Cümə , Dekabr 9 2022
Ana səhifə / Araşdırma / Müəllimlərin dəhşətli cəza metodları… – İndi niyə cinayət sayılır?

Müəllimlərin dəhşətli cəza metodları… – İndi niyə cinayət sayılır?

Ənənəvi döymə üsulları – xətkeşlə, çubuqla ələ və başa vurmaq, saçı yolmaq, qulağı çəkmək, küncə qoymaq, sifətə şillə vurmaq, tək ayaq üstə saxlamaq, dikdaban ayaqqabı ilə ayağı tapdalamaq və s. ağla gələn və gəlməyən cəza metodları illər öncə bəzi müəllimlər tərəfindən geniş istifadə olunurdu. Oxumayan, dərsdə şuluqluq edən şagirdləri müəllimlər sadalanan metodlarla cəzalandırardılar.

Keçmiş məzun Qalib Məmmədov deyir ki, orta məktəbi 30 il bundan qabaq bitirib. Məktəb illərində bəzi müəllimlərin tətbiq etdiyi sərt tərbiyə və cəza üsulları hələ də onun yadındadır:
“Bizim dövrdə şagird-müəllim münasibətləri bugünkü kimi deyildi. Müəllim müəllim idi, şagird də şagird. O dövrdə müəllimin yanında artıq-əskik hərəkət etmək olardı? Müəllimlərdən çox qorxar və çəkinirdik. Dərsi bilməyəndə, hazırlıqsız gedəndə, sinifdə özümüzü yaxşı aparmayanda üzümüzə elə sillə vururdular ki, gözümüzdən od çıxırdı. Müəllimin qulağımızı çəkməsi, əllərimizi partanın üzərinə qoyub çubuqla vurması heç yadımdan çıxmaz. Tarix müəllimimiz var idi, rəhmətlik çox qəddar, sərt müəllim idi və bütün uşaqlar ondan çox qorxardı. İntizamsız, oxumayan uşağı döyərdi. Əli çox ağır olduğu üçün vurduğu şillənin yeri üzümüzdə bir saat qalırdı. Elə olurdu, qorxumdan onun dərsinə girmirdim. Məktəbin dəhlizində tutar, dərsində niyə iştirak etmədiyimin hesabını soruşardı. Əsaslı səbəb deməyəndə isə bir neçə şillə də vurardı. Orta məktəbi bitirməyimdən 30 ilə yaxın vaxt keçir. Ancaq o müəllimin vurduğu şillənin səsi hələ də qulağımdadır. Dərslərimizi qorxudan və məcburiyyətdən yaxşı oxuyardıq. Xüsusən də tarix fənnini. Qeyd edim ki, bizim sinfi bitirənlərin demək olar ki, hamısı elə həmin il də ali məktəblərə daxil oldu. O zamanlar bizim məktəb müəllimlərinin sərtliyinə və bir az da qəddarlığına görə seçilirdi. Ancaq sözün əsl mənasında peşəkar müəllimlər idi. Dərsi elə keçər, mövzunu elə gözəl izah edirdilər ki, bir ömürlük şagirdin yadından çıxmazdı. Müəllimin keçdiyi dərsləri dinləyən, hazırlıqlı, yaxşı oxuyan şagirdin ali məktəbə qəbul olmaq üçün ələvə hazırlığa getməyə ehtiyacı qalmazdı”.Qalib Məmmədovun dediyinə görə, o şiddətə, şagirdlərin cəzalandırılmasına qarşıdır. Ancaq bəzi məqamlarda müəllim kötəyi lazım və vacibdir: “Söhbət əsl müəllim kötəyindən gedir. O kötək ki, şagirdə məsuliyyət, bilik, savad gətirir”.

Şagird Rəsul Quliyevin sözlərinə görə, şagird sinifdə özünü elə aparmalıdır ki, müəllimin ona əl qaldırmasına ehtiyac qalmasın: “Mən 11-ci sinif şagirdiyəm. Bu vaxtadək müəllimlərimdən biri də mənə əl qaldırmayıb. Çünki buna şərait yaratmamışam. Şagirdlərin bəziləri hərdən sinifdə özlərini elə aparırlar ki, elə qeyri-etik hərəkətlər edirlər ki, mən özüm yerimdən durub onları vurmaq istəyirəm, qalsın ki, müəllim. Şagirdlərə direktor və müəllimlərin əl qaldırmasının əleyhinəyəm. Məktəbdə şiddət yolverilməz haldır. Müəllim adına yaraşan davranış deyil. Ancaq biz şagirdlər də gərək davranışlarımıza diqqət edək. Özümüzü elə aparaq ki, şillə, şapalağa ehtiyac qalmasın. Yox, əgər səbəbsiz yerə, günahım olmadan mənə əl qaldırılarsa bunu müəllimə bağışlamaram”.

25 illik müəllimlik təcrübəsi olan Səfurə Cavadovanın fikrincə, müəllim şagirdlərinə övladı kimi yanaşmalıdır. Öyrətməli, sevgi ilə yanaşmalı, diqqət və qayğı göstərməlidir. Ancaq şagirdlərin həm savadlı həm də nizam-intizamlı, ədəb-ərkanlı olması üçün müəllim lazım olduqda sərt üzünü də göstərməlidir: “Mənim üçün ən önəmlisi şagirdin tərbiyəsidir. Nizam-intizamlı, məsuliyyətli, tərbiyəli, özündən böyüklərə hörmətlə yanaşmağı bacaran şagird dərslərini də yaxşı oxuyar. Müəllim şagirdə bilik verdiyi kimi ona nizam-intizamlı olmağı da öyrətməlidir. Şagirdin sinifdəki nizam-intizamı müəllimdən asılıdır. Müəllim öz ciddiliyi ilə sinfə hakim olmağı bacarmalıdır ki, şagirdlər də onu saysın və hörmət etsin. Bu müəllim oxumayan, nizam-intizamsız şagirdi sevmir deyib, özünə və davranışlarına fikir versin. Şagird nizam-intizamsızlığına göz yummaq olmaz. Sinifdə özünü yaxşı aparmayan, ipə-sapa yatmayan, verilən öyüd-nəsihəti dinləməyən şagirdlər müəllimlər tərəfindən tənbeh olunmalıdır”.

Bakupost.az saytının baş redaktoru Elçin Zahiroğlu deyir ki, o, təhsil aldığı dövrdə müəllimlər tərəfindən tətbiq olunan – şagirdlərin əlini parta üstə qoyub odun parçasıyla vurmaq, qulağın dibindəki tüklərin dartılması kimi cəza növlərini görüb:



“Mənim oxuduğum orta məktəb zonanın ən yaxşı məktəblərindən hesab olunurdu. Məzunları içərisindən xeyli məşhur isimlər var -alimlər, hüquqşünaslar, sənət adamları. Milli Məclisin iki deputatı – Sabir Rüstəmxanlı, Musa Qasımlı da o məktəbin yetirmələridir. Məktəbi bitirənlərin böyük əksəriyyəti ali məktəbə daxil olurdu. İndi o məktəbdən, o nəticədən əsər-əlamət yoxdu. Sanki cəza azaldıqca savadlı məzunlar da azalıb. Amma cəza azalıb deyə təhsilin səviyyəsi aşağı düşməyib. Müəllim azalıb. Öz peşəsini sevən, özünə hörmət edən və ətrafdan daim hörmət hiss edən müəllimlərin sayı azalıb. Həmin dövr insanlara o metodlar effektli idi deyə, pedaqoqlar fiziki cəzadan yararlanırdı. İndi bu metodlardan istifadə etmək dəlilikdi. Bəs niyə hələ də işgəncə var? Görünür, müəllimlər şagirdləri təhsilə yönəltmək, onları ram etmək üçün yeni alətlərdən istifadə edə bilmirlər. Məktəblərdəki müəllimlərin çoxu ya Sovet dövründə təhsil almış və buna görə də o abu-havayla fəaliyyət göstərən şəxslərdir, ya da ali məktəbi diplom xətrinə bitirən, əsasən savadsız gənc pedaqoqlardır. Buna görə də onların yeni nəsillə, hiperaktiv, sosiallaşmış, müasir dünyanın adamları ilə “dil tapmağı” müşkülə çevrilir. Onları maraqlandıran tərzdə dərs keçmək xüsusi bacarıq tələb edir. Görək, pedaqoji təhsil verən fakültələrdə bu bacarıqlar öyrədilirmi? Xeyr. Ona görə də bu problemlər getdikcə dərinləşir”.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə, bir zamanlar uşaqları ya dərs üstündə, ya da tərbiyə səbəbindən cəzalandırırdılar. Yəni, qorxu, qorxutmaq faktorundan istifadə edirdilər. Biz artıq iyirmi birinci əsrdə yaşayırıq, dövr başqadır və keçmiş təhsil, tədris metodları indi işləmir:

“Təcrübədən elə misallar göstərə bilərik ki, hətta müəllimlər Şahları belə döyüblər. Belə nümunələr çoxdur, amma indi zaman dəyişib və bununla yanaşı, dünyagörüş də dəyişməlidir. Əgər keçmiş dövrdə totalitar düşüncə var idisə, indi demokratik düşüncə var. Demokratik düşüncə onu göstərir ki, müəllim şagirdi döyməli deyil, onu öyrətməlidir. Onu başa salmalı, məsələni direktor və valideynlə müzakirə etməlidir. Bu cür tədqiqatlar aparılmalıdır. İndiki şagirdi qulağından çəkməklə öyrətmək olmaz. Bu istiqamətdə yeni metodlardan istifadə etməlidir”.

Şahlar Əsgərov bildirib ki, inkişaf etmiş ölkələrdə təhsil dərk edilən həqiqətdir. Yəni, məktəbdə həm müəllim, həm də şagird dərsə şüurla yanaşırlar. Hər kəs başa düşür ki, uşaq məktəbə oxumağa yox, öyrənməyə, başa düşməyə yox, mənimsəməyə gedir. Uşağa pulla qiymət yazdırmaq heç kəsin ağlına gəlmir: “Heç kəs övladını pulla ali məktəblərə yerləşdirmir. Gənclər elm, sənət öyrənmənin hikmətini dərindən dərk edirlər. Gənclər ürəkləri istədiyi müəllimləri, sinifləri, fənləri seçdiklərinə görə, həvəslə dərsə gedirlər, öyrənirlər və dərsdən yayınmırlar. “Qulaqburma” metoduna, zora ehtiyac qalmır. II dünya ölkələrində bəzi müəllim, şagird və valideyn üçün təhsil dərk edilməmiş həqiqətdir. Məktəbdə münaqişə o zaman baş verir ki, müəllim öz məsuliyyətini anlayır, şagird isə anlamır. İnanıram ki, biz də I dünya ölkəsinə çevriləndə, nəinki məktəbdə şagirdlərə qulaqburması verməyəcəyik, heç sahibsiz itləri belə güllələməyəcək və ovdan da imtina edəcəyik”.

Təhsil eksperti Nadir İsrafilov deyir ki, şagirdlərin döyülməsi mənəvi dəyərlərin dəyişməsindən irəli gəlir: “SSRİ dövründə vəziyyət tam fərqli idi. O dövrlər əxlaq kodeksi, ədəb qaydaları bütün məktəblərin foye və dəhlizlərinin başlıca atributları idi. Şagirdlərin bilikləri ilə yanaşı onların əxlaq və davranışları da qiymətləndirilirdi. Orta məktəbləri bitirənlərə attestatla yanaşı davranışına görə xasiyyətnamə də verilirdi”.

N.İsrafilovun sözlərinə görə, qanunvericiliyə əsasən şagirdlərin toxunulmazlıq hüququ var və onların təzyiqə məruz qalması qanunla qadağandır. “Uşaqlarla qəddar rəftara yol verilməsi, psixi və fiziki zorakılıq tətbiq edilməsi mövcud qanunvericiliyə görə inzibati, hətta cinayət məsuliyyəti daşıyır”.

Millət vəkili Fazil Mustafa bildirib ki, şagirdə şiddət tətbiq etmək, ona əl qaldırmaq, vurmaq, döymək yolverilməz davranışdır:

“Sözlə inandırmaq, davranışla inandırmaq zəif olanda insan şiddətə əl atır. Sovet dövründə də belə yanlış metodlardan istifadə olunurdu. Müəllimlərin şagirdlərə əl qaldırılması o dövrün ən pis ənənnələrindən biri idi. Uşaqlar psixoloji travma alırdı, müəllimə nifrət edirdi. Məsələn, mən təhsil aldığım dövrdə müəllim mənə heç əl qaldırmayıb. Özümü elə aparmışam ki, mənə əl qaldırılmayıb. Yox əgər əl qaldırsaydılar, döysəydilər mən o müəllimə nifrət edərdim”.
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə əsasən, hazırkı dövrdə ümumtəhsil məktəblərində şagirdlərin cəzalandırılması, onlara zor tətbiq edilməsi yaxşı hal deyil.
Bu yolla şagirdi təhsilə cəlb etmək olmaz:

“İllər öncə müəllimlər şagirdləri bu yanlış üsulla təhsilə cəlb etməyə çalışırdı. İndi dövür dəyişib, insanların həyata baxışı, düşüncə tərzi başqadır. İndiki dövrün uşaqları da o dövrün şagirdləri ilə eyni deyil. Müasir dövrün şagirdlərini cəzalandırmaq, sıxışdırmaq vəziyyətdən çıxış yolu deyil. Şagirdlərin cəzalandırılması onların əksinə təhsildən uzaqlaşmasına səbəb olur. Onlarla dil tapıb danışmaq, söhbətləşmək, tövsiyələr vermək daha məqsədə uyğundir. Əgər məsələ daha ciddi olduqda, aparılan danışıqlar nəticə verməyəndə bu zaman müəllim həmin şagirdin valideyni ilə kontakt qurmalıdır. Məsələ tərəflər arasında aprılan danışıqlarla yoluna qoyulmalıdır”.

Millət vəkili Aqil Abbas bildirib ki, müəllim şagirdi döymək yox, tənbeh edə bilər:



“İllər öncə də oxumayan, şuluqluq edən şagirdlərə qarşı bəzi müəllimləri özlərinə xas cəza növləri tətbiq edirdilər. Qulaq burması, küncə qoyma və.s. O zamanın da valideynləri övladlarının döyülməsinə etiraz edirdi. Məktədə gedib həmin müəllimi direktora şikayət edən, dava edənlər də olurdu. Müəllimin şagirdə əl qaldırması hər zaman qınaqla qarşılanıb. Sovet dövründə də indi də. Ancaq bu o demək deyil ki, müəllim şagirdi cəzalandıra bilməzsə o da bundan istifadə edib məktəbdə, sinifdə ürəyi istəyən hərəkəti etməlidir. Xeyir. Şagird öz yerini bilməli, özünü məktəbdə ədəbli, ərkanlı aparmalı və müəllimə hörmətlə yanaşmalıdır. Müəllimin isə lazım gələndə şagirdi tənbeh edə bilər, cəzalandıra yox”.

Təhsil Nazirliyindən bildirilib ki, sivil cəmiyyətdə insanlar arasında münasibətlər hansı etik normalara əsasən qurulursa, məktəbdə müəllim – şagird münasibətləri də o cür qurulmalıdır. Müəllimin peşə mövqeyi tələb edir ki, o, münaqişədə uşağın mənafeyini gözləsin. Bu gün məktəbdə yaranan münaqişələrin xeyli hissəsi şagirdlərin davranış xüsusiyyətləri ilə bağlıdır. Müəllimlər şagirdlərin qeyri-adekvat davranışlarından narazıdırlar. Amma müəllimlərimiz bir həqiqəti anlamalıdırlar ki, pozitiv davranış vərdişlərini tərbiyə etmək valideynlərlə yanaşı, müəllimlərin də vəzifə borcudur. Tərbiyə etmək, başqa sözlə elə bu deməkdir: uşaqda pozitiv davranış vərdişləri formalaşdırmaq. Pozitiv vərdişlər isə bir-iki gün ərzində yaranmır. Bunun üçün vaxt, səbir və düzgün psixoloji yanaşma lazımdır. İnsan ləyaqətini alçaldan fiziki və emosional zorakılıq isə yolverilməzdir.

Həmçinin oxuyun

Özünü binadan atan 18 yaşlı qız hamilə imiş

Dekabrın 5-i gecə saat 23 radələrində Masallı şəhər Heydər Əliyev prospektində yerləşən binadan özünü ataraq …