Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Araşdırma / Nazirlik və Agentlikdə yoxlama: sənədlər prokurorluğa göndərilib

Nazirlik və Agentlikdə yoxlama: sənədlər prokurorluğa göndərilib

Hesablama Palatası: “Dövlət əmlakı səmərəli istifadə edilməyib, hesabatlılıqda nöqsanlara yol verilib”

Hesablama Palatası Mədəniyyət Nazirliyində və onun qurumlarında yoxlamalar aparıb.

Bu barədə Palatanın məlumatında bildirilir.

Məlumata görə, audit 2022-ci ili və 2023-cü ilin 1 avqust tarixinə qədər olan dövrü əhatə edib.

Yoxlamanın məqsədi Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA), eləcə də kinostudiyalara ayrılan dövlət vəsaitinin hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi olub.

Audit nazirlik, Agentlikdən əlavə olaraq Cəfər Cabbarlı adına “Azərbaycanfilm”, “Salnamə” və “Filming Azerbaijan” kino studiyalarını, eləcə də, Azərbaycan Dövlət Film Fondunu əhatə edib.

Auditlə ümumilikdə 10,7 milyon manat vəsait əhatə edilib.

Hesablama Palatasının əvvəlki illərdə həyata keçirdiyi audit eyni predmet məsələləri əhatə edib.

Audit zamanı ötənilki nöqsanların hələ də aradan qaldırılmadığı müəyyən olunub.

Kinematoqrafiya sahəsində hüquqi aktların təkmilləşdirilməməsi ötən dövr ərzində də dövlət sifarişinin əhatə dairəsinin və filmlərin bu dairəyə uyğunluğunun qiymətləndirilməsi, həmçinin müsabiqələrin ədalətlilik və şəffaflıq prinsiplərinə uyğun keçirilməsi imkanlarını məhdudlaşdırıb.

Əvvəlki auditlə müəyyən edildiyi kimi, cari auditdə də dövlət vəsaitlərinə tələbat və icra göstəriciləri arasında kəskin fərqlər olub.

Filmlərin istehsalında ilkin olaraq özəl studiyaların iştirakı proqnozlaşdırılmasa da, il ərzində bu studiyalara 9 film ilə bağlı vəsait ödənilib, icra zamanı ilkin nəzərdə tutulandan 2,7 dəfə az sayda bədii film çəkilib.

Bir  filmə proqnozlaşdırılmış məbləğdən 34,8% daha çox vəsait sərf edilib.

Cari auditlə keçirilmiş müsabiqələrin nəticəsi kimi seçilmiş layihə və ssenarilər üzrə müqavilələrin bir çox hallarda bağlanılmadığı, növbəti illərdə isə yenidən analoji müsabiqələrin keçirildiyi müəyyən olunub.

2015-2020-ci illərdə 282,5 min manat məbləğində satın alınmış 20 ssenari üzrə film istehsal edilməyib.

2022-ci ili əhatə edən müsabiqə gecikdirmələrlə icra olunmayıb.

2023-cü ildə isə auditin əhatə etdiyi dövrün sonunadək müqavilələr bağlanmayıb və layihələrin icrası təmin olunmayıb.

Vəsaitin icra səviyyəsinin aşağı olması da məhz bu amillərlə bağlı olub.

Auditin əhatə etdiyi illərdə müsabiqələrdə iştirak etməyən filmlər də maliyyələşdirilib.

İki dövlət studiyasına 922,1 manat, digər studiyalar üzrə 6 filmə 3,5 milyon manat büdcə vəsaiti əvvəlki illərdə müsabiqədənkənar layihələr üzrə yönəldilib.

Seçilmiş ssenarilər üzrə çəkilməsinə qərar verilmiş bəzi filmlər müxtəlif səbəblərdən konservasiya edilib ki, bu da maliyyələşdirilmiş hissə üzrə vəsaitin səmərəsiz xərclənməsinə yol açıb.

Mədəniyyət Nazirliyi
Foto: Mədəniyyət Nazirliyi

Bu halların bəziləri üzrə, ümumiyyətlə, filmin istehsalının başlanılması barədə müvafiq əmr verilməyib, həmçinin film istehsalı işlərinin müvəqqəti dayandırılması və ya xitam verilməsi müvafiq əmrlə rəsmiləşdirilməyib.

2022-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə bağlanmış 3, “Salnamə” studiyası ilə bağlanmış 1 müqavilənin icrası başa çatdırılmayıb. Həmin müqavilələr üzrə 304,7 min manat vəsait ödənilib.

Əvvəlki auditdə olduğu kimi, bu auditlə də bir sıra hallarda bağlanılmış müqavilələrin icra müddəti bitdikdən sonra, filmin başa çatdırılmaması səbəbindən bir sıra hallarda əlavələr edilməklə müqavilənin icra müddətinin uzadıldığı, bəzi hallarda belə uzadılmaya rəğmən istehsalın başa çatdırılmadığı, auditin əhatə etdiyi dövrdə bu halların 3 milyon manata yaxın vəsaiti əhatə etdiyi müəyyən olunub.

Ümumiyyətlə, həm ötən, həm də cari auditin nəticələrinə əsaslanaraq filmlərin dövlət kinostudiyalarında istehsalının təmin edilməsində əsas məqsədin həmin kinostudiyaların saxlanılma məqsədi daşıdığını, filmlərin dəyərinin bu məqsəd üzrə müəyyənləşdirildiyini qeyd etmək olar.

Dövlət və özəl studiyalarda 2022-2023-cü illərdə istehsal olunan filmlərin müqavilə üzrə qeyd olunmuş parametrlərinin (həcmi, növü, formatı) Dövlət Film Fonduna təhvil verilmiş göstəriciləri ilə müqayisəsi bu ya digər istiqamətdə fərqlərin olduğunu göstərib.

Dövlət sifarişlərinin yerinə yetirilməməsi səbəbindən bir sıra hallarda kinostudiyalarla bağlanılmış müqavilə çərçivəsində filmlərin istehsalına ayrılmış vəsaitin icra prosesində təyinatının dəyişdirilməsi hallarına yol verilmiş, bəzi hallarda isə müştərək maliyyələşmə üzrə öhdəliklər yerinə yetirilməyib ki, bu məqamlar da filmlərin ilkin dəyərinin artıq müəyyənləşdirildiyini qeyd etmək imkanı verir.

Həmçinin bağlanılmış müqavilənin şərtləri pozularaq çəkilmiş filmin müstəsna yayım hüququnun Mədəniyyət Nazirliyinin razılığı alınmadan üçüncü şəxsə verilməsi halı da müəyyən olunub.

Nazirlik tərəfindən tədbirlərin keçirilməsi ilə bağlı satınalmalarda ehtimal olunan qiymətin bir çox hallarda müəyyənləşdirilməməsi eyni xidmət üzrə fərqli qiymətlərin formalaşmasına səbəb olub, eləcə də müqavilələrin düzgün tərtib edilməməsi və qüvvədə olan normalara əməl olunmaması artıq xərclərə yol açıb.

Bəzi hallarda təsdiqedici sənədlərin alınmaması vəsait-nəticə uyğunluğunun ədalətli müəyyənləşdirilməsinə şərait yaratmayıb, bir sıra hallarda tədbirlərin və müqavilələrin müddətlərinin uyğunlaşdırılmaması xidmətin dəyərinin daha uzun müddət üçün ödənilməsi ilə artıq vəsait icrasına səbəb olub.

Dövlət büdcəsindən filmlərin çəkilməsi və tədbirlərin keçirilməsi üçün ayrılmış vəsait hesabına xarici ölkələrdə və respublika daxilində keçirilən kino tədbirlərində iştirak etmək üçün bəzi hallarda xərclər təkrar maliyyələşdirilib.

Həmçinin xarici ölkələrdə fəaliyyət göstərən rejissorların dövlət sifarişi ilə çəkilməyən filmlərinin festivallarda iştirakının maliyyələşdirilməsinə vəsait ödənildiyi müəyyən olunub.

Dövlət sifarişi ilə çəkilmiş filmlərdən əldə edilmiş gəlirlərin kinostudiyaların daxilolmalarında kiçik paya malik olması, həmçinin filmlərin gecikdirmələrlə başa çatdırılması və ya konservasiya edilməsi kino istehsalı üzrə fəaliyyətin müasir çağırışlara uyğunlaşmadığı nəticəsini formalaşdırıb.

“Azərbaycanfilm” kinostudiyasına filmlərin nümayiş hüququna görə vəsait əsasən sovetlər dövründə istehsal edilən filmlərin nümayişindən daxil olub.

Dövlət sifarişi ilə istehsal olunan filmlərin nümayişi ilə bağlı Mədəniyyət Nazirliyinin tabeliyində olan “Nizami” Kino Mərkəzində 2022-ci ildə cəmi 8, 2023-cü ilin yanvar-iyul aylarında isə cəmi 14 milli film nümayiş etdirilib.

Bu filmlərin hamısı özəl kinostudiyaların istehsalıdır.

Dövlət sifarişi əsasında 2022-2023-cü illərdə istehsalı başa çatdırılmış 15 bədii, sənədli və animasiya filmi beynəlxalq festivallarda iştirak etməyib.

5 film isə müxtəlif festivallarda iştirak edərək 1 və ya daha çox mükafata layiq görülüb.

Ötən auditdə olduğu kimi, cari auditlə də müəllif qonorarları və sair ödənişləri tənzimləyən hüquqi aktların uzun illər əvvəl qəbul olunması və yenilənməməsinin bir sıra artıq və düzgün olmayan ödənişlərə səbəb olduğu müəyyənləşdirilib.

Eləcə də, bu aktlarda yaradıcı heyət üzrə tərkibin konkret müəyyənləşdirilməməsi digər köməkçi heyət kimi ayrı-ayrı şəxslərlə müqavilələrin bağlanmasına da şərait yaradıb ki, nəticədə dövlət vəsaitlərinin təyinatı üzrə və düzgün istifadəsində risklər formalaşıb.

Bəzi hallarda filmlərin çəkilişində iştirak edən digər icraçılar tərəfindən hesabatlılığın təmin edilməməsi məqsəd-nəticə uyğunluğunun qiymətləndirilməsi imkanlarını məhdudlaşdırmış, eyni işlər üzrə təkrar ödəmələrin aparılması və filmlərin tam dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsi ilə nəticələnib.

Vergi qanunvericiliyinin tələblərinin gözlənilməməsi dövlət büdcəsinin gəlirləri ilə bağlı öhdəliyin tam yerinə yetirilməməsi ilə nəticələnmiş, eləcə də film istehsalı ilə bağlı bağlanan mülki-hüquqi müqavilələr üzrə ödəmələrin təsdiq olunmuş haqlara uyğun nəzərdə tutulmaması və aylıq ödəniş haqqı nəzərdə tutulmayan istiqamətlərə vəsait ödənilməsi məqsədli ayırmalara əlavə tələbat formalaşıb.

Kinostudiyaların zəruri və müasir avadanlıqlarla təchiz olunmaması film istehsalının keyfiyyətinə təsir edən əsas amillərdən biri olub.

Bu müəssisələr tərəfindən dövlət əmlakından səmərəli istifadə edilməyib və hesabatlılıqda nöqsanlara yol verilib, mühasibat uçotunun müvafiq qaydada aparılması təmin olunmayıb.

Qəbul edilmiş Kollegiya qərarında kinostudiyalar üzrə hesablanmamış və uçota alınmamış vergi və sosial ödənişlərin dəqiqləşdirilmiş vergi bəyannaməsinə daxil edilərək şəxsi hesablara işlənilməsi, bəzi istiqamətlər üzrə artıq ödənilmiş və hesabda qalmış vəsaitlərin bərpası, avadanlıqların uçota alınması nəzərə alınmış, aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin olma ehtimalı diqqətə alınaraq müvafiq materiallar Baş Prokurorluğuna göndərilib.

Hesablama Palatasının ötənilki hesabatında da Mədəniyyət Nazirliyində 2020-2022-ci illəri əhatə edən yoxlamalar zamanı maliyyə pozuntularının aşkarlandığı bildirilirdi.

Palata tövsiyə edirdi ki, nöqsana yol verən məsul şəxslər məsuliyyətə cəlb olunsunlar.

Hesabatdan bir həftə sonra, 2022-ci il noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdi.

Əməliyyat zamanı mədəniyyət nazirinin sabiq birinci müavini, Elnur Əliyev, nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov saxlanıldı.

Onlara Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələrilə ittiham irəli sürülüb.

2022-ci il dekabrın 22-də isə Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri vəzifəsindən çıxarıb, yerinə Adil Kərimlini qoyub.

Anar Kərimovun vəzifəsindən azad edilməsinə səbəb kimi Mədəniyyət Nazirliyində baş verən korrupsiya hallarının olduğu iddia edilib.

Həmçinin oxuyun

15 İL ƏVVƏLİN SİRLİ QƏTLİ – Rail Rzayevə qarşı Bakının mərkəzində terroru kim sifariş etdiyi hələ də məlum deyil…

əbəri ilə açdı. Səhər evindən çıxıb xidməti maşınında iş yerinə – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə …