Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Oleq və Rac: Sumqayıtda dələduzluq dastanı

Oleq və Rac: Sumqayıtda dələduzluq dastanı

Eyni məhəllədə böyüyən uşaqlıq dostları bir yerdə törətdikləri cinayət əməlinə görə müttəhimlər kürsüsünü də bölüşüblər. Qurbanlarını uzun müddətə ipoteka krediti alacaqlarına inandıran gənclər onlara kələk gələrək, özlərini gah “Bank of Baku” ASC-nin “filial müdiri”, gah Mərkəzi Bankın “əməkdaşı”, gah da səhmləri SOCAR-a məxsus “Petkim” neft-kimya şirkətinin “işçisi” kimi təqdim ediblər. Fırıldaqlarının üstü acılında isə növbəti dələduzluğa qol qoyublar. Aldatdıqları şəxslərlə birtəhər dil tapıb onlarla borc müqaviləsi imzalamağa müvəffəq olublar.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Sumqayıt şəhər sakinləri – 27 yaşlı Oleq Abbasov və 28 yaşlı Rac Axundovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Prosesə hakim Səbuhi Hüseynov sədrlik edir.

“Nağıl”ın müqəddiməsi

İstintaqla müəyyən olunub ki, Oleq Abbasov dostu Rac Axundovla əlbir olub cinayət ələqəsinə girərək vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda əmlakı ələ keçirməklə onlara qarşı dələduzluq ediblər. Zərərçəkmişləri ipoteka krediti düzəldəcəkləri ilə aldadıblar. Özlərini “Bank of Baku” ASC-nin filial müdiri, Mərkəzi Bankın əməkdaşı kimi təqdim edərək kreditin alınması üçün qabaqcadan pulun müəyyən hissəsinin bankın depozit hesabına keçirilməli olması, sonradan kreditlə birgə həmin pulun da qaytarılacağı barədə yalan məlumatlar veriblər.

Zorən dələduzlar

Təqsirləndirilən şəxs qismində dindirilən Oleq Abbasov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Rac Axundovla aralarında dostluq münasibəti olduğunu göstərib: “Taksi sürücüsü İlhamı ipoteka krediti düzəltmək adı ilə aldadıb pulunu qoparmaqla bağlı Racla aramızda plan cızdıq. Ona Mərkəzi Bankdan 35 min manat ipoteka krediti düzəldə biləcəyimi dedim. Sənədlərin düzəlməsi üçün müxtəlif vaxtlarda aldığımız 2010 manatı Racla yarı bölmüşük. Sonra isə dedik ki, ipoteka düzəlmir. İlham pulları geri qaytarmayacağımız təqdirdə lazımi qurumlara şikayət edəcəyini bildirdi. Bu dələduzluğu pulsuzluqdan etmişik, məbləği İlhama tam şəkildə qaytarmışıq”.

 

“Sələmçi” qadınlar

O.Abbasov ifadəsində Samirə Nəzərovanı anasının tanışı kimi tanıdığını, ondan faizə pul götürdüyünü deyib: “Samirə ilə anası düz danışmırlar. Onlardan “Bank of Baku”dan 65 min manat ipoteka krediti almaq adı ilə 38 min manat almamışam. Ondan 14 min manat almışam, 2 minini qaytarsam da, yerdə qalan məbləği ödəyə bilməmişəm. O da həmin pulun faizini hesablayaraq, notarial qaydada borc müqaviləsi bağlayıb”.

Təqsirləndirilən ifadəsində Gülnarə Qayıbovaya qarşı dələduzluq etmədiyini, ondan da faizə pul götürdüyünü deyib: “Gülnarəyə 4500 manat borcum qalmışdı. Ondan ipoteka düzəltmək adı ilə pulu Rac alıb. Racın hansısa tanışı bankda işləyirdi. Gülnarəyə özünü Elçin Fərzəliyev kimi təqdim edən şəxs də Rac olub”.

 

Aldadılanlar arasında dostları da var

Uşaqlıq dostu Kənan Güləhmədova qarşı dələduzluq faktı ilə bağlı O.Abbasov bunları deyib: “Kənandan işə düzəltmək adı ilə pul almamışam. Tutulmamışdan bir ay əvvəl borc pul istəmişdim, tutulduğum gün qaytarmalıydım, qaytara bilmədim. Kənanı işə düzəltməyə Rac söz vermişdi. Şirkətin geyim formasını da Rac təqdim etmişdi. Həmin kostyumu Racla birlikdə “20 Yanvar” metrosunun yaxınlığındakı dükanların birindən almışdıq”.

 

Oleqin göstərişi ilə Mərkəzi Bankın “əməkdaşı”

Təqsirləndirilən Rac Abbasov ona elan olunan ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində Oleqin Samirəyə və onun anasına qarşı etdiyi dələduzluqdan xəbərsiz olduğunu göstərib. Gülnarədən üç dəfə ipoteka krediti düzəltmək adı ilə pul alıb Oleqə verdiyini, onun göstərişi ilə özünü Mərkəzi Bankın işçisi Elçin Fərzəliyev kimi qələmə verdiyini deyib.

 

Falçının “karol” oğlu bank işçisi imiş?

Zərərçəkmiş şəxs qismində dindirilən Səfayət Nəzərova ifadəsində 2014-cü ilin noyabr ayında kartla fala baxan İnna adlı qadınla tanış olub. Sonradan qızı Samirə də həmin qadının yanına gedib-gəlib. Falçı qadın Samirəyə böyük pul gələcəyini, qarşıda onu “karol” gözlədiyini, bank yolu ilə ev alacağını və hər şeyin yaxşı olacağını deyib.

Samirə isə cavabında “Bank of Baku” ya 1000 manat kredit borcu olduğunu, gecikmələr yarandığını, ona kredit verməyin mümkün olmadığını bildirib. Elə bu vaxt yan otaqdan çıxaraq söhbətə müdaxilə edən “karol” Samirəyə “Bank of Baku”da işlədiyini, ona ipoteka krediti verə biləcəyini söyləyib.

65 min manatlıq ipoteka krediti

Falçı İnnanın oğlu Oleqin doğrudan da bankda işlədiyinə inanan Samirə bu barədə anasıgillə məsləhətləşib, onlar da razılaşıblar. Beləliklə, Oleq Abbasov Samirənin adına 65 min manat kredit düzəldəcəyinə inandırıb. Ondan şəxsiyyət vəsiqəsini və adına olan “Bank of Baku”nun “gümüş kart”ını alıb. Sonradan Samirənin banka 1500 manat borcu olduğunu, borcu bağlayarsa kredit götürə biləcəklərini deyib.

S.Nəzərova da borcu bağlamaq üçün Oleqə pul verib. Oleq qadını ipoteka ilə bağlı sənədləşdirmə aparıldığına inandırıb. Əlavə olaraq, 180 manat lazım olduğunu və ertəsi gün səhər saatlarında Sumqayıt şəhərindəki “Bank of Baku” filialının qarşısına gəlməyi tapşırıb. Həmin gün Oleqə nə qədər zəng vursa da, zəng çatmayıb. Əsəblərini cilovlaya bilməyən Samirə birbaş İnnanın evinə gedib və oğlunun harada olduğunu xəbər alıb. Bu zaman Oleq o biri otaqdan çıxaraq onun üstünə qışqırıb, ardıcıl olaraq zəng vurduğuna görə iradını bildirib. Səs-küy salmamağı, sənədlərə başı qarışdığı üçün evə gec gəldiyini, ona görə də, telefonu söndürdüyünü, özü əlaqə saxlayacağını deyib. Axşam saatlarında Oleq özü Samirəyə zəng vurub: “Oleq dedi ki, bankın müdiri Mehmanla Kənan adlı işçisi ona zəng vurub qızımın başqa banklara borcu olduğunu deyiblər və onları bağlamağı məsləhət görüblər. Bank borclarını özü Samirənin adından ödəyəcəyini dedi. Biz də 1300 manat verdik. Qəbzlərin özündə olduğunu, Samirənin “gümüş kart”ına 10 min manat pul köçürüldüyünü, pulun 3 min manatının ona çatmalı olduğunu dedi. Ertəsi gün Ramin adlı bir oğlanla gəldi, onu bizə bank işçisi kimi təqdim etdi”.

 

“Ərim əsəbləşib pulları geri tələb etdi, beyninə qan sızdı, öldü”

S.Nəzərəliyeva ifadəsində Oleq Abbasovun onlara kredit düzəltmək adıyla 38770 manat məbləğində ziyan vurduğunu deyib: ”Hər dəfə deyirdi ki, ipoteka yaxın vaxtlarda düzələcək, amma düzəlmirdi. Hətta məsləhət verirdi ki, mənzili banka girov qoyub pul götürək, borc sahiblərinə qaytaraq. Onun bu söhbətindən sonra həyat yoldaşım Balaqardaş əsəbləşdi, pulların hamısını geri qaytarmasını tələb etdi. Ertəsi gün Balaqardaşın vəziyyəti pisləşdi, beyninə qan sızdı, yoldaşım infarktdan rəhmətə getdi. Ərimin dəfnindən sonra Oleq mənə zəng vuraraq çağırıb dedi ki, pulları bir aya qaytaracağam, gedək borc müqaviləsi bağlayaq. Mən də inandım. Borc müqaviləsini qızıma göstərdim. Samirə dedi ki, Oleq bundan sonra ümumiyyətlə pul verməyəcək. Bir neçə dəfə zəng vurub pullarımızı istədikdə nalayiq sözlərlə söyüş söydü, pulları tək yemədiyini dedi. Ona görə də, məcbur olub polisə şikayət etməli oldum”.

 

“NAZ Lifan”la sərnişin daşıyan Qarabağ əlilini də tora salıblar

Zərərçəkmiş şəxs qismində dindirilən İlham Qəhrəmanov ifadəsində Qarabağ əlili olduğunu, “NAZ Lifan” markalı avtomobillə Sumqayıt şəhərində fəaliyyət göstərdiyini, 2015-ci ilin may ayında təsadüfən Rac Axundovla tanış olduğunu, onu taksi ilə bir neçə yerə apardığını göstərib. Sərnişinin maşında ipoteka krediti ilə bağlı telefon danışığı sürücünün diqqətini çəkib, ondan bankda işləyib-işləmədiyini soruşub, uzun müddətə kredit düzəltməsini xahiş edib.

Bir müddət sonra R.Axundov onu Oleqlə tanış edib. Oleq işləri düzüb-qoşmaq üçün əvvəlcədən 400 manat “hörmət” etmək lazım olduğunu, bir həftə ərzində 35 min manat ipoteka düzəldəcəyini, 8 min manatın isə özlərinə çatacağını deyib. Razılaşıblar. Həmin gündən etibarən dostlar sənəd düzəltmək adıyla İ.Qəhrəmanovdan müxtəlif vaxtlarda bir neçə dəfə pul alıblar. Oleq ona başqa banklardan götürdüyü kreditlərlə bağlı problemlərə görə işin alınmadığını, “Mərkəzi Bank”ın işçiləri Əziz adlı şöbə müdirinə və İlham adlı işçiyə 500 manat pul lazım olduğunu bildirib. Sonuncu dəfə qonşudan aldığı 500 manat borcu da Oleqə verən İ.Qəhrəmanov aldadıldığını görüncə, lazımi qurumlara şikayət edəcəyini bildirib və ondan aldıqları 2030 manatı geri qaytarmağı tələb edib. Lakin dostlar müxtəlif bəhanələr gətirərək pulları olmadığını deyiblər. Aralarında mübahisə yaranıb. İ.Qəhrəmov baş verənlər barədə polisə məlumat verib.

Banka “qoyulan” 10 min manat depozit , 60 min manatlıq ipoteka

Zərərçəkmiş Gülnarə Qayıbxanova da eyni üsulla aldadılıb. O, Oleq Abbasovu anası İnnaya görə tanıyıb. Oleqin ipoteka krediti almaqda ona köməklik edəcəyini düşünən qadın babasından aldığı 10 min manat pulu depozit adı ilə ona verib. Oleq də iki-üç günə 60 min manat pul alacağını vəd edib. Amma sonradan depozit üçün əlavə olaraq 8 min manat da lazım olduğunu deyib. Gülnarə 6 min avro pul tapıb, onu da Oleqə verib: “Məndən heç bir sənəd istəmədi. Dedi ki, bu işdə ona zamin duranlar var, tezliklə banka çağırıb sorğu-sual edəcəklər və sənədləri toplayacaqlar”.

