Ana səhifə / Araşdırma / Övladları intihar edən məşhurlar

Övladları intihar edən məşhurlar

Onların bəziləri şöhrətin ağırlığını daşıya bilməyib, bəziləri isə depressiyadan sonra intihara əl atıb

Türkiyənin keçmiş naziri Məsud Yılmazın oğlu Yavuz Yılmazın intiharı ilə bağlı xəbər iki gündür ki, əksər xəbər saytlarında yer alıb. Onun ölümü barədə mərhumun işlədiyi universitetdən açıqlama verilib. Açıqlamada Yavuz Yılmazın uzun müddətdir amansız xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

“İcraiyyə komitəsi üzvümüz cənab Yavuz Yılmaz bir müddətdir temporal lob epilepsiyası xəstəliyindən əziyyət çəkərək müalicə olunurdu. Xəstəliyin təbii müddəti ərzində irəliləyən, son dövrlərdə daha da ağırlaşan və iflicə doğru gedən proseslər səbəbindən ağır stress altında idi. Bu mənəvi təzyiqə dayana bilməyərək 16 dekabr 2017-ci il tarixində həyatla vidalaşan Yavuz Yılmazı itirməyin kədəri içindəyik. Xatirəsi və universitetimiz üçün etdikləri hər zaman xatırlanacaq”, – açıqlamada deyilib.

“Yeni Müsavat” yazır ki, ölüm xəbəri yayılan gün ailəsi bunun intihar olması versiyasını qətiyyətlə rədd etsə də, sonradan bunun özünəqəsd olduğu təsdiqləndi. Amma dünya məşhurları arasında belə hekayələri yaşayanlar az deyil. Biz onların hekayəsini sizlər üçün toparlayanda ortaya ilginc həqiqətlərin çıxdığını fərq etdik. Dünya kinosunda, siyasətində, elmində… böyük uğurlara imza atmış şəxslər bir çox hallarda bilmədən, istəmədən övladlarını intiharın qapısına gətirirlər. “Qa”  deyəndə çörək, “qu” deyəndə su… heç də hər zaman övladlara xoşbəxtlik gətirmir. Uşaqlar bir müddətdən sonra maddi nemətlərdən bezir, mənəvi detallara üstünlük verməyə başlayırlar. Məsələn, məşhur və məşğul atasından daha çox diqqət, sevgi, qayğı istəyir. Bunlar olmayanda təsəllini narkotikdə tapır. Iynə, “peredozirovka” və ölüm… Bir çox ssenarilər belədir. Biz fərqli intihar hekayələrinə də nəzər salaq.

Özünü körpüdən atan şair oğlu, gicgahına tapanca dirəyən aktyor oğlu

Türkiyəli şair Ümit Yaşar Oğuzcanın böyük oğlu Vedat 1973-cü ildə Qalata körpüsündən atlanaraq intihar edib. Həmin vaxt onun cəmi 17 yaşı vardı. Bundan öncə də dəfələrlə intihara cəhd etdiyi, amma hər dəfə xilas etdiyi deyilirdi. Atası onun intiharından sonra Qalata körpüsü haqda bir neçə şeir yazmışdı.

Məşhur aktyor Paul Nevmanın oğlu Scott bir ovuc dolusu yuxu dərmanı qəbul edərək intihar edib. Həmin vaxt 28 yaşı vardı. Atasının ona lazımi qədər diqqət göstərməməsindən şikayətlənirdi. Ruhi çöküntünü aşmaq üçün atasından kömək istədi. Ancaq atası Paul Nevman yardıma gələndə çox gec idi.

“Bülbülü Öldürmək”, “Roma tətili” kimi filmlərlə tanıdığımız Qreqori Peckin oğlu Conatan da intihar edənlər arasındadır. Atasının şöhrətinə 30 yaşına qədər dözə bildi. Kölgəsində yaşamaqdan bezmişdi. Kino sahəsində də atasının izi ilə getməyə cəhd göstərmiş, amma ikinci bir Qreqori Peck ola bilməyəcəyini düşünürdü. Bir müddət özünə narkotiklə təsəlli verməyə çalışdı. Amma 1975-ci ildə, televiziya müxbiri olduğu dönəmdə gicgahına tapança dirəyərək intihar etdi.

“Aşk-ı Memnu”nun yazarı Xalid Ziya Uşaklıgil isə 4 uşağından üçünü itirmişdi. İlk iki uşağı körpəliyində xəstəlikdən ölmüşdü. Diplomat oğlu Vedat Uşaklıgil isə səfirlikdə çalışdığı zaman depressiyaya girib intihar etdi. Bu qədər acını daşımaq olduqca çətin idi. Oğlu Vedatın öldüyü il onun intiharını “Bir acı hekayə” adlı əsərində yazdı. Kitab bitəndən sonra da həyata gözlərini yumdu.

“Atamın kölgəsində qaldım… Bir heç olaraq yaşamaqdansa ölməyi seçirəm” deyən məşhur övladı….

Bir dönəmin ən böyük ulduzlarından olan fransız aktyor Çarlz Boyerin oğlu Maykl da 1965-ci ildə nişanlısının gözləri önündə başına tapançanı dirəyib intihar etdi. Onun etirazı isə hər zaman belə idi: “Atam məni çox sevdiyini iddia edirdi. Amma bir dəfə də olsun mənimlə maraqlanmadı. Onu başqaları ilə görməkdən bezdim, usandım. Sevgililərimin hamısı atamın yaratdığı romantik aşiq tipinə heyran idilər. Məni də bu səbəbdən bəyənirdilər. Atamın şöhrəti mənim şəxsiyyətimi ortaya qoymama imkan vermədi. Bir heç olaraq yaşamaqdansa ölməyi seçirəm”.

Fransız kinosunun məşhur sənətçisi Louis Jourdanın oğlu Louis Henry atasının Los-Ancelesdəki villasında biləklərini kəsərək intihar edib. Louis Henry Jourdan ailəsinin tək övladı idi. Məşhur atası, milyardlıq sərvətini oğlunun ayaqları altına sərmişdi. Lakin ona yaxşı ata ola bilməmiş, bir peşəyə yiyələnməsinə, həyata dörd əllə sarılmasına imkan verməmişdi.

Əfsanə aktyor Marlon Brando isə qızı Çeyenneni 1995-ci ildə itirdi. Yaşının 25-də olan Çeyenne depressiya və narkotiklə olan mübarizəsində uduzduğu üçün özünü asaraq intihar etdi.

Həmçinin Robert Taylorun ikinci həyat yoldaşı alman aktrisa Ursula Thiessin oğlu Michael 1969-cu ildə, Ray Millandın oğlu Daniel 1981-ci ildə, Jery Lewisin kiçik oğlu Cozef Lewis 2009-cu ildə yaşamaqdan imtina edən digər məşhur övladlarıdır.

Rauf Denktaşın nəvəsi atasının məzarı başında intihar edib, Adnan Menderesin oğlu isə evdə

Türkiyə kinosunun sultanı olan Türkan Şorayın ögey qardaşı da intihar edənlər arasındadır. Onun atası Halit Şorayın ikinci arvadından olan 34 yaşındakı qardaşı Oktay Şoray 1996-cı ilin avqustunda anası Necla Şorayla yaşadıqları evin 5-ci mərtəbəsindən özünü yerə atmışdı.

Türkiyəli müğənni Emel Müftüoğlunun qızı Çağrı Müftüoğlu 1999-cu ildə, 16 yaşında ikən 6-cı mərtəbədəki evlərinin balkonundan özünü boşluğa atıb. Ancaq uzun müddətli bir müalicə prosesinin sonunda həyata qayıdıb. Çağrı Müftüoğlu bu gün həyatına böyük ümid və şövqlə davam edən bir musiqiçidir. İlk albomu ilə yaxaladığı uğurun dadını çıxarır.

Quzey Kıbrıs Türk Cümhuriyyətinin qurucusu Rauf Denktaşın nəvəsi Can Denktaş isə 18 mart 2013-cü ildə Lefkoşa qəbiristanlığında, atası Raif Denktaşın məzarı başında intihar edib.

Türkiyənin keçmiş baş naziri Adnan Menderesin oğlu Yüksel Menderesin də intiharı Türkiyə tarixindəki qara səhifələrdə yer alıb. O, 1972-ci ilin 1 martında Ankarada, yaşadığı evdə intihar edib. Ankara Universiteti Hüquq fakültəsi və Cenevrədə təhsil alıb, bir müddət millət vəkili olub. İntihar edərkən yazdığı vida məktubunda isə aşağıdakılar yer alıb: “Taleyin bütün cilvələri məni tapdı. Pis hadisələr qarşısında bundan artıq davam gətirə bilməyəcəm. Artıq yaşama gücümü itirdim”,

Türkiyənin xalq musiqisi sənətçisi Rahmi Saltuk ağrıların ən böyüyünü yaşayıb. O, 21 yaşındakı oğlunu itirib. Baran Saltukun 5-ci mərtəbədən yıxılması, yoxsa özünü yerə atması dəqiq məlum deyil. Polisin daha çox intihar variantı üzərində dayandığı bu hadisədə məlum olan tək nəticə gənc bir oğlanın həyatla yollarının ayrılması idi.

Bu övladlar isə intihardan da betərini edib – hərəkətləri ilə atalarını öldürüblər

Amma bəzi məşhur övladları var ki, onlar intihardan da pisini edib. Elə addımlar atıblar ki, bunlar həyatı valideynləri üçün zindana çevirib. Sağlığında bir cür söydürüblər atalarını, öləndə ruhlarını başqa cür yad etdiriblər.

Jean-Claude Duvalier –  Hər bir diktatorun arzularından biri oğlunu onun davamçısı kimi görməkdir.  Haitidə Jean Claude Duvalier (bəzən “Baby Doc” da adlandırırlar) keçmiş Haiti diktatoru olmuş Francois Duvalierin (bəzən “Papa Doc” da adlandırırlar)  oğludur və 19 yaşında atası vəfat etdikdən sonra hakimiyyətə gəlib. Tarixə dünyanın ən gənc prezidenti kimi düşüb. Hakimiyyətə gəldikdən sonra əlindəki gücdən istifadə edərək narkoticarət və Haitidə öldürülmüş insanların orqan ticarəti ilə də məşğul olub.

Kim Jong Un –  Şimali Koreyanın ikinci ölməz lideri olan Kim Jong İl-in oğlu Kim Jong Un atasının ölümündən sonra hakimiyyətə gəldi. Həm də dünyanın ən gənc lideri seçildi Kim Jong Un. Hal hazırda Koreya Əmək Partiyasının Birinci Katibi, Koreya Xalq Demokratik Respublikasının Dövlət Müdafiə Komitəsinin Birinci Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandınıdır. Mifoloji maşını artıq çoxdan işə düşüb, Şimali Koreyada onun atasına və babasına hər sahədə oxşadığı beyinlərinə yeridilib.

Stalinin oğlu Vasili haqda da tarix xoş şeylər demir. Cəsarətli pilot olmasına baxmayaraq -müharibə zamanı iki alman təyyarəsini vurub – həyatı o qədər də yaxşı olmayıb. Xarakter etibarilə çılğın olan Vasili general kimi ad qazansa da, onun aylarla orduya gəlmədiyi, dövlət büdcəsini talan etdiyi – 20 milyon rubl yeyintiyə yol verib, eyni zamanda əyyaş həyat tərzi keçirdiyi, rəhbərliyi altında olan qadınlarla yaşadığı da gəzən söz-söhbətlər arasında olub. Atası bu hərəkətlərinə görə onunla danışmırdı. Amma Stalinin ölümündən sonra oğlunu dövlətə qarşı etdiyi əməllərə görə 8 il müddətinə azadlıqdan məhrum etdilər.

Hitler də şəxsi həyatında çox ziddiyyətli şəxs olub. Fransa vətəndaşı olan Jan Mari Lorenin 1981-ci ildə yazdığı lSənin atan Hitlerdir» kitabında Hitlerin gizli oğlu olduğunu bildirib. Lore və Hitlerin qohumluğu barədə əsl həqiqət onun vəkili Fransua Gibonun sayəsində üzə çıxıb. Lorenin yazdığına görə anası 16 yaşlı Şarlotta Lobjua ilə yefreytor Hitler arasında roman 1917-ci ildə – alman ordusu Fransanın Pikardiya şəhərində yerləşərkən yaşanıb. 1918-ci ilin martında Lore dünyaya gəlir. Qonşular və uşağı nifrətlə «kiçik boş» (Fransada almanlardan dünyaya gələn uşaqları belə adlandırırdılar) deyə çağırırdılar. Təhqir və istehzadan bezən Şarlotta bir neçə ildən sonra uşağı gənc bir ailəyə övladlığa verir. Taleyin gərdişinə bax ki, 1939-cu ildə  Hitlerin oğlu Almaniya faşistlərinin əleyhinə vuruşmaq üçün müharibəyə gedir, işğal vaxtı isə  fransız partizanlarına qoşularaq  Klement ləqəbini götürür.1950-ci illərin əvvəllərində doğma anası ölümündən əvvəl Loreyə  əsl atasının kimliyini deyir. Bu, onun üçün böyük şok olur. Özünün dediyinə görə, düz 20 il durmadan çalışır ki, əsl kimliyini unutsun.

Rumıniya diktatoru Nikolay Çauşevskinin kiçik oğlu Nikolay atası hakimiyyətdə olanda onun bütün imtiyazlarından istifadə edirdi. Atası barədə rəsmi KİV-lər “Karpatın dahisi”, “Görünməmiş yeniliklər müəllifi” yazırdılarsa, oğlunu “Drakulito” deyə çağırırdılar. O, bütün ölkədə “qız ovu” ilə məşhurlaşmışdı. Diktator oğlunun xoşuna gələn qadınları zorlamaq adəti vardı. Və demək olar ki, bütün qadınlar onun zövqünə uyğun gəlirdi. Amma atasının hakimiyyətdən devrilməsi və öldürülməsindən sonra onunla bağlı ədalət də bərqərar oldu və 20 il müddətinə azadlıqdan məhrum edildi. Azadlığa çıxandan sonra isə böyrək sirrozundan dünyasını dəyişdi.

Çauşevskinin digər oğlu Valentin və qızı Zoya isə daha təvazökar həyat tərzi aparırdılar. Amma onlar da maliyyə fırıldaqlarına görə türmənin qapısını tanıdılar. Zoya 2006-cı ildə xərçəngdən dünyasını dəyişdi. Valentin isə türmədən çıxandan sonra fizik kimi fəaliyyət göstərdi.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …