Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Araşdırma / “Oka” və “NazLifan”ı Bakıda nömrəsiz sürənlər

“Oka” və “NazLifan”ı Bakıda nömrəsiz sürənlər

Bakıda son dövrlər dövlət qeydiyyat nişanı olmadan hərəkət edən “Oka” və “Lifan”  avtomobilləri barədə məsələ növbəti dəfə gündəmə gəlib. Belə görünür ki, həmin markadan olan və dövlət tərəfindən Qarabağ, 20 Yanvar və Çernobıl əlillərinə pulsuz verilən avtomobilləri dövlət nömrə nişanı olmadan idarə etmək artıq tendensiyaya çevrilib. Özü də çox pis tendensiyaya…

Əməkdaşlarımız dəfələrlə Bakı küçələrində belə avtomobilləri müşahidə edib, fotolarını çəkib və məsələni DYP ilə araşdırıb. Amma Bakı küçələrindən nömrəsiz “Oka”lar və “NazLifan”lar yığışmayıb. Növbəti belə avtomobil Suraxanı rayonu ərazisində, “Buta Palace” şadlıq sarayı istiqamətindəki yolda görüntülənib. Fotodan da göründüyü kimi həmin “Oka”nın üzərində dövlət nömrə nişanı yoxdur. Sükan arxasında isə 23-25 yaşlı gəncdir. Ehtimal ki, həmin gənc nə Qarabağ, nə Çernobıl, nə də 20 Yanvar əlilidir.

Hətta sürücü bu kateqoriyalardan olan biri olsaydı belə avtomobili nömrəsiz idarə etmək kimi qanun pozuntusuna yol verməli deyildi.

Qanunvericiliyə görə, bütün avtomobillər dövlət qeydiyyatına alınmalı, nömrəsiz avtomobillə heç bir sürücü yola çıxmamalıdır. Nömrəsiz avtomobillərlə yol verilən qayda pozuntuları təkcə avtomobil sahibinin yox, elə yol polislərinin də işini xeyli çətinləşdirir.

Virtualaz.org dəfələrlə şəhərdə şütüyən nömrəsiz avtomobillərlə bağlı problemi işıqlandırıb, belə avtomobillərin  hətta DYP əməkdaşlarının gözü qarşısında rahatca hərəkəti ilə bağlı foto və videolar yayımlayıb.

Bəs Dövlət Yol Polisi əməkdaşları bu cür kütləvi qanun pozuntusunun qarşısını niyə almır? Eyni sualla yenidən yol polisinə müraciət etdik, məlum oldu ki, DYP-də problemdən xəbərdardırlar. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin  İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyevin sözlərinə görə, belə sürücülər müəyyən olunduqda onlara qarşı dərhal tədbirlər görülür.

“İstər paytaxtda, istərsə də, regionlarda qeydiyyat nömrə nişanı olmayan, qanunu pozan belə sürücülər aşkar edildikdə yol polisi əməkdaşları tərəfindən saxlanılır, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq məsuliyyətə cəlb olunurlar. Təkcə yolda xidmət aparan polis əməkdaşları onlara nəzarət eləmir, həmçinin quraşdırılmış texniki vasitələrlə – kameralarla belə qayda pozuntusu aşkarlanır və dərhal xidmət aparan DYP əməkdaşlarına məlumat verilir. Onlar qısa müddət ərzinə sürücünü aşkar edərək məsuliyyətə cəlb edirlər”, – R. Quliyev deyir.

DYP rəsmisinin sözlərinə görə, 2018-ci ildə  dövlət nömrə nişanı olmayan avtomobili idarə edən 775 sürücüyə qarşı protokol tərtib olunub.

Xatırladaq ki, qanunvericiliyə görə, əgər hər hansı avtomobilə nömrə verilməyibsə, bu qeydiyyatdan keçməmiş nəqliyyat vasitəsinin idarə edilməsi hesab olunur və buna görə İnzibati Xətalar Məcəlləsinin 154-cü maddəsinə görə 50 manat cərimə tətbiq olunur. Əgər avtomobilin nömrəsi varsa və sürücü onu çıxararaq avtomobili nömrəsiz idarə edirsə, buna görə 155-ci maddəyə əsasən 40 manat cərimə oluna bilər.

Əgər nömrə varsa və onu maşından kənara qoyubsa, belə avtomobil cərimə meydançasına aparılır, sürücüyə 4 cərimə balı verilir və 60 manat cərimə olunur. Bu halda sürücü yalnız nömrəni gətirib yerinə taxdıqdan sonra onu idarə edə bilər.

Deyəsən avtomobili nömrəsiz idarə etməyə görə qanunda nəzərdə tutulmuş cəzalar çox yumşaqdır axı?…

Həmçinin oxuyun

Azərbaycanda QİÇS problemi – əgər virusa yoluxmusunuzsa… – Fotolar

Əməkdaşımızın QİÇS-lə Mübarizə Mərkəzindən eksklüziv reportajı; SPİD xəstəsi öz yaxınları üçün təhlükədirmi, ən çox nələrə …