Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Araşdırma / Orduxan Teymurxan “əfsanəsi” necə formalaşdırılıb – sensasiya dolu növbəti məqalə…

Orduxan Teymurxan “əfsanəsi” necə formalaşdırılıb – sensasiya dolu növbəti məqalə…

Bəbirovun 2000-ci ildə ilişməsinin və “bağışlanmasının” pərdəarxası; onun Avropadakı görəvlərindən biri də azərbaycanlı siyasi mühacir dairələrdə QRU-nun nəzarətinin təmin edilməsi və ölkəmizin Rusiyanın maraqlarına maneə yaradan layihələrinə qarşı fəaliyyətə cəlb olunması olub

Onun haqqında ilk məqaləni dərc etdiyimiz gündən Orduxan bütün tarazlığını itirib. Onluğa vurmaq deyirlər, “Yeni Müsavat’’ bu yalançı, özündənqəhramanı cəmi bir yazı ilə bu cür vurub. Günlərdir “…yalançının’’, deyə küçə uşağı kimi, sosial şəbəkələrdə bar-bar bağırır. Qəzetimizi, bu yazının müəllifini və daha çox da Media Qrupumuzun rəhbəri Rauf Arifoğlunu leksikonundakı ən kəskin ifadələrlə təhqir edir, özü kimi bir neçəsini də başına yığıb, şüvənlik salır. Bu adam xeyli müddətdir nyu-medianın verdiyi imkanlardan istifadə edib, dövlət və müxalifət liderlərini, fəallarını söyür, təhqir edir, böhtan atır, insanların ailə üzvlərini hədəfə alır. Özü haqda isə bircə tutarlı məqalədən panikləyir, özünü efirdən buraxır…

“Yeni Müsavat’’ bəyan edir ki, Orduxan Temirxan haqda yazdığımız yazılar, orada irəli sürülən iddialar doğrudur, qarşımızda Rusiya xüsusi xidmətlərinin bir agenti var, onu hər gün efirə çıxardıb, Azərbaycana doğru qısqırdırlar. Azərbaycan iqtidarından narazı olanlara Orduxanın bəzi çıxışları xoş gələ bilər… Lakin hər kəs bilməlidir ki, “borzu-borzu’’ danışan bu uzunsaç oğlan QRU-nun adicə agentidir: aldığı tapşırığa uyğun məlumatları toplayan və ötürən, yəni “stukaç”lıq edən bir “alət”i! Xaindir, onu danışdırır və Azərbaycana qarşı istifadə edirlər.    

*   *   *

O, heç zaman heç bir mübarizə prosesində olmayıb. Nə bu iqtidara qarşı, nə erməni işğalçılarına qarşı heç bir vaxt mübarizə aparmayıb. Onu məqsədyönlü şəkildə Azərbaycana qarşı çirkin kampaniyalara qoşublar. Üzü 90-lardan bu yana, ta 2015-ci ilə qədər həmin şəxsi nə Azərbaycanda hakimiyyətlə siyasi mübarizə aparan təşkilatlarda görən olub, nə də bir mitinqdə iştirakı qeydə alınıb. Ümumiyyətlə, ömrünün xeyli hissəsini Rusiyada keçirən bu adamın birdən-birə Avropada peyda olub, Azərbaycan dövlətinə qarşı mənəvi terrora başlaması ilk gündən şübhələrə yol açmışdı.

Bu cür təxribat xarakterli davranış taktikası adətən, xüsusi xidmət orqanlarına işləyən adamlar tərəfindən həyata keçirilir. Elə isə haqlı suallar yaranmışdı: Axı bu Orduxan kimdir? Haradan peyda oldu? Onu kim və ya kimlər danışdırır? Məqsəd nədir? Bu şəxs haradan maliyyələşdirilir və təlimatlandırılır? Bu suallara təbii ki, hər zaman düşündürücü olub.

O.Bəbirovun Azərbaycana qarşı hələ 1987-89-cu illərdən hazırlandığı haqda müfəssəl bilgiləri birinci və ikinci yazılarda təqdim etmişdik. Bu (üçüncü) yazıda isə onun xüsusi xidmət orqanlarının nəzarəti altında Rusiyadakı fəaliyyəti, Avropaya çıxarılmasının məqsədlərinə dair məlumatları təqdim edəcəyik.

Birinci yazını “Yeni Müsavat” qəzetinin 25 sentyabr 2018-ci il tarixli sayında və müsavat.com saytında aşağıdakı linkdən – http://musavat.com/news/orduxan-teymurxan-rus-kesfiyyatinin-agenti-imis-sensasion-ve-moteber-faktlar_557174.html

İkinci yazı isə “Yeni Müsavat”ın 27 sentyabr tarixli sayında və müsavat.com saytında aşağıdakı linkdən –  http://musavat.com/news/kentavr-leqebli-orduxan-teymurxan-nece-rusiya-agenti-oldu-sensasional-melumatlar_557979.html oxuya bilərsiniz.

 

*    *   *

Üçüncü yazı:

Orduxan Bəbirovu yaxından tanıyan mənbənin verdiyi bilgilərə görə, o, 1993-cü ilədək Rusiya xüsusi xidmət orqanlarının nəzarətindən demək olar ki, bir addım da kənara buraxılmayıb; Azərbaycandakı yaxınları ilə əlaqələri minimuma endirilib. “Kentavr” əsas etibarilə Murmansk dəniz gəmiçiliyi idarəsinin gəmilərində xarici səfərlərdə olub.

 

nurmansk.JPG (54 KB)

Murmansk dəniz gəmiçiliyinin inzibati binası

Bu əsnada bir məqamı xüsusi vurğulamaq istərdik ki, bəzi məlumatlara görə, sovet dövründə Aeroflot və Dəniz Donanması Nazirliyi (Murmansk dəniz gəmiçiliyi bu qurumun tərkibində fəaliyyət göstərib) QRU (Baş Kəşfiyyat İdarəsi (rus. Главное разведывательное управление – ГРУ) — Rusiya Silahlı Qüvvələrinin hərbi kəşfiyyatının mərkəzi idarəetmə orqanı.) tərəfindən xaricdə əməliyyat tədbirlərinin keçirilməsi üçün örtük təşkilatlar kimi istifadə edilirdi. Bu baxımdan da Orduxanın “dənizçi” kimi fəaliyyəti, özünün dediyi kimi, “xaricdən maşın gətirmək”lə məhdudlaşmırdı. Həmin dövrdə agentlərin əsas işi dəniz daşımaları kanalı ilə xaricə qaçmağı planlaşdıran gəmi heyəti üzvlərinin müəyyənləşdirilməsi, qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olan şəxsi heyət üzvləri barədə nüfuzdansalıcı məlumatların toplanılması, o cümlədən ticari sövdələşmələr aparmaq məqsədilə əcnəbilərlə əlaqələrə malik olan dənizçilərin aşkarlanması idi. Əldə etdiyimiz məlumatlar “Kentavr”ın bu istiqamətdə üzərinə qoyulmuş tapşırıqları uğurla yerinə yetirdiyini göstərir.

Qaynağın verdiyi bilgilər və onun əsasında apardığımız dəqiqləşdirmələrdən aydın olub ki, Orduxanın Azərbaycana yolu Cəbrayılın işğalından (1993), ailə üzvləri Bakının Qaraçuxur qəsəbəsində məskunlaşdıqdan sonra “açılıb”. O, 1990-1993-cü illərdə Rusiyada qarət etdiyi, kriminal qaydalarla “haqq” aldığı azərbaycanlı əmək miqrantlarının, xüsusi ilə Rusiya bazarlarında min bir zəhmətlə alver edib, çörəkpulu qazanan soydaşlarımızdan aldığı xərac hesabına ailə üzvlərinə böyük paralar göndərməyə başlayıb. Bu, o illərə təsadüf edirdi ki, bütövlükdə Azərbaycan xalqı ağır sosial şəraitdə yaşayırdı. Ev-eşiyindən didərgin düşmüş məcburi köçkünlər isə ikiqat ağır durumda idilər. Orduxan isə belə bir ərəfədə həmyerlilərinə sanki acıq verirmiş kimi, ailə üzlərinə Bakıda yüksək həyat şəraiti yaradıb, ev və torpaq sahələri alıb, biznes obyektləri qurub.

Burada bir məqama diqqət yetirək. Ötən yazıda da qeyd etmişdik ki, Orduxan facebook statuslarından birində Azərbaycanın ağır günlərində guya Rusiyadan Qarabağda döyüşən yaxınlarına pul göndərdiyi, maşınlar yolladığı, həmin maşınlarla silah daşındığı və s. kimi məsələləri açıqlayıb.

Amma faktlar başqadır: Onun qardaşları heç zaman döyüşməyiblər, birinci Qarabağ savaşı zamanı Rusiyadakı azərbaycanlılardan topladığı pullar hesabına xaricdən gətirdiyi bahalı maşınlar isə ailəsinin maddi durumunun yaxşılaşdırılmasına sərf olunub.

Bəbirov qardaşlarından ancaq birinin – Şakirin sosial şəbəkələr vasitəsilə nümayiş etdirdiyi veteran vəsiqəsi isə saxtadır! Həmin vəsiqənin nömrəsi hərbi komissarlıq sisteminin qeydiyyatlarında belə keçmir, xidmət etdiyi hissələr barədə məlumat, habelə veteranlar arasında onunla birgə xidmət etmiş və Şakiri tanıyan bir kimsə yoxdur!

Orduxanı yaxından tanıyan şəxs bildirir ki, “Kentavr” 90-cı illərin ikinci yarısında, Çeçenistandakı döyüş əməliyyatlarının iştirakçıları olan, Azərbaycanda məskunlaşmış (bəziləri müalicə, bir qısım isə sığınacaq üçün) çeçenlərin ətrafında əməliyyat araşdırmalarına da cəlb edilib.

Orduxanın bu araşdırma çərçivəsində əsas fəaliyyəti Azərbaycanda məskunlaşmış, 1996-1997-ci illərdə Çeçenistan prezidentinin səlahiyyətlərinin icraçısı olmuş, 2004-cü ildə Doha şəhərində QRU tərəfindən qətlə yetirilmiş Zalimxan Yandarbiyevun tərəfdarı olan çeçen döyüşçüləri barədə məlumatları toplayıb, QRU-ya ötürmək olub… Bəzi məlumatlara görə, həmin dövrdə Azərbaycanda 10 minədək çeçen məskunlaşıbmış…

yandar.JPG (33 KB)

Z.Yandarbiyev

Bəbirovlar ailəsini tanıyan şəxs deyir ki, həmin vaxtlar Orduxan Azərbaycandakı idman və digər obyektlərinin qapılarını “səxavətlə” ölkəmizdə sığınacaq tapmış çeçenlərin üzünə açmaqla və onların icma halında həmin yerlərdə toplanmalarına şərait yaradıb, bu yolla Rusiya hərbi kəşfiyyatı üçün zəruri məlumatları toplayıb və öz kuratoruna təqdim edib…

Orduxanın fəaliyyətini uzun müddət ərzində müşahidə etmiş, onun haqqında kifayət qədər bilgiləri olan mənbə deyir ki, “Kentavr”ın Rusiya ərazisindəki fəaliyyəti 2000-ci ildən başlayaraq nisbətən “səngidilib”. Bu QRU-nun onu növbəti məqsədlərində istifadə planları ilə bağlı olub. Bu, həmçinin Rusiya xüsusi xidmət orqanları arasında səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi ilə bağlı olub.

Hərbi kəşfiyyat ona həvalə olunmuş yeni tapşırıqların icrasına hazırlaşması prosesində agentura aparatını yeni cavabdehlik məntəqələrinə çıxarmalı olub. Bu isə QRU-nun “perspektivli” və yeni vəzifələrinə uyğun hər bir agentinə yeni “əfsanə”nin formalaşdırılmasını tələb edirdi.

Belə bir şəraitdə saxta cinayət işi çərçivəsində Orduxan reket və pul tələbetmədə, ayrı-ayrı şəxslərə qarşı zorakılıq əməllərində günahlandırılıb, eləcə də onun barəsində axtarış elan edilib. Əməliyyat “əfsanə”sinə uyğun olaraq, “Kentavr” rus millətindən olan şəxslərə, xüsusi ilə imkanlı, yaşlı qadınlara qarşı dələduzluq cinayətləri “törədib”. O, bir neçə rus qadının mülkünü dələduzluqla ələ keçirməyə çalışıb, bəzi epizodlarda buna nail olub. Həmçinin, imkanlı ruslardan hədələmə yolu ilə pul tələb etməyə “başlayıb”. Axtarışa verilsə də, QRU və Rusiyanın digər hüquq-mühafizə orqanlarının kanalı “Kentavr” Avropaya çıxarılıb.

Mənbəmizin sözlərinə görə, təhlükəsizlik orqanlarının fəaliyyətində “agent”in yeni “əfsanəsi” formalaşdırılması həmin şəxsin əvvəlkindən fərqli əməliyyat tapşırığının uğurla yerinə yetirilməsinə zəmin hazırlamaq məqsədini daşıyır. Konkret nümunədə bu addım Orduxanın Qərb ölkələrinə çıxarılması fonunda onun Rusiya hakimiyyət orqanları ilə əlaqələrinin mövcudluğuna dair mümkün şübhələri aradan qaldırmağa yönəlib.

Sitat: “Kentavr”ın Rusiya ərazisindəki fəaliyyətinin 2000-ci ildən başlayaraq nisbətən “səngiməsi” QRU-nun öz agentinə yeni “əfsanə” formalaşdırmaq planları ilə əlaqəli olub. Hərbi kəşfiyyat Qərb ölkələrində həyata keçiriləcək və Rusiyanın maraqlarının təmin olunmasına yönələcək yeni əməliyyat üçün Orduxanın RF hakimiyyət orqanları ilə əlaqələrinin mövcudluğuna dair şübhələri aradan qaldırmağa çalışıb. Beləliklə də, O.Teymurxan fərqli missiyalarla xarici ölkəyə yerləşdirilib”.

Məlumatlara görə, o, Murmanskı tərk edərək xarici ölkələrə sığınandan sonra QRU-nun planlaşdırılmış əməliyyatları əsasında bir neçə istiqamətdə fəaliyyətə başlayıb.

QRU-nun tapşırığı əsasında onun ilk missiyası Hollandiyada məskunlaşmış azərbaycanlı siyasi mühacirlər, xüsusilə də “Talış Müğan Respublikası”nın lideri Əlikram Hummətov və onun ətrafı ilə bağlı əməliyyat müşahidələrinin aparılması olub. Bu da təsadüfi bir tapşırıq kimi qiymətləndirilə bilməz. Çünki Ə.Hümmətov Azərbaycandakı destruktiv fəaliyyəti ilə bağlı QRU-nun əlaqəsində olduğundan, həmin ölkədə yaşayan azərbaycanlıların bu separatçı baxışlı şəxslərə qarşı mümkün aksiyalarına nəzarət etməklə bağlı görəvləndirilib.

Bir müddət sonra Ə.Hümmətov əməliyyat mənbəsi kimi QRU tərəfindən Ermənistan hərbi kəşfiyyatının nəzarətinə verildiyindən, Orduxan özünün yeni missiyasına hazırlıqlara istiqamətləndirilib.

ordu 3.JPG (35 KB)

ordu 4.JPG (38 KB)

Bu mərhələdə O.Bəbirov “yatmış agent” qismində yaşadığı ölkədə leqallaşma ilə bağlı məsələləri həll etməli olub. O, “alfons” qismində yaşlı qadınlarla münasibətlər yaratmaqla, həmin ölkədə oturum almaq, təhsil səviyyəsini artırmaqla yerli dili və mədəniyyəti öyrənmək, əlaqələrini genişləndirməyə başlayıb. “Kentavr”ın əsas məqsədi ölkə vətəndaşlığını əldə etmək, kuratorların maliyyə dəstəyi ilə kiçik biznes şəbəkəsi qurmaq və “Mərkəz”dən veriləcək tapşırıqların icrası üçün göndəriləcək pul vəsaitlərinin leqallaşdırılmasına nail olmaq olub. 2000-2010-cu illər ərazində Orduxan qarşısına qoyulmuş bu tapşırığı yerinə yetirə bilib və daha strateji əhəmiyyətli əməliyyatlara istiqamətləndirilib. Ələlxüsus, 2011-ci ildən başlayaraq, Rusiyada müəyyən dairələr Azərbaycana qarşı müxtəlif təxribatçı addımlar atmağa başlaması ilə əlaqədar…

Bu ilk növbədə Avropanın enerji bazarının RF-dən asılılığının azaldılmasına yönəlmiş, Cənubi Qafqaz-Türkiyə-Cənubi Avropa enerji nəqli layihələrinə qarşı fəaliyyətləri qeyd etmək olar. Xüsusilə “Şimal axını” və “Cənub axını” kimi Rusiya layihələrinə alternativ kimi nəzərdə tutulan TANAP-TAP layihələrinə qarşı… 

Qısaca onu qeyd edək ki, Rusiyada bir çox dairələr Azərbaycanın Avropa ilə yaxınlaşmasının qarşısını almaq üçün ən müxtəlif təxribat variantlarına əl atıblar. Bu istiqamətdə QRU özünün “Kentavr”ından Avropa Şurası, Avropa Parlamenti, Avropa Birliyi kimi nüfuzlu regional təşkilatlarla Azərbaycan arasında münasibətlərin pozulmasında, insan hüquqlarının pozulması bəhanəsi altında ölkəmizə qarşı müxtəlif qərarların, qətnamələrin çıxarılmasında, kampaniyaların aparılmasında istifadə etməyə başlayıb. Məqsəd Azərbaycan dövlətini, o cümlədən hakimiyyətini nüfuzdan salmaq, Avropada ictimai rəyi çaşdırmaqla, alternativ enerji təchizatı infrastrukturunun yaradılmasına maneələr yaratmaq olub.

Bunlar haqda xeyli yazılıb, internet resurslarında bu haqda geniş məqalələr dərc olunub. Buna sübut olaraq musavat.com saytında ötənlərdə dərc edilmiş “Azərbaycana qarşı Avropa və Asiya üzərindən solçu hücumu” (link –http://musavat.com/news/azerbaycana-qarsi-avropa-ve-asiya-uzerinden-solcu-hucumu_439804.html), “Avropadan Azərbaycana edilən təzyiqlərdə rus barmağı”

(link – http://musavat.com/ru/author-news/avropadan-azerbaycana-edilen-tezyiqlerde-rus-barmagi_395280.html ) yazılarını oxumaq kifayətdir.

Orduxan tipli insanlardan da rus kəşfiyyatı heç şübhəsiz ki, bu təyinatlar üzrə də təxribatçılıq fonunda istifadə etməkdədir…

“Kentavr”ın niyə məhz 2015-ci ildən fəallaşmasının səbəbləri də aydındır. Məhz həmin ildən TANAP-TAP-ın tikintisi üzrə fəaliyyətlərə start verilib…

ordu 5.JPG (36 KB)

Hər zaman belə bir sual da düşündürücü olub ki, Orduxan və onun ətrafına topladığı “söyüş dəstəsi” nədən özünü “dissident” kimi təqdim etməyə çalışıb? Düzdür, onlar öz iyrənc, söyüşlü davranışları ilə bu obrazda sonadək qala bilməyiblər. Amma hələ də buna cəhdlər etməkdədirlər. Guya bunlar “xalq fədailəri”dir. Hansı ki, Orduxanın missiyası artıq bəllidir, ətrafına topladığı azərbaycanlı “qurbanlar” isə bunu pul, gündəlik dolanışıq və Avropada oturum ala bilmək üçün edirlər. Bəziləri isə artıq Orduxanın, bilavasitə QRU-nun girovudurlar…

Hələ uzun illər öncədən də bəlli idi ki, öz agenturasının “dissident” obrazının formalaşdırılması QRU-nun fəaliyyət taktikasının elementlərindən biri olub. Bu kontekstdə O.Bəbirovun Azərbaycan hakimiyyəti barədə təxribatçılıq fəaliyyəti xüsusilə diqqət çəkir. Adam əslində dövlətimiz əleyhinə apardığı fəaliyyətini elə təqdim etməyə çalışır ki, sanki məqsədi “demokratiya”dır. Faktiki olaraq isə məqsəd Azərbaycan dövlətinə qarşı təxribatlar törətmək, dövlətimizin marağında olan layihələri “rus qazı”na alternativlər sırasından çıxarmaqdır…

Qaynağımız deyir ki, Orduxanın Avropada üzərinə qoyulan bir missiya da azərbaycanlı siyasi mühacir dairələrinə Rusiya xüsusi xidmət orqanlarının nəzarət imkanlarının təmin edilməsidir. Aydın görünür ki, o, birgə yaşadığı Niderland mənşəli, maddi cəhətdən təminatlı qadının imkanları hesabına, habelə açıq kuratorunun maliyyə dəstəyi ilə yaratdığı idman mərkəzlərindən, eləcə də daşınmaz əmlak – mülklərin icarəsindən əldə etdiyi gəlirlə ağır sosial-iqtisadi durumda olan azərbaycanlı mühacirləri “satın alır”, onları xarici ölkə maraqlarına uyğun istifadə etməyə nail olur.

Əldə etdiyimiz bu məlumatlar fonunda açıq-aşkar görünən bir məqam da var: Rusiya təhlükəsizlik xidmətləri son illərdə Avropada məskunlaşmış, keçmiş SSRİ vətəndaşları olmuş mühacir dairələri əməliyyat nəzarətinə götürmək, bu kontingentin yaratdığı təşkilatlara və KİV resurslarına təsir imkanları əldə etmək istiqamətində də fəallığını artırıb. Müxtəlif internet resurslarında, bloqlarda, sosial şəbəkədəki səhifələrdə Azərbaycan dövləti əleyhinə materialların vaxtaşırı ortaya çıxması da bu kontekstdə dəyərləndirilir. RF xüsusi xidmətləri bu qəbil fəaliyyəti çərçivəsində həmçinin Qərb donor təşkilatlarının Rusiya ilə bağlı fəaliyyət metodikasını (söz-mətbuat azadlığı, insan haqlarının müdafiəsi üzrə layihələrin maliyyələşmə kanalları, aparıcı şəxslər və s.) öyrənmək üçün istifadə edir. Müvafiq istiqamətdə atılan addımlarda “Kentavr”ın imkanlarından geniş istifadə edilir (O.Bəbirovun Meydan TV-nin direktoru Emin Milli ilə birgə fəaliyyətini yada salmaq kifayətdir)…

Qeyd edilənlərlə yanaşı, “Kentavr”ın missiyalarından biri də, Avropadakı Azərbaycan və türk diaspor təşkilatlarının əlaqələndirilmiş fəaliyyətini neytrallaşdırmaq olub. Diqqətli oxucularımız xatırlamamış olmaz ki, 2002-2013-cü illərdə siyasi mövqeyindən asılı olmayaraq, Avropada yaşayan azərbaycanlı mühacirlər Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və mülki vətəndaşlara qarşı zorakılıqları, o cümlədən Xocalı faciəsi ilə bağlı müxtəlif beynəlxalq təşkilatlar və düşmən ölkənin səfirliyi qarşısında çoxsaylı aksiyalar keçirirdilər. Azərbaycan hökumətinə münasibətdə sərt mövqeyi ilə seçilən Həbib Müntəzir (Abdullayev) kimi bloggerlərin də həmin tədbirlərdə iştirakını, hətta alman polisi tərəfindən sorğulandığını yəqin unutmamısınız. Amma siz Cəbrayıldaki ata-baba torpağı işğal edilmiş Orduxanı həmin aksiyalarda fəallıq edən görübsünüzmü?! Əksinə, son vaxtlar Bəbirov Azərbaycanda demokratiya qurulması pərdəsi altında daha çox diaspora təşkilatlarını parçalamağa və belə aksiyalarından yayındırmağa yönəlib.

Araşdırma göstərir ki, “Kentavr”ın belə davranışı təsadüfi deyil. QRU onun vasitəsilə Azərbaycan və türk diaspora təşkilatları arasında nifaq toxumu səpməyə və parçalanma yaratmağa, xarici ölkələrdə məskunlaşmış soydaşlarımızın milli məsələlər ətrafında birgə fəaliyyətinə imkan verməməyə çalışıb, ayrı-ayrı vətənpərvərlərə qarşı nüfuzdansalma kampaniyaları aparıb.

Qeyd edilməlidir ki, sovet təhlükəsizlik orqanlarının ötən əsrdə də Avropada məskunlaşmış azərbaycanlı mühacirlər arasında oxşar fəaliyyətləri həyata keçirmişlər. Bu barədə Azərbaycan alimlərinin çoxsaylı elmi-tədqiqat materialları nəşr edilib.

ordu 6.JPG (47 KB)

ordu 7.JPG (30 KB)

 

Mənbəmiz Azərbaycanda ictimai-siyasi vəziyyətin məqsədyönlü gərginləşdirildiyi vaxtlarda O.Bəbirovun təxribatçı açıqlamalar yaymasına da aydınlıq gətirib. Xüsusilə son vaxtlar Gəncə şəhərində baş vermiş məlum hadisələr fonunda “Kentavr”ın maliyyə dəstəyi ilə bəzi siyasi mühacirlər tərəfindən yaradılmış “fake” profillər vasitəsilə əhalini kütləvi itaətsizliyə və zorakılığa, silahlı müqavimətə və üsyana çağırışlar yayılmasına diqqəti yönəldib.

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən bu qəbil qanunazidd məlumatları yayan şəxslərin dairəsi müəyyənləşdirildikdən və onların bəziləri barədə beynəlxalq axtarış elan edildikdən sonra, sosial şəbəkələrdəki müxtəlif canlı proqramlarda Orduxan belə çağırışları Emin Milli, Məhəmməd Mirzəli və digər şəxslərlə birgə açıq şəkildə səsləndirməyə başlayıb. Eyni zamanda, Azərbaycan dilində səlis yazmayan, əksər hallarda fikirlərini rus dilində ifadə edən bəzi “fake” profillər (“Firowci Abdullaew”, “Джамиля Сарыджали”, “Michail Müller”, “Ilgar Shahverdiyev”, “Ramon Huseinni” və digərləri) vasitəsilə “Kentavr”ın müdafiəsi təşkil edilib. Mütəxəssislərin fikrincə, “Yeni Müsavat”ın araşdırmasının ciddi ictimai rezonans doğurduğu, o cümlədən, sosial şəbəkələrdə O.Bəbirova münasibətdə əlavə sualların yarandığı nəzərə alınaraq, QRU özünün “troll fabriki”ni Azərbaycanda ictimai rəyi manipulyasiya etməyə və ifşa olunmuş agentini müdafiə etməyə yönəldib…

Beləliklə, uzun aylardan bəri apardığımız dəqiqləşdirmələr, Orduxanı yaxından tanıyan şəxsin verdiyi bilgilər bu qənaətə gəlməyə kifayət edir ki, O.Teymurxan və onun ətrafında olan adamlar faktiki olaraq Azərbaycan dövlətinə qarşı ağır cinayətlər törədirlər. Onlar ölkəmizə xəyanət etməklə yanaşı, Avropada QRU-nun əsas “alət”ləri kimi istifadə edilirlər. 

Biz isə araşdırmalarımızı davam etdiririk…

Elşad MƏMMƏDLİ,
“Yeni Müsavat” qəzetinin redaktoru

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …