Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Araşdırma / MTN zabiti: “Övladımın toyunda 30 min borc almışam, amma…”

MTN zabiti: “Övladımın toyunda 30 min borc almışam, amma…”

“MTN mafiyası”nın qanunsuz əməlləri saymaqla bitmir. İş adamlarının telefon danışıqlarını dinləyən, əksər şəxsləri ermənilərlə işbirliyində günahlandıraraq, onlardan hədə-qorxu yolu ilə külli miqdarda pul alan maskalılardan biri də ləğv edilmiş MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin, I idarəsinin, III şöbəsinin rəisi olmuş Fuad Sədrəddinov olub. 
Onun “qurban”ı isə sahibkar Elçin Əliyev olub. “EGT Express” MMC-nin təsisçisi olan E.Əliyev 2014-cü ildə “MTN çetesi”nin caynağına keçib.
Musavat.com xəbər verir ki, zərərçəkmiş E.Əliyev istintaqa ifadəsində MTN-nin onun başına açdığı oyunlardan danışıb. O, deyib ki, 2014-cü ilin mayında təsisçisi olduğu MMC-nin ofisinə 6-7 nəfər mülki geyimli şəxs gəlib. Onlar özlərini MTN əməkdaşı kimi təqdim edərək ofisdə axtarış aparacaqlarını deyiblər.

“Rəis sizi başa salacaq”

Əməliyyata rəhbərliyi isə Fuad Sədrəddinov edib. E.Əliyev yoxlamanın səbəbini soruşduqda ona “Rəis özü indi sizi başa salacaq. Siz ermənilərlə əlaqədəsiniz” deyiblər.
Fuad Sədrəddinov MMC rəhbərinə “Sən Çexiyada yaşayan Lelit Qriqoryan adlı erməni ilə əlaqədəsən, sənin ofisindən onun ofisinə zəng olunub, onunla telefon danışığı aparılıb. Buna görə də səni MTN-ə aparacağıq” deyib.
Lelit Qriqoryan adlı erməni ilə əlaqəsinin olmadığını desə də, E.Əliyevi dinləyən olmayıb. Bundan sonra onu MTN-ə aparacaqları ilə hədələyiblər: “Təsisçisi olduğum firmanın Azərbaycanda qeydiyyatdan keçmiş müstəqil firma olduğunu dedim. Sonra Fuad Sədrəddinov mənimlə təklikdə söhbət etməyə başladı. Məni həbs etməklə hədələdi. MTN-ə aparılacağım halda mənim üçün yaxşı olmayacağını bildirdi. Bu hədələrdən qorxdum. F.Sədrəddinov açıq şəkildə məndən 100 min tələb etdi. Bu qədər pulumun olmadığını dedim”.

“Maşınını 118 min dollara satmısan”

E.Əliyev bu qədər pulunun olmadığını deyib, məbləğin aşağı salınmasını istəyib. Amma bilmədiyi bir məsələ var idi. MTN maskalıları artıq onun telefon danışıqlarını izləmiş və bir neçə gün əvvəl maşınını 118 min dollara satdığını öyrənmişdilər.
Yəni, MTN maskalıları “qurban”larında nağd pulun olduğunu bilib gəlmişdilər və pulun elə həmin gün onlara çatdırılmasını tələb ediblər: “F.Sədrəddinov dedi ki, “Telefon danışıqlarına qulaq asmışıq. “Mercedes GL” markalı maşınını bir neçə gün əvvəl 118 min dollara satmısan”. Həqiqətən də belə idi. Elə həmin gün 100 min manatı çatdırmağımı istədilər. Mingəçevirdə evdə olan 120 min dolları taksi ilə göndərdilər. Ancaq F.Sədrəddinov dedi ki, 100 min manat verməlisən. Bunun üçün yeznəmdən 6 min manat götürdüm, cibimdə olan 1500 manatı da üstünə qoyaraq F.Sədrəddinova verdim”.
 
120 min dolları E.Əliyevdən alan MTN zabiti F.Sədrəddinov ona deyib ki, digər MTN əməkdaşları soruşsa, 100 min dollar verdiyini desin: “Mən başa düşdüm ki, F.Sədrəddinov 20 mini də özünə alıb”.
 
F.Sədrəddinov bundan sonra da E.Əliyevdən əl çəkməyib. Bir neçə dəfə onu hədələyərək əlavə məbləğdə pullar alıb: “Ofisdəki telefon nömrələri olan kitabçanı və noutbuku da aparmışdılar. 10 gün sonra Fuad Sədrəddinov zəng elədi və məni “Retro” restoranına çağırdı. Qeydiyyat kitabçamdakı tanışlarım barədə sorğu-sual etdi. Ona pul verdiyimi, başqa şəxsləri incitməməsini dedim. Bunun üçün də məndən 10 min manat istədi. 10-15 gün sonra 10 min manata bərabər 12700 dolları ona verdim. Yeni il qabağı F.Sədrəddinov yenə zəng elədi. Bayram qabağı kimlərəsə haqq-hesab çatdırmaq lazım olduğunu dedi. Məni “Meşəbəyi” restoranına çağırdı. Orada ona 1500 avro verdim. Bundan başqa 2015-ci ildə “Meşəbəyi” restoranında 3.000 manat vermişəm”.

MTN zabiti: “Övladımın toyunda 30 min borc almışam”

Bu epizod üzrə MTN zabiti Sədrəddinov Fuad Sabir oğlu da şahid qismində ifadə verib.
O, zərərçəkmiş Elçin Əliyevlə tanışlığını inkar etməyib: “Elçin Əliyevin təsisçisi olduğu “EGT EXPRESS” şirkətindən Praqadakı ofisə erməni Lilit Qriqoryanın istifadəsində olan nömrəyə zəng edilmişdi. İdarədə açılmış “Siqnal işi” çərçivəsində əməliyyat tədbirləri keçirildi. Bundan sonra Elçin Əliyevlə münasibətlər yarandı. Elçinlə müxtəlif vaxtlarda, müxtəlif yerlərdə görüşlərimiz oldu”.
MTN zabiti ifadəsində MMC rəhbərinin erməni ilə telefon danışıqları barədə apardıqları araşdırmanın nəticəsi haqda danışmayıb. Həqiqtən belə bir araşdırma aparıb-aparmadıqlarını söyləməyib.
Fuad Sədrəddinov ondan şikayətçi olan Elçin Əliyevdən pul adlığını ifadəsində təsdiq edib. Ancaq MTN zabiti həmin pulu borc olaraq aldığını deyib: “Bir yerdə oturub yemək yemişik. Düşmənçilik və ya ədavətimiz olmayıb. Elçin Əliyev logistika sahəsində mütəxəssis olduğu üçün yük daşımaları ilə bağlı müxtəlif terminlərin izahında çox köməklik edib. 2015-ci ildə övladımın toy mərasimi ilə əlaqədar Elçindən 30 min dollar pul aldım. Lakin müəyyən çətinliklər olduğu üçün borcu qaytara bilmədim. Düşünürəm ki, Elçin Əliyev buna görə belə ifadə verir”.

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın