Şənbə , İyul 20 2019
Ana səhifə / Araşdırma / Oliqarxın Londonda sirli ölümü: Elmira ilə gizli eşq məcarasından dərhal sonra…

Oliqarxın Londonda sirli ölümü: Elmira ilə gizli eşq məcarasından dərhal sonra…

Britaniya hökuməti 2012-ci ildə Londonda qəfil ürək tutmasından olan mühacir rusiyalı oliqarx-maliyyəçi Aleksandr Perepeliçniyin işi üzrə sensasion kəşfiyyat məlumatlarını məhkəmədən gizlədir. Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ-ın “BuzzFeed” nəşrinin sensasion araşdırmasında deyilir. Həmin kəşfiyyat məlumatlarına əsasən Perepeliçniy birbaşa Rusiya rəhbərliyinin göstərişi ilə öldürülüb.

Araşdırmada deyilir ki, ABŞ, Fransa və Böyük Britaniyanın 12 indiki və keçmiş əməkdaşlarının, hüquq-mühafizə orqanı işçilərinin təqdim etdikləri məxfi sənədlər, onların verdikləri ifadələr biznesmenin ölümündə Rusiya rəhbərliyinin əli olduğunu təsdiq edir. Habelə məlum olur ki, Britaniya xüsusi xidmət orqanları və hökuməti bu qətlin üstünün açılmasında maraqlı olmayıblar. Bunu ölkənin milli təhlükəsizliyi üçün təhdid yaratmamaqla izah ediblər.

Aleksandr Perepeliçniy kim idi, Londona niyə qaçmışdı…

Aleksandr Perepeliçniy Rusiya məmurlarına qarşı ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyaların tətbiq olunmasına gətirib çıxaran məşhur “Maqnitski işi” üzrə fiqurantlardan biri olub. O, biznesmen Vladlen Stepanovun partnyoru idi və Britaniyanın “Hermitage Capital Menecment” investisiya şirkətinin hüquqşünası, vəkil Sergey Maqnitski həmin Stepanovun yüksək vəzifəli vergi məmurları ilə büdcə vəsaitlərini necə taladığını üzə çıxarmışdı.

Bundan sonra Maqnitskiyə qurama ittihamla cinayət işi qaldırdılar və vəkil həbsxanada məruz qaldığı işgəncələrdən öldü. Onun öldürülməsi böyük beynəlxalq rezonans yaratdı və sonda Rusiyaya qarşı sanksiyalara gətirib çıxardı. ABŞ Konqresi “Maqnitski Aktı” adlı qanun qəbul edib Rusiya məmurlarına qarşı sanksiyalar tətbiq etdi.

Perepeliçniy 2009-cu ildə isə xaricə qaçaraq keçmiş ortağının yüksək vəzifəli məmurlarla korrupsiya əlaqələrinə dair bütün məlumatları, milyardlarla rublluq mənimsəmə faktlarını, məmurlara bağlı offşor şirkətləri, bank hesablarını İsveçrə prokurorluğuna təqdim etdi. Və həmin faktlar əsasında İsveçrə prokurorluğu cinayət işi qaldırdı.

44 yaşlı oliqarxın qəfil ölümü: qaçarkən yıxıldı, ürəyi dayandı

Rusiyadan qaçandan sonra Londonda, Sürrey qraflığının milyonerlər məhəlləsindəki malikanəsində məskunlaşdı, ancaq çox keçmədən müəmmalı ölüm onu haqladı. 2012-ci ildə Perepeliçniy malikanəsinin qarşısında səhər yürüşü zamanı qəfildən yıxılıb öldü. Tanışları deyirdi ki, 44 yaşlı biznesmenin səhhətində heç bir problem yox idi və o, olduqca sağlam biriydi. Elə polis də Perepeliçniyin ölümündə şübhəli heç bir dəlilə rast gəlmədi, onun cəsədi üzərində aparılmış analizlərdə zəhər, yaxud radioaktiv maddə izləri tapılmadı.

Lakin 2015-cü ildə bu müəmmalı ölümü yenidən araşdırmağa başladılar və Perepeliçniyin mədəsində olduqca nadir zəhərin izlərini tapdılar. Zəhərli maddələr üzrə nüfuzlu alim, professor Monik Simmondsun rəhbərliyi altında aparılan təhqiqatlar nəticəsində məlum oldu ki, biznesmen Asiyada bitən olduqca nadir, yüksək zəhərli bitki-“Gelsemium elegans”ın zəhərindən ölüb. Hansı ki, bu zəhər iysizdir, dadsızdır və onun olduqca cüzi dozası belə ürək fəaliyyətinin qəfil iflic olmasına, beləliklə də qəfil ölümə səbəb olur.

Beləliklə, Perepeliçniy Rusiyadan qaçıb Londona sığınan, ancaq ölümdən qaça bilməyən müxaliflərin siyahısını yenilədi. Böyük Britaniya kəşfiyyatı müəyyən etdi ki, biznesmeni rusiyalı killer zəhərləyib. Lakin sifarişi kim verib, bu qaranlıq qalırdı.

ABŞ kəşfiyyatı işin üstünü açıb

BuzzFeed-in yazdığına görə ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları bildiriblər ki, Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinə Perepeliçniyin “böyük ehtimalla Putinin, yaxud ona yaxın şəxslərin əmri əsasında” öldürüldüyünə dair “yüksək keyfiyyətli” kəşfiyyat məlumatları təqdim ediblər. Habelə amerikalı xüsusi xidmət əməkdaşları Britaniya polisini biznesmenin ölümünün təhqiqatında “xaltura” etməkdə günahlandırblar.

Perepeliçniyin Rusiya dövləti tərəfindən qətlə yetirilməsi barədə  olduqca məxfi hesabat ABŞ Milli Kəşfiyyat Agentliyinin direktorunun Katibliyi tərəfindən ötən il tərtib edilib. Jurnalın yazdığına görə Fransa polisi də britaniyalı həmkarlarının işin üstünü açmaq istəmədiyini düşünür.

Gənc model Elmira…

Bu işə ona görə fransızlar da cəlb olunub ki, Perepeliçniy Parisə səfər edəndən dərhal sonra keçinib. Onun məhz Parisdə zəhərləndiyi təxmin edilir.  Belə ki, Perepeliçniy 22 yaşlı ukraynalı modellə görüşmək üçün Londonan Parisə gedib. Fransa polisi müəyyən edib ki, Parisin beşulduzlu Bristol otelində Perepeliçniy gənc ukraynalı model Elmira Medinska ilə görüşüb. İnternet mənbələrində Medinska məşhur Ukrayna modelyeri kimi göstərilir, onun Moskvada təhsil aldığı bildirilir. Otel sənədlərinə əsasən Perepeliçniy məhz Elmira Medinska ilə xəlvəti görüşmək üçün Parisə getmişdi. Cütlük oteldə iki gün keçirib, “romantik paket” sifariş verib və oteli noyabrın 10-da tərk ediblər. Həmin gün Pereeliçniy Londona dönüb və orada keçinib.

Fransa polisi hesab edir ki, Elmira Medinska Perepeliçniyin işində olduqca mühüm fiqurdur. Lakin o vaxt 22 yaşı olan bu ukraynalını dindirmək mümkün olmayıb, çünki Britaniya polisi təhqiqatı çox ləng aparıb.

BuzzFeed-ə açıqlamasında Medinska Parisdə Perepeliçniylə görüşdüyünü təsdiq edib. Məlum olub ki, o, Parisə noyabrın 6-da gedib, iki gün sonra biznesmenlə görüşüb. Həmin qalan iki gündə Elmira Parisdə kimlərlə görüşüb, bu qaranlıq qalır. Modelyer deyib ki, Perepeliçniy ona Parisi göstərmək üçün dəvət etmişdi: “Mən onun çox gərgin olduğunu gördüm, hansısa sirli telefon zənglərinə cavab vermək üçün küçəyə çıxırdı, əsəbi görünürdü. Əlləri əsirdi, çoxlu şərab içdi və köynəyinə şərab töküldü”.

“Tatyana məni söydü…”

Elmira danışır ki, Perepeliçniyin ölümü haqda ondan ayrılandan az sonra arvadı Tatyana elektron poçtla ona yazıb. Və Tatyana Elmiranı “pis sözlərlə” söyüb. “Mən onun nə işlə məşğul olduğunu bilmirdim. Google-də adını yazanda ölümündən təəcüblənmədim. Rusları Londonda bu cür öldürürlər. O, Rusiya haqda informasiyaları İsveçrəyə verib, buna görə isə onu öldürə bilərdilər”-ukraynalı model danışır.

Lakin maraqlıdır ki, Medinska Parisdə Perepeliçniylə görüşəndən sonra özünə moda firması açıb, öz brendini Elmira Medins olaraq dəyişib. Onun İnstagram hesabında Paris, Dubay və Milanda otellərdə, restoranlarda çəkilmiş çoxlu qlamur fotoları var. Və BuzzFeed-in əməkdaşları ilə danışandan sonra Elmira hesabını bağlayıb, yoxa çıxıb…

Həmçinin oxuyun

Gömrük generalı ilə bağlı sensasiya – DTX araşdırma aparır

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Bakı Baş Gömürk İdarəsində apardığı yoxlama nəticəsində üzə çıxan …

Bir cavab yazın