhun həmin gün axşam qardaşım Daşqınla birlikdə gəldi. Daşqın atamla söhbət edib mənim Ceyhundan boşanmağımı təklif etdi. Etiraz etmədilər”.

“Bu günə qədər də alimenti ödəməyib”

Zərərçəkmişin ifadəsinə görə, ötən ilin aprel ayının 1-də Xəzər rayon məhkəməsinə boşanma ərizəsi ilə müraciət edib. Məhkəmənin qərarı ilə rəsmi qaydada ayrılıblar. Hər uşağa görə Ceyhun hər ay 117 manat aliment ödəməli olsa da, onlar bir daha üz-üzə gəlməyiblər.

Aliment məsələsi ortaya çıxandan sonra Ceyhunun qohumları onları barışdırmağa çalışıb. A.Zeynalova bu günə qədər də Ceyhunun alimenti ödəmədiyini bildirib.

 

“Alov bədənimi bürüdükdə odu söndürməyə başladı”

Ötən ilin oktyabr ayının 29-da səhər tezdən satıcı işlədiyi mağazaya yollanan Arzu Mərdəkan qəsəbəsində körpünün yanındakı keçiddə Ceyhunla rastlaşıb. Ceyhunun onu döyəcəyindən qorxub tələsik taksiyə oturub. Bu zaman Ceyhun da onun arxasınca gələrək taksiyə əyləşib:

“Zob xəstəliyindən əziyyət çəkdiyimə görə, həyəcandan boğulmağa başladım. Ceyhun nə səbəbə ondan aliment istədiyimi soruşdu. Aliment məsələsinə görə on gün həbsdə yatdığını dedi. Ona “bu mənim özüm üçün yox, uşaqların məktəb xərcini ödəmək üçündür” dedim. Alimentdən imtina etməyi tələb etdi. Həmin vaxt onun əlində kapron butılka, içərisində sarı maye vardı. Mayenin nə olduğunu bilmirdim. Ondan qorxduğum üçün alimentdən imtina edəcəyimi söylədim. Ceyhun qabdakı mayeni üstümə tökdü, dartıb maşından çıxartdı. İyindən hiss etdim ki, benzindir. Maşından düşürəndən sonra yerdə qalanı da üstümə səpdi, kibrit çıxarıb od vurdu. Alov bədənimi bürüdü.

Bu zaman Ruslanla Ceyhun məni yaxınlıqdakı gölməçəyə atdılar və alovu söndürməyə başladılar. Alov sönəndən sonra Ruslandan xahiş etdim ki, məni xəstəxanaya aparsın. Amma özünü itirmişdi. Ceyhun məni yola çıxartdı, taksi saxlamağa çalışsa da, heç kim maşın saxlamırdı. Bu vaxt yoldan gələn polis maşını saxlayıb məni xəstəxanaya apardı. Ceyhun yolda hadisəni törətdiyini və təslim olduğunu dedi”.

Məhkəmənin hökmü ilə Ceyhun Rzayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Həmçinin oxuyun

DEPUTATLA MOK-un VİTSE-PREZİDENTİ ARASINDA 500 MİNLİK QALMAQAL – İbrahimovlar onları üz-üzə qoyub

Deputat Adil Əliyev iddia edir ki, 11 il əvvəl mənzil və obyekt almaqdan ötrü yarım …

Bir cavab yazın