Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / “Nazirlərin nömrələrini sıfırlayın” – Mərhum İlhamə Quliyeva öz köməkçisini necə diz çökdürüb? – VİDEO

“Nazirlərin nömrələrini sıfırlayın” – Mərhum İlhamə Quliyeva öz köməkçisini necə diz çökdürüb? – VİDEO

İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid Kəmalə Rüstəmova ifadə verib.

O, mərhum İlhamə Quliyevanı və hazırda təqsirləndirilən Mehriban Hüseynovanı tanıyan və onlarla yaxın münasibəti olan şəxs olub. Onlar məclisdlərdə görüşür, İlhamə Quliyevanın evində yığışırmışlar.

Şahid qismində ifadə verən Kəmalə Rüstəmova deyib ki, həm İlhamə Quliyevanı, həm də Mehriban Hüseynovanı tanıyıb. K.Rüstəmova ingilis dili müəlliməsi olub.

O, İlhamə Quliyevanı Mehriban Hüseynova vasitəsi ilə tanıdığını deyib. K.Rüstəmova M.Hüseynovanın gözəllik salonu olduğunu və oradan tanıdığını bildirib.

K.Rüstəmova əsasən internetdə və mətbuatda Mehriban Hüseynovanın diz çökərək, İlhamə Quliyevaya yalvarması, ondan üzr istəməsi ilə bağlı yayılan videogörüntüyə görə ifadə verib.

O, hadisə baş verəndən bir gün əvvəl İlhamə Quliyeva ilə danışdığını deyib: “İlhamə xanım mənə zəng elədi. Məni də, Mehribanı da təhqir etdi. Onun telefonumda olan bütün şəkillərini silməyimi istədi. Sonra mən onunla yenə əlaqə saxladım. İlhamə Quliyeva məni təhqir etdiyinə görə üzr istədi. Dedi ki, həmin vaxt əsəbiləşib. Mənə dedi ki, Mehriban saxta sənədlər düzəldib, onun var-dövlətini ələ keçirmək istəyib”.

Şahid indi baş verən hadisələrə inanmadığını və İlhamə Quliyeva ilə Mehriban Hüseynova arasında yaxşı münasibətlərin olduğunu deyib: “Mən buna inana bilmirəm. Düşündüm ki, Mehriban İlhamə xanım deyənləri etməz. Çünki o, İlhamə xanıma bir övladın öz anasına göstərdiyi qayğını göstərirdi. Mən şahidi olmuşam ki, İlhamə xanımın ayağı qorxunc vəziyyətdə idi. Dəfərlərlə görmüşdüm ki, Mehriban onun ayağını sarıyır”.

K.Rüstəmova Mehriban Hüseynovanın diz çökərək, üzr istədiyi gün yaşananları belə danışıb: “İlhamə xanımla sonuncu söhbətdən sonra İlhamə xanımgildə idik. Məsələni aydınlaşdırmaq üçün Mehribanı İlhamə xanımgilə çağırdım. Çünki İlhamə xanım mənə səs yazıları vermişdi. Orada İlhamə xanımın, mənim ünvanıma təhqiredici sözlər işlədilmişdi. İlhamə xanım özü də təhqirli sözlərlə danışırdı. Mehriban içəri girəndə həmin vaxt orada Ulvi Qılınc, Faiq Ələkbərli, Vüqar Bəkirov və Orxan Nadirov (İlhamə Quliyevanın oğulluğu) var idi. Mehriban içəri girəndə onun çantasını əlindən aldılar. Telefonunu və pulunu götürdülər. İlhamə xanım dedi ki, telefonunu alın və məni tanıyanların hamısının – nazirlərin, deputatların nömrələrini sıfırlayın”.

Hakim sual verərək, Mehriban Hüseynovanın həmin vaxt nə üçün üzr istədiyini soruşub.

K.Rüstəmova söyləyib ki, Mehriban həmin vaxt İlhamə Quliyevanın, həm də onun ünvanına səsyazılarında işlətdiyi təhqiramiz ifadələrə görə üzr istəyib: “Həmin vaxt başqa söhbət eşitməmişəm. Sadəcə, üzr istədi”.

K.Rüstəmova onu da əlavə edib ki, İlhamə Quliyeva Mehriban Hüseynovaya baş etibarnamə vermişdi: “Həmin etibarnaməni də mənim maşınımda imzalayıb”.

Məhkəmədə Mehriban Hüseynova çıxış edərək bildirib ki, onu üzr istəməyə məcbur edərkən döyüblər və bıçaqla xəsarət yetiriblər.

K.Rüstəmova isə döyülmə və ya bıçaqlanma hallarına şahid olmadığını bildirib: “Bir otağa girdilər. Orada qışqıra-qışqıra danışırdılar. Sonda İlhamə xanım dedi ki, Mehribanın ona çox yaxşılıqları dəyib. Əlavə etdi ki, Mehriban da onun kimi sonsuz qadındır. Ona görə də onu bağışladığını söylədi. Dedi ki, sadəcə olaraq Nazpərinin, Briliyantın, Floranın, Elzanın yanında onu xar etməsin. İlhamə xanımın Mehribanı həbs etdirmək fikri yox idi. İlhamə xanım orada Mehribana dedi ki, “Mən sənə etibarnamə vermişəm ki, gedib başqasına verəsən?”. Mehriban Hüseynova ilə İlhamə xanım arasında çox yaxşı münasibətlər var idi. Belə olduğuna heç cür inana bilmirəm”.

Məhkəmə prosesi sentyabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, mərhum müğənni İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29.180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

https://www.youtube.com/watch?v=JdhO7GAc6Pc

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın