Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / “NAXÇIVAN DƏHLİZİ”nə HANSI TƏHLÜKƏLƏR VAR? –TƏHLİL

“NAXÇIVAN DƏHLİZİ”nə HANSI TƏHLÜKƏLƏR VAR? –TƏHLİL

Professor Kürşad Zorlu

“Habertürk”, Türkiyə, 21 noyabr 2020-ci il

Qarabağla bağlı əldə edilən anlaşmanın mətni hələ mürəkkəbi qurumamış, mübahisələrə səbəb olmuşdu. Yekunda 7 rayonun və buna əlavə olaraq Şuşanın qurtarılması ciddi bir nailiyyət olmaqla birlikdə, anlaşmadakı bəzi xüsusların atəşkəslə 5 illik zamana yayılması nəzərdə tutulur.

Mətndəki önəmli yerlərdən biri də Azərbaycandan Naxçıvana açılacağı ifadə edilən dəhlizdir. Dünən və srağagün ortaya qoyduğumuz səbəblərə görə, mətni daha detallı oxumaq lazımdır.

Eyni zamanda, mümkün nəqliyyat dəhlizinin perspektivi araşdırılarkən ehtiyatlı olmaq və bir sıra şərtləri nəzərə almaq lazımdır.

1. Anlaşmaya görə, Naxçıvana dəhlizin işğaldan azad edilən Azərbaycan torpaqlarının hansı qismindən çəkiləcəyi məlum deyilBu səbəblə, quru və ya dəmir yolu variantlarının işlək ola bilməsi üçün Ermənistan və Rusiya tərəfinin bunu qəbul etməsi xüsusi qeyd edilməlidir. Üstəlik, hansı metodla və hansı marşurutla çəkilməsindən asılı olmayaraq, dəhlizin mövcud Ermənistan torpaqlarından keçməli olması və rus hərbi qüvvələrinin təhlükəsizliyi təmin edəcək təminatçı kimi çıxış etməsi qeyri-müəyyənliyi və təhlükəni özü ilə birlikdə gətirir.

Eyni zamanda anlaşmanın digər qisimlərindəki nailiyyətlər, – burada ən önəmli olanı Dağlıq Qarabağın aqibətidir, – “Naxçıvan dəhlizi”lə bağlı müddəanın həyata keçirilməsi işini poza bilər.

2Anlaşma mətninə əsasən, dəhlizlə bağlı 3 illik bir müddət nəzərdə tutulur. Bu müddətin hansı prosedurla şəkillənəcəyi müəyyən edilmədiyi üçün dəhlizin texniki detalları ilə əlaqədar görüşlərin necə bir formatda keçiriləcəyi də öz qeyri-müəyyənliyini qoruyur. Görüşdüyüm bəzi yüksək vəzifəli şəxslər, hələ ki, özlərinin də nə edəcəklərini bilmədiklərini ifadə edirlər. Kimlərin iştirak edəcəyi və necə qərar veriləcəyi bəlli deyil.

Çəkilməsi gözlənilən xəttin yeri, mahiyyəti və üsulu qeyri-müəyyən olduğundan, bu detallarla bağlı həm texniki səviyyədə, həm də təbliğat sahəsində savaşın yaşanması gözlənilir.

3. Suriya, Liviya, Şərqi Aralıq dənizi və S-400 məsələsi nəzərə alınarsa, Türkiyə-Rusiya əlaqələri heç bir dövrdə bu qədər şərtlərə bağlı olaraq qarşılıqlı asılı hal almamışdı. Türkiyə baxımından ən önəmli olanı isə bunun asimmetrik bir hal alıb-almayacağı sualıdır.

Moskva üçün bəzi mənfi cəhətləri görünsə də, anlaşma bir çox cəhətdən Rusiyanın təməl maraqlarına cavab verir. Məncə, savaş meydanındakı durum və Azərbaycanın qərarlı irəliləyişi nəzərə alınarsa, Moskva, buradan ala biləcəyi ən yaxşı nəticəni almış oldu. Bu tabloya görə, Rusiya, həm Qərbə yönəlməməsi üçün Ermənistanın ayaqlarına zəncir vurdu, həm də başqa yerlərdə etdiyi kimi (Azərbaycanda – tərc.) məsələnin həll olunmaz halını yenidən dərinləşdirə biləcək bir hərbi mövqe əldə etdi.

Anlaşmada Azərbaycanla Türkiyəyə verilən bir güzəşt kimi qəbul edilən “Naxçıvan dəhlizi” bəhs edilən müddət ərzində Türkiyə-Rusiya münasibətlərinin sınaq sahələrindən biri halına gələ bilər.

4. Azərbaycanın Ermənistanın cənub xətti boyunca gözlənilən bir tranzit dəhliz yaratması İranın iqtisadi maraqlarına zərər verə biləcək potensial daşımaqdadır. Hələ ki, Azərbaycanla Naxçıvan arasındakı quru yolu İran torpaqlarından keçir. Belə bir dəhlizin yaradılması İranın Azərbaycan, hətta Ermənistan üzərində qurmaq istədiyi nəzarət gücünü azaldacaqdır. Üstəlik, bu yolla Türkiyənin, İran və ya Gürcüstandan keçməyə məcbur olmadan, Azərbaycana çıxış əldə etməsi Xəzərətrafı bölgənin ticarət potensialı baxımından Türkiyə-Azərbaycan əməkdaşlığını önəmli hala gətirəcəkdir.

Ancaq İranın, geoekonomik üstünlüklərinə rəğmən, Cənubi Qafqazda ticarət əlaqələrini heç cürə inkişaf etdirə bilməməsi bir reallıqdır. Bölgənin ən böyük iqtisadiyyatına sahib olan Azərbaycanın ticarət dövriyyəsində İranın payı 2019-cu ildə yalnız 1,5% olub. Bu rəqəm artaraq Gürcüstanda 2%-ə, Ermənistanda 5%-ə çatsa da, Rusiyanın payının 27% olduğu nəzərə alınarsa, çox böyük deyil.

O da var ki, “Naxçıvan dəhlizi”nin verə biləcəyi faydalar İranın ABŞ qarşısında əlini gücləndirə bilər.

5. İndidən, bu anlaşma hələ “ətə-sümüyə bürünmədən” həmin xəttin ictima rəydə “Turan qapısı” kimi dilə gətirilməsi Rusiyanın postsovet refleksini tətikləyə bilər. Bu səbəblə, Azərbaycan-Naxçıvan-Türkiyə xəttində yaxşı planlaşdırılmış ictimai diplomatiya fəaliyyətinin hazırlanması və həyata keçirilməsi qaçınılmaz görünür.

6. Öz keçərliliyini nə qədər itirmiş olsa da, ATƏT-in Minsk qrupunun, xüsusilə Baydenin hakimiyyətə gəlməsilə birlikdə ABŞ-ın prosesə müdaxilə etmək istəyəcəyi də diqqətə alınmalıdır.

Hətta burada quru və ya dəmir yolu layihələrinin mümkün təsirləri Çini də prosesin içinə qata bilər.

Əslində, Naxçıvana dəhlizin açılması ehtimalı və onun meydana gətirəcəyi manivela təsiri kartların yenidən paylanması anlamına gəlir.

Tərcümə Strateq.az-ındır

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …