Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Övlad qatilləri ilə bağlı məsələni siyasətlə əlaqələndirmək doğru deyil”

“Övlad qatilləri ilə bağlı məsələni siyasətlə əlaqələndirmək doğru deyil”

Gəncədə iki azyaşlı uşağın başının anası tərəfindən kəsilməsi bütün ölkədə ciddi narahatlıq və heyrətə səbəb olub. Hələlik hadisənin hansı səbəbdən törədildiyi bəlli olmasa da, qatil qismində hər hansı bir şəxsin deyil, doğma ananın çıxış etməsi ictimaiyyət tərəfindən təəccüb və təəssüflə qarşılanmaqdadır.
Məlumat üçün qeyd edək ki, bir müddət bundan öncə Bakı kəndlərinin birində də oxşar hadisə baş vermiş, azyaşlı uşaq doğma anası tərəfindən öldürülmüşdü. Övladını öldürdükdən sonra özünə xəsarət yetirən ananın yazdığı məktubda onun yaşadığı həyatdan bezdiyi ilə bağlı fikirlər yer alırdı.
Maraqlıdır, övladların ana tərəfindən öldürülməsi ilə bağlı son vaxtlar baş verən bu olayların arxasında hansı səbəblər dayanır? Bir ananı övlad qatilinə nə çevirə bilər? Doğrudanmı oxşar cinayətlərin üst-üstə baş verməsi sadəcə bir təsadüfdür? Bütün baş verənləri tendensiya kimi qiymətləndirmək olarmı? Və ən əsası, baş verən bu olayların mövcud idarəetmə sistemi ilə bir əlaqəsi varmı?
Məsələ ilə bağlı “Hürriyyət” qəzetinə açıqlama verən tanınmış hüquqşünas Əyyub Kərimov baş verən olayları tendensiya kimi xarakterizə etməyin mümkünlüyünə toxundu. Hüquqşünasın sözlərinə görə, baş verən cinayətlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ciddi şəkildə araşdırılmalı, hadisənin hansı səbəbdən baş verdiyi müəyyənləşdirilməlidir. Bununla yanaşı, Ə.Kərimov baş verən cinayətlərin hər hansı şəkildə siyasətlə əlaqələndirilməsinin doğru olmadığını qeyd etdi:
“Təbii ki, bütün bunlar cəmiyyətdə belə bir tendensiyanın mövcudluğundan xəbər verir. Mən bu qəbildən olan bütün hadisələri məxsusi olaraq izləyə bilməsəm də, bu olayların bir-birini təqib etdiyi göz önündədir. Lakin bunu da qeyd etməliyəm ki, bu və ya oxşar tendensiyalar hər bir cəmiyyətdə ola bilər. Bu cür məsələlər hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Əlaqədar qurumlar araşdırmalıdır ki, niyə bu cür faktların sayında artım var? Bu, nə ilə bağlıdır? Bu, doğrudan da bir tendensiyadır. Ancaq hesab edirəm ki, bu tendensiyanı başqa şeylərlə əlaqələndirmək doğru deyil. Çünki hər bir cəmiyyətdə cinayət var və bunun yaranmasının da öz səbbələri mövcuddur. Bu hdisələri də sırf cinayətkarlıqla bağlı bir olay kimi araşdırmaq lazımdır”.
Hüquqşünasın sözlərinə görə, sovet dönəmində də ananın körpə uşağını qətlə yetirməsi kimi hallar baş verirdi ki, bu cür olaylar cəmiyyətdə ciddi narahatlıqla qarşılanırdı. Baxmayaraq ki, sovet qanunvericiliyi bu cür şəxslərin yüngül formada cəzalandırılmasını məqbul hesab edirdi: “Sovet dönəmində ananın yenicə doğulmuş körpəsini öldürməsi halları baş verirdi. Ana uşağını doğandan sonra öldürür və onun ölü doğulduğunu iddia edirdi. Lakin araşdırma göstərirdi ki, uşaq sonradan öldürülüb. Sovet qanunvericiliyi bu cür hallarla bağlı çox yüngül cəza nəzərdə tuturdu. Həmin şəxsləri sadəcə 3 il müddətinə azadlıqdan məhrum edirdilər. Bu cür cinayətlər nadir hallarda baş versə də, hadisəni törədən anaya 3 il həbs cəzasının verilməsi cəmiyyətdə təəccüblə qarşılanırdı. Hər kəs düşünürdü ki, necə ola bilər ki, övladını öldürən anaya bu qədər az cəza verilsin?”
Ə.Kərimovun sözlərinə görə, baş verən cinayətlər mövcud tendensiya ilə bağlı həyəcan təbilini çalmaq zamanının yetişdiyini göstərir:
“Bu gün sovet dönəmində baş verən məlum cinayətə oxşar bir tendensiya yaranıb. Təbii ki, bununla bağlı həyəcan təbili döyülməlidir. Bu məsələlər ciddi şəkildə araşdırılmalıdır. Bunun səbəbləri ortaya qoyulmalıdır. Müəyyən edilməlidir ki, bu olay sosial şəraitdənmi, psixoloji problemdənmi və ya hansı səbəbdən baş verib. Məsələ bu istiqamətdə araşdırılmalıdır. Yəni baş verənləri siyasətə qatmaq, siyasətlə əlaqələndirmək doğru deyil”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın