Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Oğlumu gəlinimiz zorlama ittihamı ilə həbs etdirib”

“Oğlumu gəlinimiz zorlama ittihamı ilə həbs etdirib”

Şikayətçi Cəlil Nəsirov: “Nicatı həbs etdirdilər, indi də evimi istəyirlər…”

Bakı sakini Cəlil Nəsirov oğlunun gəlini tərəfindən şərləyərək, tutdurmasından şikayətçidir.
O, musavat.com-a yazdığı şikayət məktubunda bildirib ki, oğlu Nicat Nəsirovu həyat yoldaşı şərləyərək, həbs etdirib: “Oğlum Nicat 2012-ci ilin sentyabrında Şəbnəm Nəsibova adlı qızla evlənib. El adəti ilə toy etdik, ancaq qız tərəfi nigahı bir qədər yubatmağı təklif etdi. Çünki onlar məcburi köçkün idilər və ev növbəsində daha bir otaq almaq niyyətləri vardı. Buna görə də nigah bağlamadıq. Gələndən beş gün sonra evdə mübahisələr, davalar başlandı. Bu səbəbdən toydan iki ay sonra qızın qohumlarını çağırıb, vəziyyəti izah etdik. Dedik ki, qızlarını başa salsınlar, evdə mehribanlıq olsun. Ancaq əksinə, Şəbnəm evdən getdi. Onun qardaşları isə oğlumu bir neçə dəfə çağırıb, ölümlə hədələdilər. İş o yerə çatdı ki, Nicat polis idarəsinə müraciət etməyə məcbur oldu. Dekabrın 24-də isə axşam qız, anası, bir neçə qohumu bizə gəldilər. Anası hədə-qorxu gələrək, “Şəbnəm bu gecə bu evdə qalmalıdır, yoxsa Nicatı şərləyib, 15 il verdirəcəm”,- dedi. Şəbnəmi zorla bizim evdə qoyub, çıxıb getdilər. Bu hadisənin səhəri günü Nicatın ürəyi tutdu, bir neçə dəfə təcili yardım gəldi. Şəbnəmlə bir yerdə qalmağı qeyri-mümkün olduğundan dekabrın 26-da Mingəçevirə getdi. Şəbnəm isə 2013-cü il yanvarın 7-nə qədər bizdə qaldı. Sən demə, bütün bunlar əvvəlcədən qurulmuş plan imiş. Bir gün xəbər gəldi ki, Şəbnəm noyabrın 15-dən dekabrın 24-nə kimi Nicatın onu zorlaması barədə ərizə ilə Binəqədi rayon Prokurorluğuna müraciət edib. Bu, ağ yalandır. Çünki Şəbnəm həmin tarixlərdə heç bizdə olmayıb”.
Şikayətçinin sözlərinə görə, Prokurorluq Nicat barəsində Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə ittiham irəli sürüb: “Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri də bu ittiham üzrə hökm elan ediblər. Hökmə əsasən, 2013-cü ilin martın 8-də oğlum 6 il müddətinə həbs olunub. Həm istintaq, həm də məhkəmə onlardan çəkinərək, oğlumu həbs etdi. Onu da deyim ki, istintaq dövründə Şəbnəmgil mənimlə “alver” edirdilər. Onlar Nicatın tutulmamasının qarşılığında məndən ev istəyirdilər. Oğluma görə razılaşdım. Onlar dörd evə baxdılar, sonunda isə mənim evimi istədilər. Üstəlik, Nicatın məhkəməsi sona çatan kimi Şəbnəm evimdən istifadə hüquqlarının tanınması üçün məhkəməyə müraciət etdi. Binəqədi və Apellyasiya məhkəmələri bu hüququ tanıdı. Hazırda Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşırıq. Özünü yazıçı, kulturoloq, jurnalist kimi təqdim edən Şəbnəm “Qaçqınkom” sədri Əli Həsənovun bu məsələdə adını hallandırır, bildirir ki, onu məhkəmələrə tapşırıb və mənim evimdə də yaşayacaq. Mən ustayam, evimi Nicatın toyundan 8 il əvvəl min bir zəhmətlə tikmişəm. İndi əmlakımı da məhkəmə əlimdən alır. Həyat yoldaşım bu hadisədən sonra ağır əsəb xəstəliyinə düçar olub. Bu hadisələrə tab gətirməyə taqətimiz qalmayıb”.
Şikayətçi həmçinin qeyd edir ki, Nicatla Şəbnəmin izdivacından 1 övladı var: “Şəbnəm aliment tələbi ilə də məhkəməyə müraciət edib. Yəni o, oğluma qarşı 3 məhkəmə iddiası qaldırıb. Nicatın qanunsuz yerə həbs edilməsi ilə əlaqədar Prezident İlham Əliyevə, ombudsman Elmira Süleymanovaya, həmçinin millət vəkilləri İqbal Ağazadəyə, Fazil Mustafaya və Çingiz Qənizadəyə müraciət etmişik. Fazil Mustafa məsələ ilə bağlı Məhkəmə Hüquq Şurasına müraciət edəcəyini bildirib”.
P.S. Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq. 

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın