Ana səhifə / Araşdırma / NZS-də bina yandı, 12 ailə evsiz qaldı – İcra Hakimiyyəti sakinləri kirayə mənzillərə yerləşdirir

NZS-də bina yandı, 12 ailə evsiz qaldı – İcra Hakimiyyəti sakinləri kirayə mənzillərə yerləşdirir

Bakının Xətai rayonu NZS qəsəbəsində yerləşən ikimərtəbəli binada fevralın 1-i gecə saatlarında baş verən yanğın, 12 ailəni evsiz qoyub. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunsa da bina taxtadan olduğuna görə tamamilə yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin sakinlərə maddi baxımdan xeyli ziyan dəyib…
Yanan binada hazırkı vəziyyəti öyrənmək üçün “Yeni Müsavat”ın əməkdaşı olaraq, əraziyə yollandıq. Müşahidə etdik ki, ərazidə yerli icra hakimiyyətinin əməkdaşları, Mənzil Kommunal Təsərrüfat idarəsinin işçiləri çalışırlar. Sakinlərlə söhbətimiz zamanı bildirdilər ki, kirayə qalmaları üçün yerli icra hakimiyyəti tərəfindən yardım edilir:
“Digər yerlərdə mənzil kirayələmək üçün hər ailəyə 300 manat veriləcəyi bildirilib.
Söyləyirlər ki, bina təmir olunana qədər sakinlər başqa yerlərdə kirayə qalacaqlar. Bina təmir olunduqdan sonra isə hər kəs öz əvvəlki evinə qaytarılacaq”.
Sakinlər söylədilər ki, onlar binanın təmir olunmasının tərəfdarı deyillər. Çünki bina qəzalı vəziyyətdədir: “Göründüyü kimi binanın üstü qamışdır. Ümumilikdə elə binanın özü daşdan deyil, qamış və digər bu kimi yanmaya meylli materiallardan tikilib. Buranı necə təmir edəcəklər? Binanın bir başında mənzil alışıb, alov bütün binanı külə döndərib. Demək ki, burada təmirdən sonra yenə yanğın olsa, eyni vəziyyət yaranacaq. Ona görə də xahiş edirik ki, bizə yeni bina tikilsin”.
Yanan binaya daxil olub gəzdiyimiz zaman müşahidə etdik ki, doğrudan da tikili yanan konstruksiyalardan ibarətdir. Belə ki, tikilinin hətta pilləkənləri də taxtadandır. Bundan əlavə, binanın yanmış hissələrindən qamış və digər bu kimi materiallar da açıq şəkildə görünürdü.
Adını söyləməsə də icra hakimiyyətinin baş memarı olduğu bildirilən şəxs dedi ki, baxış keçirildikdən sonra bina təmir olunacaq: “Binanın təmir olunub-olunmayacağını mütəxəssislər qərarlaşdıracaqlar. Sakinlər deyirlər, bina tikilsin. Hansı vəsaitlə bu bina tikiləcək? Baxıram ki, sakinlərin bəziləri pəncərələri, dəmir barmaqlıqları söküb aparırlar. Niyə aparırlar? Bax bu cür hallar da var”.
Baş verən hadisə ilə bağlı Xətai rayon icra hakimiyyəti başçısının müavini Zaməddin Əkbərovun da fikirlərini aldıq. Elə hadisə yerində olan Z.Əkbərov bildirdi ki, artıq ailələrin digər yerlərə köçürülməsi işinə başlanılıb:
“Dünən başçı da müşavirə keçirdi. Bildirdi ki, Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumlar nə etmək lazım olması ilə bağlı rəy versinlər. Ona qədər isə camaatı digər yerlərdə, kirayə mənzillərdə yerləşdirəcəyik. Artıq beş ailəni köçürmüşük. Digərlərinin də köçürülməsi istiqamətində işlər aparırıq. Mən də daxil olmaqla, icranın digər nümayəndələri də buradadırlar. Ailələrə 2, 3 otaqlı mənzillər təklif olunur. Ev dəllalları (makler)  vasitəsi ilə mənzillər axtarırıq və ailələri yerləşdiririk. Yanan binada mənzillərin hamısı 3 otaqlıdır. İndi sakin 3 otaqlı istəyirsə, 3 otaqlı mənzil kirayələyirik. İki otaqlı istəyirsə, tapırıq, gedir baxır, razılaşırsa, köçür. Əraziyə mütəxəssislərimiz cəlb olunublar və lazımı işləri görürlər. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin də mütəxəssisləri buradadırlar, müvafiq araşdırmaları aparırlar”.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov “Yeni Müsavat”a bildirdi ki, hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmadan sonra müvafiq addımlar atılacaq.












Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın