Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Nardaran hadisələrinə görə bir nəfər də həbs olundu

Nardaran hadisələrinə görə bir nəfər də həbs olundu

Nardaranda baş verən silahlı insidentlə bağlı daha bir nəfər tutulub.

Cəbrayıl rayon sakini Bəhramov Nahid Nəsib oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Məlumata görə, N.Bəhramov Taleh Bağırovun tərəfdaşlarından olub. Hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində onun Taleh Bağırovla bir neçə dəfə telefon əlaqəsi yaratdığı ortaya çıxıb. Lakin N.Bəhramov Nardaranda baş vermiş hadisələr zamanı orada olmayıb. Bundan əlavə, N.Bəhramov 2012-ci ildə Bakıda Təhsil Nazirliyinin binası qarşısında keçirilən “Hicaba azadlıq!” aksiyasında da iştirak edib və həmin vaxt həbs edilənlər sırasında olub.

O, Cinayət Məcəlləsinin 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və digər maddələrinə əsasən təqsirləndirilir.

Qeyd edək ki, noyabrın 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Nəticədə polisə müqavimət göstərən 4 nəfər öldürülüb, bir neçə nəfər yaralanıb. Hadisə nəticəsində 2 polis əməkdaşı həlak olub.

Taleh Bağırov başda olmaqla dəstənin 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib (APA).

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın