Ana səhifə / Araşdırma / Müstəntiqin ailəsi dələduz həkimin toruna necə düşdü…

Müstəntiqin ailəsi dələduz həkimin toruna necə düşdü…

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Laləzar Quliyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, L.Quliyeva məhkəmə zalında həbs olunub. Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, L.Quliyeva özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Nazim Quliyevin bacısı Nuranə Quliyevanı 10 min manat müqabilində Perinatal Mərkəzə həkim düzəldəcəyini vəd edərək aldadıb.

ATU-nun müalicə-profilaktika fakültəsini bitirən L.Quliyeva terapevt-kardioloq kimi 1985-ci ildən 2010-cu ilə kimi Neftçilər xəstəxanasında tibb məntəqəsinin müdiri vəzifəsində işləyib.

2008-2009-cu illərdə tanışı, Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində müstəntiq işləyən Firəngiz Abdulovanın iş yerinə gedərək, mütəmadi olaraq ona tibbi yardım göstərib. Həmin ərəfələrdə adıçəkilən idarədə müstəntiq işləyən Hacı Əfəndiyevlə tanış olub. Onun həkim işlədiyini öyrənən H.Əfəndiyev həyat yoldaşının Tibb Unuversitetini bitirdiyini və hazırda işsiz olduğunu bildirib. L.Qulieva isə cavabında deyib ki, onun həyat yoldaşını 1 saylı doğum evinə ginekoloq vəzifəsinə düzəldə bilər. Müstəntiq bu işlə qaynı Nazim Quliyevin məşğul olacağını deyib. L.Quliyeva Nazim Quliyevin etibarından sui-istifadə edərək, bacısını işə düzəldəcəyini vəd edib və ondan 10 min manat pul alaraq qaytarmayıb. N.Quliyev isə aldanıldığını görüncə hüquq-mühafizə orqanlarına şikayət edib.

9 sentyabr 2015-ci ildə L.Qulieva təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

Onu da qeyd edək ki, bu, L.Quliyevanın ilk cinayəti deyil. O, 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin eyni maddəsi ilə ittiham olunub və barəsində şərti cəza təyin edilib.

Təqsirləndirilən şəxs qismində dindirilən L.Quliyeva ona elan olunmuş ittihamla özünü təqsirli bilib: “Hacı məni qaynı Nazimlə tanış etdi. Bir dəfə söhbət zamanı Nazim dedi ki, bu işi kim düzüb-qoşsa ona istənilən məbləği verməyə hazırdır. Fikirləşdim ki, bununla bağlı Nazimdən pul ala bilərəm. Nə qədər çalışsam da Nazimin bacısını işə düzəltmək üçün tanış tapa bilmədim. Qərara gəldim ki, aldadıb pulu ondan alım. Görüşlərin birində dedim ki, iş var, amma 10 min manat lazımdır. Nazim razılaşdı. Amma mənə dedi ki, bacısının pulla işə düzəlməsindən yeznəsinin xəbəri olmamalıdır. Əks təqdirdə həyat yoldaşının pulla işə düzəlməsinə mane olacaq. Nazimin bu təklifi lap ürəyimdən oldu. Dedim ki, narahat olma, ona heç nə deməyəcəyəm. Nazim də dedi ki, pulu Hacıdan xəbərsiz verəcək.

Beləliklə, 2009-cu ildə Nazimdən ayrı-ayrı vaxtlarda 10 min manat aldım. Həmin pulları öz ehtiyaclarıma xərclədim. Bu müddət ərzində Nazimə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başladım. Sonradan Nazim mənim barəmdə polisə şikayət etdi”.

Zərərçəkmiş şəxs qismində dindirilən Nazim Quliyev ifadəsində göstərib ki, bacısı Nuranə Tibb Universitetini bitirsə də, heç vaxt həkim işləməyib. 2009-cu ilin payız aylarında bacısını işə düzəltmək qərarına gəlib: “Həmin ərəfədə bacımın həyat yoldaşı məni Laləzar adlı qadınla tanış etdi. Həmin qadın bacımın qanuni əsaslarla işə qəbul olunmasına köməklik edəcəyini dedi. Bir neçə dəfə bu məsələ ilə bağlı görüşdük. Görüşlərin birində Laləzar Səhiyyə Nazirliyində yüksək vəzifəli qohumlarının işlədiyini, həmin şəxslər vasitəsilə bacımı işə düzəldəcəyini deyirdi. Bunun üçün 10 min manat lazım olduğunu bildirdi, razılaşdım. Amma tapşırdım ki, bu barədə Hacıya heç nə deməsin. Əgər Hacı bu işin pulla həyata keçiriləcəyini bilsə razı olmayacaqdı. Laləzar da dediklərimlə razılaşdı. Dedi ki, pul barədə nəinki Hacıya, heç kəsə məlumat verməyəcək”.

Daha sonra zərərçəkmiş ifadəsində 2009-cu ilin sentyabrında bacısının sənədlərinin kserosurəti ilə birlikdə Laləzara 5 min manat pul verdiyini göstərib. L.Quliyeva ona deyib ki, əmr çıxandan sonra yerdə qalan məbləği verər. Təxminən 2 aydan sonra L.Quliyeva zəng vuraraq əmrin hazır olduğunu və pulu gətirməsini tapşırıb: “Dedim ki, əmr hazır olmayana kimi pul verməyəcəm. Laləzar isə dedi ki, vəziyyət dəyişib, pulun qalan hissəsi verilmədiyi təqdirdə əmr verilməyəcək. Belə olan halda çıxılmaz vəziyyətdə qalıb razılaşdım. “28 May” metrostansiyasının qarşısında görüşüb Laləzara 5 min manat da verdim. Dörd-beş gündən sonra zəng vurub əmrin verilib-verilmədiyini soruşdum. Laləzar həmin adamın ezamiyyətdə olduğunu, 15 gündən sonra əmrin veriləcəyini deyirdi. O vaxtdan sonra müxtəlif bəhanələr gətirir, vaxtı uzadırdı. Artıq başa düşürdüm ki, Laləzar məni aldadıb. Ona görə də verdiyim pulu geri istədim. O isə pulu verdiyi adamın burada olmadığını, bir neçə aydan sonra xaricdən gələndən sonra alıb qaytaracağını deyirdi. Artıq aradan uzun müddət keçmişdi.

Laləzarın pulu qaytarmaq istəmədiyini görüb Bakıxanov qəsəbəsi, 13 saylı poliklinikada baş həkim işləyən qardaşı Ramin Quliyevlə görüşüb vəziyyəti ona danışdım. O da söz verdi ki, pulun qaytarılması üçün bacısına təsir göstərəcək. Amma Laləzar yenə də pulumu qaytarmadı. Məcbur olub Hacıya danışdım, Laləzara pul verdiyimi öyrənəndə məni danladı. Hacının təsiri ilə cinayət barədə polisə məlumat vermək məcburiyyətində qaldım”.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın