Çərşənbə axşamı , Noyabr 19 2019
Ana səhifə / Araşdırma / NATİQ CƏFƏRLİNİN “OTURUŞMAMIŞ” FİKİRLƏRİ

NATİQ CƏFƏRLİNİN “OTURUŞMAMIŞ” FİKİRLƏRİ

REAL partiyasının rəhbərlərindən biri, iqtisadçı Natiq Cəfərli Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovu öz feysbuk səhifəsində tənqid etməyə çalışıb. O, hörmətli Əli Həsənovun “Azərbaycan vətəndaşlarına çağırış edirik ki, əgər sizin bu hakimiyyətlə, iqtidarla probleminiz varsa, gəlin bu problemləri müzakirə edək, problemlərin kökünü araşdıraq. Biz hakimiyyət olaraq hər bir Azərbaycan vətəndaşını dinləməyə borcluyuq və hazırıq” fikrinə etirtaz edərək aşağıdakıları yazıb.

“Ölkədə problemin kökündə duran əsas səbəb məhz bu düşüncə tərzidir, qalan hamısı nəticədir – əsas səbəb belə zehniyyətdir.”

Hörmətli, Natiq bəy. Bu düşüncə tərzində qeyri-adi nə var axı? “Gəlin bu problemləri müzakirə edək, problemlərin kökünü araşdıraq. Biz hakimiyyət olaraq hər bir Azərbaycan vətəndaşını dinləməyə borcluyuq və hazırıq” ifadəsində hansı zehniyyət, yanaşma problemi var? Əli müəllim vətəndaşları həm qrup şəklində, həm də fərdi qaydada problemlərin müzakirəsinə, kökünü araşdırmağa dəvət edir. Kim arzu edirsə, buyursun müraciət etsin. Əlbəttə, əhalinin hamısını qəbul etmək praktiki cəhətdən mümkün deyil. Amma əhalinin hamısının hakimiyyətlə problemi və onunla görüşməyə ehtiyacı da yoxdur axı. Əli müəllim problemliləri dəvət edir və fərdi qaydada qəbula hazır olduğunu bəyan etməsi heç də o demək deyil ki, hamı tək getməlidir. Prezidentin köməkçisi bunu xalqın hər bir nümayəndəsinə hörmət, ehtiram əlaməti olaraq söyləyir. Qalanı xalqın öz üzərinə düşür. Xalq da öz növbəsində mədəniyyət nümayiş etdirərək qruplaşa, təşkilatlana, öz arasından nümayəndələr seçə və hakimiyyətlə görüşə göndərə bilər. Yəni Əli Həsənov öz müraciətində bunu da izah etməliydi?

Yazırsınız: “Hörmətli Əli müəllim, Siz sistemə, qanunlara, qaydalara, haqlara inanmırsınız, düşünürsünüz ki, problemləri “əl rejimində”, fərdi qaydada həll etmək olar, Sizin təsəvvürünüzdə problemləri həll olunan vətəndaş etiraz edə bilməz, Sizin dünya görüşünüzdə etiraz maddidir, düşünürsünüz ki, etiraz siyasi, fəlsəfi və ideoloji ola bilməz.”

Çox qəribədir, bunlari haradan çıxarırsınız? Bu münəccimlik sizdə haradandır. Hansı əsasla dövlət təmsilçisinə qarşı bu cür “ittihamlar” ürəli sürürsünüz? Məncə, ciddi şəkildə yanılır və hissə qapılırsınız. Ya da fikirlərinizi məsələlərin dərinliyini bilməyən kütləyə hesablayırsınız,  Prezidentin köməkçisini populizmdə günahlandırdığınız halda, özünüz populistlik edir, insanları aldadırsınız.

Sonra keçirsiniz “yol” göstərməyə, ağıl öyrətməyə. Yazırsınız:

1) Oturuşmuş sistemlərdə vətəndaşın problemini məmur deyil də, qanunlar, ədalətli məhkəmələr həll edir.

Məgər bizim qanunlarımız işləmir, məhkəmələrimiz yoxdur? Problemlərimiz var, əlbəttə, onların həlli ilə bağlı tədbirlər də görülür. Qanunlar təkmilləşdirilir, məhkəmələrdəki problemlərin aradan qaldırılmasıyla bağlı işlər görülür. Və elə Əli müəllim də xalqı bunları müzakirə etməyə dəvət edir. Digər tərəfdən, bizim xalqın da bəzi nümayəndələri öz problemlərini qanunlar əsasında, məhkəmələrdə həll etməyə həvəs göstərmir, ərinir, tənbəllik edir. Mitinqə çıxıb qışqırmağı daha asan yol sayır. “Oturuşmuş sistem” deyirsiniz, Natiq bəy. Siz Qərb ölkələrindən başqa “oturuşmuş sistemi” olan ölkə tanıyırsınız? Əminəm ki, yox. Elə isə bizi həmin ölkələrlə müqayisə etməzdən qabaq bir çox amillərə diqqət yetirməlisiniz. O ölkələrin keçdiyi tarixi inkişaf yoluna, elmi-texniki-mədəni tərəqqiyə, onların yaşına, dünyadakı mövqelərinə, miqyaslarına, o ölkələrdə yaşayan əhalinin mədəni, intellektual səviyyəsinə, tarixi şüuruna, iqtisadi təfəkkürünə və bir çox digər məsələlərə aydınlıq gətirməlisiniz. Ancaq siz nədənsə həmişə səthi müqayisələr aparır, manipulyasiya edir, sadə və avam insanları çaşdırırsınız. Siz ancaq aysberqin görünən tərəfindən danışırsınız, əsas hissəsi “yadınızdan çıxır”.

Davam edirsiniz:

2) Normal ölkələrdə vətəndaşların maraqlarını qoruyan Sivil Toplum təşkilatları olur, məsələn, taksi sürücüləri birliyi, çörəkçilər dərnəyi, fermerlər birliyi, nəhayət sahələr üzrə həmkarlar təşkilatları – onlar toplumun müxtəlif kəsmlərini narahat edən problemləri ictimai müzakirəyə çıxarır, hökumətlə masaya oturur, məsələləri həll edir – Siz isə düşünürsünüz ki, QHT düşmən qüvvələrdir, bu seqmenti zəiflətdiniz, indu bunun acısını çəkirsiniz.

Məgər bizdə qeyri-hökümət təşkilatları yoxdur? Hətta mənim bildiyim qədəriylə QHT-lərə hüquqi və maddi yardım göstərən dövlət qurumu da var. Məgər dövlət taksi sürücülərinə, bərbərlərə, fermerlərə öz ictimai birliklərini yaratmağa mane olur? Yeri gəlmişkən, “Fermerlər Birliyi” var, məncə. Buyursunlar, dərzilər, bərbərlər, dönərçilər, pinəçilər də yaratsınlar. Həvəsləri yoxdur, bacarmırlar, bu başqa məsələ. Əli Həsənov da məhz bunları müzakirə etməyə çağırış edir. Qaldı ki, QHT sektorunun zəiflədilməsi məsələsinə, bu da doğru deyil. Çünki sadəcə bu sektorun xarici donorlardan müəyyən çirkin siyasi məqsədlər üçün maliyyə alması bir qədər məhdudlaşdırılıb ki, bu tədbiri də bütün normal dövlətlər görür. Elə “oturuşmuşlar” da.

Daha sonra yazırsınız:

3) Oturuşmuş ölkələrdə güclü və müstəqil media olur, onlar vətəndaşın sözünü hökumətə çatdırır, problemləri işlqlandırır, hökumət də dərsini alıb onları həll edir – Siz bu sahəni də zəiflətdiz, medianı öz funksiyasını yerinə yetirməyə qoymadınız.

Müstəqil media bizdə də var və müstəqillikdə də sizin “oturuşmuş” saydığınız ölkələrdəkindən geri qalmır. Guya sizin pərəstiş etdiyiniz “Azadlıq radiosu”, “Amerikanın Səsi” və digərləri dahamı müstəqildir? Qətiyyən. İnsanlar kor deyil və onların  məsələlərə necə öz maraqları çərçivəsində baxdıqlarını, mənsub olduqları dövlətlərə, qruplara, dairələrə xidmət etdiklərini yaxşı görürlər. Biz bunu İraq müharibəsində də görmüşük, Ukraynaya münasibətdə. Elə Azərbaycandakı radikallara münasibətdə də görürük. Azərbaycan dövlətinin media sahəsində apardığı siyasət mətbuatımızda səliqə-sahman yaratmağa, onu yad təsirlərdən, düşmən müdaxiləsindən, maliyyəsindən qorumağa xidmət edir. Milli mediamız bu gün istədiyini yazır, vətəndaşlarımızın problemlərini işıqlandırır. Təbii ki, peşəkarlıq Qərb dövlətləri səviyyəsində deyil, ancaq bunda hakimiyyəti günahlandırmaq absurddur. Bu məsələ bilavasitə jurnalistlərin, mətbuat sahəsində çalışan digərlərinin intellektual səviyyəsi, dünyagörüşü, istedadı ilə bağlıdır. Bizdə qəzetlərin dizaynı da, şrift, rəng seçimi də, həcmi də Qərbdəkindən xeyli zəifdir, oxucu da azdır. Bunun da günahı Əli Həsənovdadır?

Sonda yazırsınız:

4) Nəhayət ki, normal ölkələrdə seçki olur, siyasi partiyalar yarışır, insanların özləri fiziki deyil də, ideyaları toqquşur, proqramlar müzakirə olunur, ideoloji kəsimlər formalaşır, seçki nəticəsinə görə vətəndaş öz problemlərini həll edə biləcəyini düşündüyü hökumət seçir, ya da vətəndaşların böyük qruplarınln təmsilçiləri Parlament çatısı altında təmsil etdiyi öz maraq qrupunun problemlərini həll etməyə çalışır.

Bu institutları məhv etməklə vətəndaşı görmədiz, eşitmədiz, duymadız, indi də deyirsiniz ki, hər kəsin problemini dinləməyə və həll etməyə hazırıq. Tamam, qeyd edin: Mənim problemim azad seçkidir, ədalətli məhkəmədir, dürüst mediadır, işlək sivil toplumdur – həll edəcəksiz bu problemləri?!

Bu ölkədə seçki var, Natiq bəy. Ancaq arzuolunan səviyyədə olmaması təkcə hakimiyyətin günahı deyil. Bu da bütün digər məsələlər kimi Azərbaycan xalqının, cəmiyyətimizin ictimai-siyasi, mədəni-intellektual durumuna adekvatdır. Mən müstəqillik dövrümüzdə keçirilən bütün seçkilərdə müxtəlif statuslarla iştirak etmişəm. 1998-ci il bələdiyyə seçkilərində DSK imzalarımı qəbul etməyəndə, məhkəməyə müraciət etmiş və prosesi udmuşam. İmzaları şübhə doğuran insanları öz imzalarını təsdiq etmələri üçün məhkəməyə aparmağa çox əziyyət çəkdim. Qadınlar məhkəməyə getmək istəmirdi, ərləri onlara icazə vermirdi. Bəzi seçicilər öz imzalarını tanımaqda çətinlik çəkirdilər. Biz belə bir ölkədə yaşayırıq, Natiq bəy. 2000-ci ildə MnSK-da komissiya üzvü idim. Səhərdən axşamacan seçki qutusunun yanında dayandım və bir artıq bülleten atılmasına imkan vermədim. Mənə çörək yeməyə getməyi təklif etdilər, getmədim. AMİP-in nümayəndəsi naharda içib kefləndi və dedi ki, ailə üzvləri adından səs verəcək. Bülltenləri onun əlindən aldım və qoymadım atsın. 1500 seçicidən cəmi 400-ə yaxın adam gəldi. Bütün partiyaların nümayəndələri – AXCP, AMİP, Müsavat, YAP düşdülər üstümə ki, bülletenləri bölək. Razı olmadım. Saydıq, YAP qalib gəlmişdi. İnanın ki, seçkidən sonra müxalifət məni düşmən elan elədi ki, əgər sən bülletenləri bölüşdürməyə razı olsaydın, bizim səsimiz bir az çox olardı. Bu da sizə müxalifətin təfəkkürü.

2005-ci ildə Milli Məclis üzvlüyünə namizəd idim. Yaxşı kampaniya apardım, 50-dən artıq görüş keçirdim. Amma seçicilər adambaşına 2 şirvandan paylayan Əhəd Əhmədova səs verdilər. Mən əksər protokolları əldə etmişdim və müşahidəçilərim hamısı mənə dedi ki, saxtakarlıq olmadı. Sadəcə insanlar pula səs verdilər. Mən məhkəməyə müraciət edə bilməzdim, çünki pul paylanıldığını sübut etmək mümkün deyildi. Neyləyə bilərdim, seçici pula səs vermişdi.

Yeri gəlmişkən, həmin seçkidə bir kişi mənə dedi ki, namizəd bir olar, adam da gedib səs verər, mən nə bilim on namizədin hansına səs vermək lazımdır? Dedim, dayı, arvad alanda onu necə seçmisən? Cavab verdi ki, mənə arvadı anam alıb.

Nadir Qocabəyli

Həmçinin oxuyun

Bəxtiyar Vahabzadənin “Gülüstan”ı KQB-dən belə gizlədilib…

Hörmətli Azər Turan!Sizə yollayacağım yazı xalq şairi Bəxtiyar Vahabzadənin məşhur “Gülüstan” poemasının ilk dəfə necə …