 

“Uşağımı oğurlatdıracağı ilə hədələyir, məni öldürməklə təhdid edirdi”

Doğurdan da, 1 noyabr 2015-ci ildə G.Qayıbovanın mobil telefonuna zəng vuran şəxs özünü Mərkəzi Bankın əməkdaşı Elçin Fərzəliyev kimi təqdim edib, ipoteka kreditinin hazır olduğunu, amma müəyyən problemlər yarandığına görə əlavə olaraq 4 min manat da lazım olduğunu bildirib: “Oleq dedi ki, narahat olma, pullar depozitdədir, sonda ipoteka ilə birlikdə alacaqsan. Əlavə olaraq 4 min manat da Elçin Fərzəliyevə verdim. Hər dəfə zəng vuranda məni yola verirdilər. Camaatdan aldığım pulları qaytarmalı idim. Əgər bu məsələni həll etməsəm, pis vəziyyətdə qalacaqdım. Verdiyim pulları tələb edəndə Oleq konkret olaraq mənə pul qaytarmayacağını, uşağımı oğurlatdıracağını deyərək, məni ölümlə hədələdi. 22 yanvar 2016-cı ildə ərizə ilə polisə müraciət etdim”.

 

“Petkim”də maliyyə şöbəsində işlədiyini deyirdi”

Zərərçəkmiş Kənan Güləhmədovu dələduz dostlar tamam başqa üsulla aldadıblar. Uşaqlıq dostu ilə on ildən sonra təsadüfən rastlaşan Oleq Abbasov onu da öz toruna sala bilib. Kənanla rastlaşarkən “Petkim”də çalışdığını, istəsə onu da həmin şirkətə işə düzəldə biləcəyini deyib: ”Petkim” neft şirkətinin maliyyə şöbəsinin müdirinin müavini olduğunu dedi, inandım. Aylıq 2200 manat maaş aldığını, məni də yanına işə düzəldə biləcəyini söylədi. Dediklərinə inanıb sənədlərlə yanaşı 300 manat da pul verdim. Həmin vaxt Oleqin yanında ilk dəfə Racı görmüşəm. Mənə dedilər ki, kadrlar şöbəsinin rəisi Vidadi müəllim sənə zəng vuracaq. Doğurdan da ertəsi gün mənə zəng gəldi, zəng vuran şəxs özünü Vidadi müəllim kimi təqdim etdi, şirkətə 890 dollar maaşa işə düzəlməyimi istəyib-istəmədiyimi soruşdu. Razılaşdım. Sənədlərin hazırlanması üçün Oleqə əlavə olaraq 1200 manat da verdim”.

 

“Sonradan bilmişəm ki, hər dəfə mənimlə danışan Rac imiş”

Ən qəribəsi odur ki, növbəti dəfə kafedə əyləşib bu barədə söhbət edərkən Oleq əmək müqaviləsini göstərib, uşaqlıq dostuna narahat olmamağı, hər şeyi düzüb qoşacağını deyib. Şirkətin ümumi müdiri Əziz müəllimin indilərdə zəng vuracağını bildirib. Sonrasa Raca çöldən limonad alıb gətirməyi işarə edib: “Rac çölə çəxandan on qədiqə sonra telefonuma zəng gəldi. Zəng vuran şəxs özünü Əziz müəllim kimi təqdim etdi, sənədləşmə işinin başa çatdığını, tam düzəlməsi üçün əlavə 1000 manat lazım olduğunu dedi. Sonradan başa düşdüm ki, hər dəfə mənimlə “Petkim” adından danışan Rac imiş, əvvəldən tamaşa hazırlayıb artistlik edirmişlər. Atamdan 1000 manat alıb Oleqgilə verdim. Ertəsi gün Oleq zəng vurub “20 Yanvar” metro stansiyasına çağırdı. Ora gəlib çatanda Rac yaxın zamanda şirkətə işə çıxacağımı dedi, bir ədəd plastik kart və “Petkim” neft şirkətinin formasını mənə verdi. Bundan sonra Oleqlə Rac itdilər. Onlara zəng çatmadı”.

(Virtualaz.org)

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın