Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Oğurlanmış avtomobilini Bakıda tapdı – rusiyalının film kimi hekayəti

Oğurlanmış avtomobilini Bakıda tapdı – rusiyalının film kimi hekayəti

Viktor Sırovatka kirayə verdiyi “Hyundai Solaris”ini necə tapdı?

Bizim avtomobil oğruları dünyada murdarlamadıqları bircə ocaqbaşı belə qoymayıblar. Almaniyadan tutmuş Yaponiyayadək hər yerdə, bəli, papağımızı… mədəni dillə desək, götürüb yerə çırpıblar. Abırdan ən çox düşdüyümüz yer Rusiya Federasiyası paytaxtı al ulduzlu Moskvadır.

Bizimkilər, vallah, bu sahədə sözün əsl mənasında bütün sərhədləri, çərçivələri vurub aşıblar. Hamburqda, yaxud Tokioda oğurladıqları bahalı avtomobilləri bu dələduzlar Bakıya necə gətirirlər? Dövlət sərhədlərini necə vurub keçirlər? Polisdəki havadarları, həmkarları kimlərdi axı?

Rusiya, eləcə də Azərbaycan hüquq-mühafizə işçilərinin göz yumduğu bu qəliz mövzu bir gün, şükür, nəhayət, öz layiqli həllini tapır axır ki. Kimin sayəsində tapır? Adi Rusiya vətəndaşı Viktor Sırovatkanın sayəsində.

***

Hadisə məşhur “Qafqaz əsiri” filminin süjetini xatırladır mənə. Kiçik fərqlə-orda oğurlanan gözəl gəlindi, burda isə ağ-appaq “Hyundai Solaris” avtomobili.

121212.JPG (37 KB)

Gözündə qalın şüşəli eynək, saçları qısa vurulmuş Biktor Sırovatka, həqiqi, üz-gözdən kino qəhrəmanı Şuriki xatırlatdı bir an mənə. Bir gün bax bu Şurik… bağışlayın, Viktor Sırovatka oturubmuş öz xudmani kiçik ofisində. Kirayə verdiyi avtomobillərin uzun siyahısına baxırmış. Müşahidə kameralarının iti gözləri önündə bu vaxt ofisin küçə qapısı açılır öz-özünə. Yoğun vücudlu, ağır çəkili bir rus balası girir içəri. Şirkətin baş meneceri Olqa Şevçenkoya yaxınlaşıb deyir, bəs “mənə düz üç ay müddətinə ”Hyundai Solaris” markalı avtomobiliniz lazımdı. Kirayə haqqını bax elə indicə artıqlaması ilə ödəyəcəyəm.

 

Bu da sənədlərim-pasport, yaşayış yerindən arayış, üç ədəd fotoşəkil”… Məşədi İbad demiş, bir kəllə qənd, üç manat pul, vəssalam, iş tamam…

“Qafqaz əsiri” filminin tanış süjeti bircə göz qırpımında yenidən dirilərək qayıdır real həyatımıza. Yuri Nikulin, Yevgeni Morqunov, Frunzik Mkrtıçyan, Georgiy Vitsinı xatırladan aktyor… üzr istəyirəm, oğru heyəti, “Hyundai Solaris”in JPS trekerini çıxarıb başqası ilə əvəzləyirlər. Nəticədə avtomobilin sahibi Şurik… üzr istəyirəm, Viktor Sırovatka düz bir ay öz avtomobili barədə saxta məlumatlar alır. Elə bilir avtomobili Moskvada, yaxud ən uzağı Ural tərəflərdədir.

***

Ancaq bu oğrular hardan… hardan biləydilər ki, bu kirayə avtomobillərdə bir deyil… iki JPS trekeri mövcuddur. Biri, bəlli yerdədir, digəri yox… O, başqa, çox gizli bir küncdə gizlədilib.

6464.JPG (37 KB)

Hə… bir gün bax bu Şurik həmin dublikat JPS trekerdən aldığı məlumatı digəri ilə tutuşdurub görür, vaxsey, bu nədir belə? Siqnalın biri, bəli, Moskvadan gəlir… digəri isə gör hardan-uzaq Rostovdan. Moskvadakı ünvana təcili olaraq özünü başıalovlu çatdıran Şurik görür ki, necə deyərlər, “lələ köçüb yurdu qalıb”. “Hyundai Solaris” dönüb iynəyə, itib saman tayasında.

Şurik əvvəl bilmir neynəsin. Polisə gedib ərizə yazır, ancaq nə xeyri? Görür yox ey… “Qafqaz əsiri” filmində olduğu kimi, oğurlanmış sevgilisini, yəni avtomobilini özü geri qaytarmasa, bunun onun əvəzindən özgəsi etməyəcək.

Qısası, Viktor Sırovatka altdan geyinir, üstən qıfıllanır. Gizli çəkiliş kameraları, səsyazma cihazları ilə yaraqlanaraq gəlir Rostova əvvəlcə. Görür sevimli avtomobili yoxdur burda. Siqnalı bir yoxlayır, iki… Görür vaxsey, JPS treker siqnalı dayanıb susmur. Deyir, “Hyundai Solaris”in son izləri küləklər şəhəri Bakıda qeydə alınıb.

Cinayətin beynəlxalq məna alması Şuriki qorxutmur əsla. O, yenə də öz inadcıllığından dönmür. Qərara gəlir Bakıya gəlib burdakı yoldaş Saakova… üzr istəyirəm, RF səfirliyinə müraciət etsin.

***

momos.JPG (34 KB)

“Qafqaz əsiri” kinolenti Bakıda özünə ikinci nəfəs qazanır bu zaman. Şurik öz avtomobilinin ardınca qarabaqara gəzir. Avtomobil bir dəfə əldən çıxır, ikinci dəfə… Üçüncü dəfədə Şurik öz sevgili avtomobilini axır görüb, əvvəlcə gözlərinə inanmır bir an. Ətrafındakı bizim hüquq-mühafizə işçilərinə deyir ki, xahiş edirəm məni sevgili avtomobilimlə tək-tənha buraxın. Bəs göz yaşlarımı saxlaya bilmirəm guya.

Sonra bəlli olur ki, Bakıda Rusiyadan qaçırılmış ən azı 30 ədəd oxşar avtomobil mövcuddur.

Biktor Sırovatka Bakıda başına gələnləri bitdə-bitdə lentə alıb. Restoranda aşıqlarımıza qulaq asıb, milli mətbəximizi orda xeyli tərifləyib. Qısası, “Qafqaz əsiri” süjetini yenidən canlandırmağı bacarıb. Əhsən. Halal olsun sənə “Hyundai Solaris” avtomobili.

tt_kavkazskaya_plennica_ili_novye_priklyucheniya_shurika_screenshot_1.jpg (63 KB)

Qısası, ey bizim kütbeyin avtomobil oğruları! Məşədi İbad demiş, adam bir qızı… üzr istəyirəm, avtomobili oğurlayarkən diqqətli olar. Baxar, bu avtomobildir, yoxsa tələ? Baxar, neçə JPS trakeri var bu avtomobildə. Üzdəki hardadı, gizlindəki harda.

Düzü, əhvalat məni xeyli güldürdü, vallah. Yadıma”Qafqaz əsiri” filminin son epizodları düşdü. Yuri Nikulin, Georgiy Vitsin, Yevgeni Morqunov, yoldaş Saakov məhkəmə salonundadırlar. Günahı bir-birilərinin üzərinə yıxırlar.
Şurik isə bu zaman uzaq Moskvada əyləşib öz “Hyundai Solaris”inin sükanı arxasında. Bir əli sevgilisinin boynundadır, digəri sükan üzərində.

rostov.JPG (39 KB)

Qeyd edim ki, Rusiyanın TEN TV telekanalının hazırladığı bu televiziya süjeti internetdə əsl sunami dalğası yaradıb. İzləyicilərin sayı çoxsaylı sıfırlarla ölçülür. Redaksiya telefonları bir an belə susmur. Hamı bura zəng edib öz itmiş avtomobilini Şurikə tapşırır.

Mövzu, deyəsən, Rusiyada həddən artıq aktualdır.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın