Ana səhifə / Araşdırma / Ölkədəki qeyri-rəsmi məşğulluqdan necə qurtulmalı? – ekspertlər səbəbi və çıxış yolunu göstərdilər

Ölkədəki qeyri-rəsmi məşğulluqdan necə qurtulmalı? – ekspertlər səbəbi və çıxış yolunu göstərdilər

Azərbaycanda qeydiyyatsız işləyənlərin sayı

1,5 milyon nəfərdən yuxarıdır; ekspertlər problemi yaradan səbəbi və çıxış yolunu göstərdilər…

Son illərdə hökumət tərəfindən atılan bir sıra addımlara rəğmən, Azərbaycanda qeyri-rəsmi məşğulluğun səviyyəsi yüksək olaraq qalır. Bu problemi həll etmək üçün baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası tərəfindən hazırlanan “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” bir həftə əvvəl prezident tərəfindən təsdiqlənib.

 Azərbaycanda qeydiyyatsız işçilərin sayı nə qədərdir?

Milli Məclisin üzvü, deputat Vahid Əhmədov deyir ki, ölkədə işçilərin müqaviləsiz işlədilməsi, əmək haqqının aşağı göstərilməsi halları geniş yayılıb: “Bu problem çox böyüyüb və bunun qarşısını almağın vaxtı çoxdan çatıb”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun verdiyi məlumata görə, hazırda ölkədə əmək müqaviləsi olmadan – yəni rəsmi maaş almadan işləyən şəxslərin sayı 900 min nəfərdir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə nazirin açıqladığı rəqəmlə razılaşmır: “Səlim Müslümov hələ Dövlət Sosial Müdafiə Fondunun sədri olanda bir neçə dəfə belə bir fikir söyləmişdi ki, Azərbaycanda qeyri-formal əmək bazarının həcmi 70 faizi keçir. Mən bu rəqəmlə razıyam. Mənim hesablamalarıma görə, hazırda Azərbaycanda qeydiyyatsız işləyənlərin sayı 1,5 milyon nəfərdən yuxarıdır – özünməşğul əhali (fərdi işləyən təmirçilər, ustalar, bənnalar, küçə ticarətçiləri, ailə-fermer təsərrüfatlarında çalışanlar və s.), tikinti, ticarət-iaşə sektorunda çalışanların böyük əksəriyyəti əmək müqaviləsi olmadan işləyirlər. Biz bir neçə dəfə istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığortanın tətbiqi vəziyyətini monitorinq etmişik. O monitorinqlər zamanı bizə verilən rəsmi məlumatlara görə,  ölkədə rəsmi olaraq iqtisadi məşğul əhali kimi göstərilən 4,7 milyon nəfərin yalnız 19-21 faizinin belə sığortası var. Qalanlarda yoxdur, çünki rəsmi əmək müqaviləsi və ya heç olmasa, mülki-hüquqi müqavilə yoxdur. Bu müqavilə olmadan heç bir sığorta şirkəti işçini sığorta etmir”.

Image result for Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov

Ə.Əhmədovun rəhbərlik etdiyi komissiya qeydiyyatsız işçilərin tikinti sektorunda daha çox olduğu qənaətindədir. “ASAN Xidmət” ötən aydan etibarən bu sektorda çalışan 30 hüquqi və fiziki şəxsdə monitorinq aparıb və işçilərin 27 faizinin əmək müqaviləsi olmadan işlədildiyini üzə çıxarıb. S.Məmmədov bu rəqəmlə də razılaşmır: “2012-2013-cü illərdə biz monitorinq aparanda məlum olmuşdu ki, tikinti sektorunda çalışanların cəmi 15 min nəfəri istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən sığorta olunub. Həmin illər ölkədə tikinti bumunun pik vaxtı idi. Yəni, cəmi 15 min fəhlə işləyirdi tikintidə? Düzdür, indi tikintinin həcmi azalıb, lakin bu nisbətin dəyişdiyini düşünmürəm”.

Qeyri-formal əmək bazarının geniş olduğu ikinci sahə kimi ekspert özünüməşğulları göstərir: “Küçədə limon satandan tutmuş, kəndlərdə tikinti aparan ustalara, evlərdə dayəlik, təmirçilik edən şəxslərə qədər, çoxsaylı insanlar rəsmi qeydiyyatsız işləyirlər. Üçüncü yerdə ticarət-iaşə sektorunu qeyd edərdim. İri yarmarkalar, bazarlar, şadlıq evlərində də qeydiyyatsız işləyənlər çoxdur. Daha sonra kənd təsərrüfatında çalışanlar var. Onlarla əmək müqaviləsinin bağlanması heç Əmək Məcəlləsində tənzimlənmir də”.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Qalib Toğrul da hesab edir ki, tikinti sektorunda əməyin təlükəsizliyindən, əmək şəraitindən tutmuş ən xırda məsələyə qədər böyük özbaşınalıq hökm sürür: “İndiki halda tikinti sektorunun, fərdi şəkildə çalışanların vergiyə cəlb olunmasına çalışılması başadüşüləndir. Bunun birinci səbəbi vergi bazasının genişləndirilməsidirsə, digər səbəbi də sosial sığorta ödənişlərinin toplanmasında yaranan çətinliklərdir. Bir müddət əvvəl Vergi Məcəlləsinə müvafiq dəyişiklikdən sonra sabit vergi növü altında fərdi şəkildə çalışanların bəzilərinin vergiyə cəlb olunmasına cəhd olunub. Onları vergiyə cəlb etməkdə məqsəd heç də vergi yığımlarının səviyyəsini artırmaq yox, bu tip fəaliyyət sahiblərində vergi ödəmək mədəniyyətini yaratmaq olub. Burda digər bir çətinlik isə ondan ibarətdir ki, sabit vergi ödəyicilərindən bu vergini ödəyicisi olmaq üçün xeyli prosedurdan keçmək tələb olunur. VÖEN açmaq, sosial ödənişlə bağlı qeydiyyatdan keçmək, müvafiq vergini ödəmək üçün qəbz almaq və s. Halbuki digər ölkələrdə oxşar vergi ödəyiciləri yalnız təyin olunmuş patenti (sabit məbləği) ödəməklə onun ödəyicisinə çevrilirlər. Bizdə adı çəkilən fəaliyyətlə məşğul olanlar rəsmi qeydiyyatdan keçməyə qorxurlar, çünki fikirləşirlər ki, sabah işləri olmasa da, vergi və sosial müfəttişlər qapını kəsdirəcəklər. Sabit vergi növü ilə bağlı prosedurlar maksimum sadələşdirilməlidir ki, onun bazası da genişlənsin.”

Əmək müqaviləsinə keçid biznesə zərər vura bilərmi?

Qalib Toğrulun sözlərinə görə, qeyri-formal əmək bazarını genişləndirən başlıca faktorlar inhisarçılıq, kölgə iqtisadiyyatı və işəgötürənlərin əmək haqqı fondundan ödənişlərinin yüksək olmasıdır: “Azərbaycanda qeyri-rəsmi məşğulluğun səviyyəsinin yüksək olmasının çox səbəbləri var, ancaq onlardan ikisi ən əsas səbəblərdəndir. Birincisi, ölkə iqtisadiyyatının inhisarlaşma səviyyəsinin yüksək olmasıdır ki, onun da ən böyük nəticələri qeyri-rəsmi məşğulluq və gizli iqtisadiyyatı xarakterizə edən rəqəmlərdə özünü büruzə verir. Digər bir əsas səbəb muzdlu işlə bağlı ödəmə mənbəyində verginin və sosial ayırmaların dərəcələrinin yüksək olması və işəgötürən və işçi arasında düzgün bölüşdürülməməsidir.”

Biznes çevrələrində hesab edirlər ki, işçilərin hamısının rəsmi müqaviləyə keçirilməsi onların büdcəsinə böyük zərbə ola bilər. Deputat V.Əhmədov da bu fikirdədir ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması biznes üçün müəyyən ağırlıq yarada bilər: “Sahibkarları incidən yoxlamalar aradan qaldırılıb. Lakin bəzi başqa problemlər hələ qalır. Əgər biz yaxşı nəticəyə nail olmaq istəyiriksə, müəyyən addımlar atmalıyıq. O cümlədən qeyri-rəsmi ödənişlər və sair məsələləri aradan qaldırmalıyıq.”

S.Məmmədovun sözlərinə görə isə bütün işçilərin əmək müqaviləsi ilə işə cəlb edilməsi biznes üçün böyük yük yaradacaq: “Bu gün işəgötürən işçi cəlb edərkən söhbəti ona verəcəyi təmiz maaşla (sosial ayırma və vergi çıxılandan sonra qalan məbləğ) aparır. Yəni gələn ilin yanvarından etibarən 1 işçiyə 1000 manat maaş vermək üçün işəgötürən 26 faiz – yəni 260 manat Sosial Müdafiə Fonduna pul ödəməli olacaq (22,5 faiz işəgötürən, 3,5 faiz işçi). Üstəlik, cənab S.Müslümovun Pensiya Fondunun sədri olarkən keçirdiyi islahatdan sonra işçi xəstəliyə görə əmək qabiliyyətini müvəqqəti itirərək (xəstəlik kağızı alaraq) işə çıxmırsa, ilk 2 həftənin sığorta pulunu işəgötürən ödəyir. Hansı ki, əmək qabiliyyətini itirənlərin 90 faizi 2 həftəyə sağalıb işə qayıdır. Hətta analıq məzuniyyətinə çıxdıqda belə, ilk 2 həftənin ödənişi işəgötürənin üzərindədir. Hələ qabaqda tibbi sığorta məsələsi var. Haradasa əmək haqqı məbləğinin 4-5 faizi də tibbi sığortaya görə ayrılacaq. Bundan əlavə, bütün imtiyazlara görə pulu işəgötürən ödəyir. Əlilliyi olan şəxs 42 gün əmək məzuniyyətinə çıxır, haqqını işəgötürən ödəyir, yaxud körpə uşağı olan anaya gündə 3 dəfə yarım saat olmaqla icazə verilir, sahibkar o müddətin də əmək haqqını ödəyir. Yəni bizdə Əmək Məcəlləsi işəgötürən üzərinə həddindən çox yük qoyur, ona görə də onlar işçini rəsmiləşdirməkdən yayınırlar.”

Əmək haqqından vergi və sosial ayırmaların həcmi azaldıla bilərmi?

S.Məmmədovun fikrincə, hazırda DSMF-nin yükü onsuz da ağırdır: “Gürcüstan belə bir radikal addım atıb – əmək haqqından vergi-sosial ayırma kimi 20 faiz vahid ödəmə tətbiq olunub. Bununla da onlar qeyri-formal əmək bazarını dəfələrlə azaltmağa nail oldular. Azərbaycanda isə Pensiya Fondu ili ilə güclə calayır. Bu gün bizdə 1,2 nəfər işləyən 1 pensiyaçını təmin edir. Bu şəraitdə sosial sığorta ödənişinin azaldılması Fondun vəziyyətini çox ağırlaşdırar. Yəni buna gediləcəyini gözləmirəm, əksinə, icbari tibbi sığortanın tətbiqi ilə daha da artacaq. Lakin prezidentin bir sərəncamı var. Orada bir məsələ nəzərdə tutulur: sosial ayırmaların işəgötürən və işçi arasında bölgüsünün optimallaşdırılması. Bu o deməkdir ki, işəgötürən-işçi –  22,5 faiz:3,5 faiz nisbəti tədricən işəgötürənin xeyrinə azalacaq. Yəni yaxın gələcəkdə işçinin hesabına ödənilən faizin artma ehtimalı var. Düzünü deyim, bunun da qeyri-rəsmi məşğulluq səviyyəsində ciddi azalmaya gətirəcəyini düşünmürəm. Bu sahədə ciddi nəticə əldə etmək üçün qəbul edilən qanun-qaydaların hamıya eyni dərəcədə tətbiq olunması əsas şərtdir.”

Q.Toğrul bildirir ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması çox çətindir: “Bizim kimi ölkələrdə bu, ikiqat çətindir. İşəgötürən o halda əmək haqların hamısının rəsmiləşdirilməsinə gedəcək ki, onun qeyri-rəsmi ödənişləri azalsın və ya minimuma ensin,  müvafiq vergi və sosial ayırmaların dərəcələri azaldılsın. Ola bilər ki, yoxlamaların dayandırılması haqqında prezident sərəncamından sonra statistik göstərici kimi yoxlamaların sayı azalıb, ancaq sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələr bu gün də davam edir. İnkişaf etmiş ölkələrdə böhran dövründə sahibkarlara müxtəlif güzəştlərin tətbiq olunması təcrübəsi var. O güzəşt siyahısının başında vergi güzəştləri durur. Yaxşı olardı ki, Vergilər Nazirliyi bu barədə ciddi fikirləşsin. Güzəştlər vergi daxilomalarının əhəmiyyətli dərcədə azalmasına səbəb olmamalı, vergi iqliminin münbitləşməsinə xidmət etməlidir”.

S.Məmmədov da özünüməşğul insanlarla bağlı vergiqoymanın patent sisteminin tətbiqini təklif edir: “Bunun İnternet üzərindən edilməsi üçün infrastruktur yaradılmalıdır: yəni mən ayaqqabı təmirçisi olmaq istəyirəmsə, internetlə girib formanı doldurub, kodumu almalı, gedib ona uyğun pulumu hər hansı bankdan ödəməli, qəbz nömrəsini yazmaqla sertifikatım poçtuma gəlməli, mən də onu çap edib işimə başlamalıyam. Bununla da 3 ay, 6 ay və ya 1 il müddətində rahat – heç bir əlavə müdaxilə olmadan işimlə məşğul olmaq imkanı əldə etməliyəm. Bu, bəlkə də büdcəyə elə böyük gəlir gətirməyəcək, amma insanlarda vergi mədəniyyətini formalaşdıracaq və daha böyük uçotdan yayınmaların qarşısını alacaq”.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …