Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Araşdırma / Ölkədə dəhşətli yanğınlar- 6 uşağın həyatını məhv edən səbəblər…

Ölkədə dəhşətli yanğınlar- 6 uşağın həyatını məhv edən səbəblər…

Ekspert: “Yanğından mühafizə qurğularını yataq otağından tutmuş, bütün yerlərə quraşdırmaq lazımdır”

Son bir həftə ərzində ölkədə yanğın nəticəsində 6 uşaq dünyasını dəyişib. Belə ki, noyabrın 8-də  Şirvan şəhərində vətəndaşa məxsus evdə yanğın baş verib. Hadisə zamanı mənzildə nəzarətsiz qalan iki azyaşlı uşaq – 2013-cü il təvəllüdlü Əbilov Məmmədəli Ramil oğlu və 2015-ci il təvəllüdlü Əbilov Əliheybət Ramil oğlu tüstüdən boğularaq ölüb.

Bu hadisənin ardınca noyabrın 13-də Daşkəsən rayonunun Quşçu kənd sakini, 1970-ci il təvəllüdlü Tağıyev Pənah Cəmil oğluna məxsus ümumi sahəsi 150 kvadratmetr olan fərdi evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, 2010-cu il təvəllüdlü Tağıyeva Aygün Asim qızı, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və 2007-ci il təvəllüdlü Edilxanova Günel Qoşqar qızının meyitləri aşkar olunub.

“Report” xəbər agentliyi yanğının başvermə səbəbi ilə bağlı bəzi detalları əldə edib. Belə ki, məlumata görə, hadisə zamanı ev sahibi Pənah Tağıyev Gəncə şəhərindəki xəstəxanada müalicə alan həyat yoldaşının yanında olub. Yanğın zamanı ölən 2007-ci il təvəllüdlü Ədilxanova Günel Qoşqar qızının anası – ev sahibinin qızı – Gəncədə olduğuna görə övladını ata evinə aparıb və qardaşı Asim Tağıyevin yanına qoyub.

Axşam saatlarında isə Asim mal-qarasının gəlmədiyini görüb, meşəyə heyvanların dalınca gedib. Lakin mal-qaranı orada tapmayan Asim gecə saatlarında onları axtarmağa başlayıb və bu səbəbdən yanğın zamanı evdə olmayıb.

Yanğın baş verən zaman evdə onun həyat yoldaşı Sevinc Tağıyeva, 3 övladı və baldızı qızı olub. Qadın və uşaqlar yatdığı üçün yanğından xəbərləri olmayıb. Yanğının evdə quraşdırılan odun sobasından başlayaraq evə yayıldığı ehtimal edilir.

Ötən ilin qış aylarında da Bakıda və bölgələrdə demək olar ki, hər gün yanğın hadisəsi baş verirdi. Bütün yanğın hadisələri bu cür bədbəxt sonluqla nəticələnməsə də, ümumilikdə heç kim təhlükədən sığortalanmayıb. Çünki yaşayış evlərində yanğının yerindəcə qarşısını alan qurğular, siqnalizasiya sistemləri quraşdırılmayıb. Bəs bu qurğuları nə üçün quraşdırmırıq?

Əvvəlcə onu qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin  elektron qəzetində yanğından mühafizə sistemlərinin qurulmasının yeni texnologiyası barəsində geniş məqalə yerləşdirilib. Burada bütün detallar qeyd olunub.

Ekspert Nüsrət Qasımov ile ilgili görsel sonucu

Ekspert Nüsrət Qasımov bildirib ki, əslində bütün mənzillərdə yanğın baş verən zaman xəbərdarlıq edəcək olar qurğular quraşdırılmalıdır: “Azərbaycanda belə halları da müşahidə edirik ki, insanlar 1 milyon verib, villa tikirlər, ancaq 500 manat verib, yanğından mühafizə sistemi quraşdırmırlar. Eləcə də qaz üçün xüsusi detektorlar da var ki, bundan da insanlar almırlar. Halbuki dəfələrlə mətbuat, televiziya vasitəsilə bildirilib ki, həmin qurğuların quraşdırılması lazımlıdır. Ötən həftə Nyu-Yorkda olduğum zaman evdə üzərlik yandırmaq istədim. Evdə uşaqlar dedilər ki, tüstü yuxarıdakı cihaza gedərsə, siqnalizasiya işə düşəcək. Yəni qurğular bu qədər həssasdır. Həmin aparatların qiymətləri də çox baha deyil.  Yanğınların səbəblərini araşdırdıqda görürük ki, əksər yanğınlar elektrik xətlərinin həddindən artıq yüklənməsi səbəbindən baş verir. Əgər sovet dövründə yalnız bir televizor, 3-4 də lampa yandırılırdısa, hazırda elektriklə işləyən qurğuların sayı xeyli dərəcədə artıb. Bir mənzildə fərqli cür elektriklə çalışan əşyalar işlədilir. Belə olduğu təqdirdə elektrik xətlərinin çəkilişinə də diqqət etmək lazımdır. Yəni naqilin  kəsiyini bu yükə uyğun hesablamaq lazımdır. Azərbaycanda bunu hesablayan yoxdur. Əllərinə nə naqil gəldisə, ondan da elektrik xətti çəkirlər. Yük də artan kimi naqillər qızır, bir-birinə dəyir, yanğın baş verir. Daşkəsəndə baş verən yanğın odun sobasından qaynaqlanıb. Əslində odun sobasını da quran zaman bəzi qaydalara əməl etmək lazımdır. Belə ki, sobanın altına mütləq şəkildə qum tökmək lazımdır və nəzarətsiz qoyub, kənara getmək olmaz. Bu istiqamətdə camaatı maarifləndirmək lazımdır. İnsanlar sanki 12-ci əsrdən qalıblar. Nə radioya, televizora qulaq asırlar, nə də özləri araşdırıb, öyrənirlər. Sobanı quran zaman yaxınlığından yanğına meylli əşyaları götürmək lazımdır”.

Ekspert bildirib ki, yanğından mühafizə qurğularını yataq otağından tutmuş, bütün yerlərə quraşdırmaq lazımdır:“Xüsusilə də bu qurğular yataq otağında olmalıdır. Çünki tüstü gələn kimi həmin qurğular siqnal verib, yatan insanı oyadır. Bağçalar, məktəblər, eləcə də mənzillərin qarşısında yanğının qarşısını almaq üçün qumlar, balonlar olmalıdır. Dəfələrlə müşahidə etmişəm ki, Azərbaycanda binada yanğının qarışını almaq üçün quraşdırılan su xətlərindən oğurluq edirlər. Maşınla suyu çəkib, aparıb satırlar. Nəzarətsizlik və səhlənkarlıq olduğu üçün bu cür faciələr başımıza gəlir”.

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …