Bazar ertəsi , May 27 2019
Ana səhifə / Araşdırma / Ölkəmizin adı 40 milyon avroluq heroin qalmaqalında: DGK təkzib edir

Ölkəmizin adı 40 milyon avroluq heroin qalmaqalında: DGK təkzib edir

Rumıniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycan üzərindən daşınan rekord miqdarda heroini müsadirə edib

Ötən ilin bu günlərində Azərbaycan ərazisindən Gürcüstana ötürülən 3 ton maye heroinlə bağlı yaşanan qalmaqal təkrar olunub. Rumıniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycan üzərindən daşınan rekord miqdarda heroini müsadirə edib. Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rumıniyanın Mütəşəkkil Cinayətkarlığa və Terrorizmə Qarşı Mübarizə İdarəsi (DİİCOT) və rumın polisi məlumat yayıb.

“Bu, Rumıniyada 1990-cı ildən bəri müsadirə edilmiş ən böyük heroin partiyasıdır” – deyə, DİİCOT-un böyük prokuroru Konstantin Xorodniçanu bildirib. Prokuror əlavə edib ki, müsadirə edilmiş heroinin çəkisi 333 kiloqram, onun bazar dəyəri isə təxminən 40 milyon avrodur. Rumıniya polisinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi, baş komissar Klaudiu Kukunun sözlərindən belə məlum olub ki, 333 kiloqramlıq heroin yükü Rumıniyaya Azərbaycandan, daha sonra Ermənistan, Gürcüstan və Ukraynadan keçirilməklə çatdırılıb. Polisin məlumatında deyilir ki, heroin iki yük maşınının benzin bakında gizlədilibmiş. Həmin maşınlar iki gün əvvəl Rumıniyanın şimalındakı Satu-Mare və Bistritse məntəqələrində Rumıniya-Macarıstan sərhədini keçməyə hazırlaşarkən saxlanılıb.

“Ağ toz” doldurulmuş yüzlərlə paket qəsdən istiot və ədviyyat bağlamaları ilə bir yerə yığılıbmış ki, xüsusi təlim keçmiş itlər də onu hiss etməsin. Daha sonra həmin paketlər benzin bakının alt tərəfində xüsusi hazırlanmış yerə qoyulubmuş. Heroinin daşınmasını rumın-türk cinayətkar qruplaşması həyata keçirib. Bu qrup 2011-ci ildən etibarən polisin nəzarətindədir. Bu cinayətlə bağlı 2 Rumıniya, 3 Türkiyə vətəndaşı həbs olunub. Daha 7 nəfər isə sorğu-sual edilir.

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Rumıniyanın hüquq-mühafizə orqanlarının Azərbaycandan keçdiyi deyilən 333 kiloqram heroinin müsadirə olunması haqda yayılan xəbərlərə aydınlıq gətirib.

DGK-nin mətbuat xidmətindən virtualaz.org saytının sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan tərəfi qanunsuz narkotik qaçaqmalçılığının qarşısını həmişə alıb.
“Rumıniyaya Azərbaycandan keçməklə getdiyi deyilən 333 kiloqram heroinə gəlincə isə bildiririk ki, kütləvi informasiya vasitələri bu xəbərdə Azərbaycanın adını yanlışlıq ucbatından hallandırıblar. Rumıniyanın Mütəşəkkil Cinayətkarlıqla və Terrorizmlə Mübarizə İdarəsinin rəsmi saytında (http://www.diicot.ro/index.php/arhiva/1533-comunicat-de-presa-29-07-2015) yerləşdirilmiş məlumatda Azərbaycan haqda heç bir söz yoxdur” – deyə, DGK-dan bildiriblər.

Yada salaq ki, 2014-cü il iyulun 11-də Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Əfqanıstanda hazırlanan, İran vasitəsilə Azərbaycana daxil olmaqla Gürcüstana ötürülən 2 ton 790 kiloqram yüksək keyfiyyətli maye heroini ölkə ərazisində saxlaması ilə bağlı məlumat yaydı. Rəsmi məlumatda heroinin maye halında olan sabun adı altında 30 litrlik 93 çəlləkdə daşındığı bildirilirdi. Qeyd olunurdu ki, əməliyyat zamanı 2 Gürcüstan və 1 Türkiyə vətəndaşı saxlanıb. Bu günə qədər yükün Azərbaycan ərazisinə necə daxil olması haqda rəsmi məlumat yoxdur. Bəlli olan budur ki, 3 tona yaxın heroinlə yüklənmiş maşın Astara Gömrük-Keçid Məntəqəsindən ölkəyə daxil olub və 500 kilometrlik yolu qət etməklə Qazaxdakı gömrük-keçid məntəqəsindən çıxmaqla sərhədlərimizi aşıb.

E.MƏMMƏDƏLİYEV

Həmçinin oxuyun

“”AZƏRPOÇT”da ŞTATLAR SATIŞA ÇIXARILIB…” – “Əməliyyatçı ştatı 2000, poşt rəisi 10 000…”

Artıq bir ilə yaxındır “Azərpoçt” MMC-də islahatlar adı altında neçə ilin təcrübəli əməkdaşları işdən uzaqlaşdırılır. Bu …

Bir cavab yazın