Ana səhifə / Araşdırma / Oğru aləminin “Qara Rəhilə”si və cibgirlərin “ailə biznesi”

Oğru aləminin “Qara Rəhilə”si və cibgirlərin “ailə biznesi”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rəhilə İsmayılova, Məleykə Şamilova, Mətanət Şamilova, Natəvan Şamilova və Məcid Şamilovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Sumqayıt şəhər sakini, 1954-cü il təvəllüdlü Rəhilə İsmayılova Sumqayıt və Bakıda çoxsaylı oğurluq və cibgirlik əməlləri törətməkdə təqsirli bilinir.

R.İsmayılova sonuncu dəfə 2012-ci ildə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, 2014-cü ilin may ayında azadlığa buraxılıb. Amma cəmisi 3 ay azadlıqda qala bilib.

R.İsmayılova “oğru” aləmində “Qara Rahilə” kimi tanınır. R.İsmayılova əvvəllər də cibgirlik və narkotik maddə saxlamaqda ittiham olunaraq 10 dəfədən artıq məhkumluq həyatı yaşayıb.

“Qara Rəhilə” və onunla birgə həbs olunan şəxslərin əməllərindən zərər çəkənlərin sayı 15 nəfərdir.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq), 234 (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi), 180 (soyğunçuluq) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə) maddələri ilə ittiham olunurlar.

İstintaqa verdiyi ilkin ifadəsində R.İsmayılova Bakı şəhərində marşrut avtobuslarda bir neçə dəfə oğurluq etdiyini, bu təklifin onlara Məleykə Şamilova tərəfindən edildiyini, başqa heç bir suala cavab verməyəcəyini göstərib.

“Oğurladığım pulla türmədəki oğluma ərzaq almaq istəyirdim”

Nəvəsi və gəlini ilə birlikdə mühakimə olunan 1952-ci il təvəllüdlü Məleykə Şamilova ifadəsində oğlu Tahirin də həbsxanada olduğunu göstərib: “Mətanət Şamilova gəlinim, Məcid isə nəvəmdir. Natəvan Şamilova digər oğlum Zöhrabın arvadıdır. Zöhrab da həbsxanadadır. Rəhilə mənim qudam olub. 4 ildir ki, dilənçiliklə məşğul oluram. Hər gün Sumqayıtdan Bakıya gəlib qayıdıram.

12 noyabr, 2014-cü ildə gəlinlərim Natəvan və Mətanətlə birlikdə nəvəm Məcidin maşını ilə Tahirə baş çəkmək üçün Bakıya gəldik. Mətanət üç günlük ailə görüşü almışdı. Tahirin qolu sınmışdı, pul lazım idi. Belə qərara gəldik ki, türməyə gedənə qədər yolda bir avtobusa minib dilənçilik edib pul qazanaq.

Məcidə dedik ki, Mərdəkan istiqamətinə sürsün. Çünki şəhərdə deyil, bir qədər kənarda dilənmək istəyirdik. 160 saylı marşrutu dayanacaqda görüb maşından düşdük. Məcidə də tapşırıdq ki, arxamızca sürsün. Mətanət Natəvanın körpəsini saxlamaq üçün maşında qaldı. Natəvanla ikimiz avtobusa mindik. Ayaqüstə dayanan hamilə qadın sürücüyə yol pulu verdi, çantası açıq qaldığından əlimi salıb pul kisəsini çıxardım. Qadın bunu hiss etmədi, avtobusdan düşüb getdi.

Bir qədər sonra Natəvanla mən də düşüb arxadan bizi müşayiət edən Məcidin maşınına əyləşdik. Oğurluq etməyimdən gəlinimin xəbəri olmayıb. Yolda düşüb oğurladığım pula Tahir üçün ərzaq almaq istəyəndə polis əməkdaşları bizi saxladılar. Qadından götürdüyüm pul kisəsini açdıqda içindən 105 manat pul, şəxsiyyət vəsiqəsi və s. sənədlər çıxdı.

Polislər bizi Bakı Şəhər Baş Polis İdarəsinə apardılar. Məcidin üstündə narkotik vasitə olmayıb. O, heç vaxt narkotik vasitədən istifadə etməyib. Zərərçəkmiş şəxsləri tanımıram, onlara qarşı cibgirlik etməmişəm”.

“Ərim həbsxanada idi, pula çox ehtiyacım vardı”

4 uşaq anası olan 1973-cü il təvəlldülü Natəvan Şamilova ifadəsində əri Zöhrabın narkotik vasitəlirin satışında ititham olunaraq 10 il azadlıqdan məhrum edildiyini, özünün isə Sabunçu Rayon Məhkəməsinin 31 may, 2013-cü il tarixli hökmü ilə 3 il 8 ay müddətinə azadlıqdan  məhrumetmə cəzasına məhkum olunduğunu göstərib: “Övladım 8 yaşına çatana qədər həmin cəza təxirə salındı. Məleykə qayınanam, Mətanət isə qaynım arvadıdır.

5 noyabr, 2014-cü ildə qaynım arvadı Mətanət və onun oğlu Məcidlə birlikdə avtomobillə Bakıya gəldik. Həyat yoldaşım həbsxanada olduğuna görə pula ehtiyacım vardı. Ona görə də cibgirlik etmək qərarına gəldim. Qarayev prospektində maşından düşüb 60 saylı marşrut avtobusuna əyləşdim. Mətanətlə Məcid isə avtomobillə avtobusun arxasınca gəldilər. Avtobusda bir qadının çantasından pul kisəsini oğurladım. İçində 194 manat və 150 gürcü larisi çıxdı.

Növbəti dəfə qaynanam Məleykə ilə birgə cibgirlik etmək üçün avtobusa mindik. Məcidə dedik ki, dilənçilik etmək üçün gedirik. Avtobusda qaynanam bir qadının pul kisəsini çəkib götürdü. Həmin gün bizi polis əməkdaşları saxladılar. Cəmisi iki dəfə cibgirlik etmişəm. Zərərçəkmiş şəxsləri tanımıram”.

“Dilənmək üçün avtomobildən düşüb avtobusa mindilər”

İstintaq zamanı dindirilən Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Mətanət Şamilova təqsirləndirilən şəxslərin ailə üzvləri olduğunu deyib: “Həyat yoldaşım Tahir 2011-ci ildə narkotik vasitələrin satışı ilə bağlı 7 il azadlıqdan məhrum edilib. 12 noyabr, 2014-cü ildə qayınanam, qaynın arvadı və oğlum Məcidlə birlikdə Tahirin yanına görüşə gedirdik.

Yolda Məleykə ilə Natəvan maşından düşüb dilənçilik etmək üçün avtobusa mindilər. Qayınanam Məleykə Binə yolundakı marketin qarşısında  onları gözləməyimizi tapşırdı. Həmin marketdən Tahir üçün bazarlıq edəcəkdik.

Oğlum Məcidlə marketin qarşısında qaynanamla qaynım arvadını gözlədik. Natəvan on aylıq körpəsini mənim yanımda qoyub getmişdi. Bir qədər sonra hər ikisi avtobusdan düşüb marketin qarşısına gəldilər. Mağazaya girmək istəyəndə oilis əməkdaşları bizi saxladılar.

Mən cibgirlik etməmişəm. Qayınanamla qaynım arvadının cibgirlik edib-etməməsindən xəbərim olmayıb. Qayınanam Məleykə dilləndiyi puldan hərdən oğlum Məcidə iki-üç manat verirdi”.

M.Şamilova ilkin ifadəsində qayınanası Məleykə ilə qaynı arvadı Natəvanın cibgirlik etmək üçün 40, 11, 36 və 214 saylı marşrut avtobuslara əyləşdiklərini, özü isə oğlu Məcidlə həmin avtobusları təqib etdiklərini göstərib.

“Cibimə narkotikin kim tərəfindən qoyulmasını bilmirəm”

Təqsirləndirilən şəxs qismində dindirilən 1994-cü il təvəllüdlü Məcid Şamilov nənəsi Məleykə Şamilova, anası Mətanət Şamilova və əmisi arvadı Natəvan Şamilovanın ifadəsinə uyğun ifadə verib: “Mən cibgirlik etməmişəm. Bu ittihamlar əsassızdır. Polis idarəsində cibimdən aşkar olunan narkotik vasitə mənə məxsus deyil. O narkotikin cibimə hansı şəraitdə düşməsini bilmirəm”.

M.Şamilov ilkin ifadəsində nənəsi və əmisi arvadının 11, 40, 44, 60,46 və digər marşrut avtobuslara minib sərnişinlərin ciblərindən, çantalarından pul çıxarıb növbəti dayanacaqda düşdüklərini göstərib:“Avtobusdan düşən kimi mənim maşınıma minirdilər. Tez həmin yerdən uzaqlaşırdıq. Gün ərzində oğurladıqları pullardan mənə beş-on manat verirdilər, maşına benzin tökürdülər”.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Səbayel rayonu, Zərifə Əliyeva küçəsində saxlanılıblar. Yaxalanan şəxslərin üzərinə baxış keçirilərkən Məcid Şamilovdan 3,75 qram, Rəhilə İsmayılovadan isə 3,93 qram həşiş qətranı aşkar olunaraq götürülüb.

Məhkəmə prosesi sentyabırn 22-dək təxirə salınıb.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın