Ana səhifə / Araşdırma / MTN polkovnikinə 15 il cəza istənildi, rütbəsinin alınması tələb edildi

MTN polkovnikinə 15 il cəza istənildi, rütbəsinin alınması tələb edildi

“MTN işi” ərəfəsində həbs edilən zabitlərdən birinin məhkəməsi yekunlaşmaq üzrədir. Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə günahlandırılan Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi olmuş Vüsal Ələkbərovun cinayət işi üzrə npvbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə csənədlərin elan edilməsi mərhələsi başlayıb.

Hakim cinayət işi 15 cilddən ibarətdir. Məhkəmədə ilk olaraq “Texnikabank” ASC-nin “Bakı” filialının rəhbəri olmuş, hazırda həbsdə olan Zal Yusifov və digər şəxslərin barəsində başlanmış cinayət işi üzrə qərar elan edilib.

Qərarda göstərilib ki, cinayət işi üzrə istintaqın aparılması üçün istintaq qrupu yaradılıb və MTN-nin baş istintaq idarəsinin rəisi Mövlan Şıxəliyevin qərarı ilə yaradılan istintaq qrupuna rəhbərliyi Vüsal Ələkbərov həyata keçirib. O da məlum olub ki, istintaq qrupunun müstəntiqlərdən ibarət üzvü olub.

Buna münasibət bildirən Vüsal Ələkbərov deyib ki, sənədlərdə də 613 saylı cinayət işinin istintaqının tək aparmadığı görünür: “Bu istintaq işində müstəntiqlər iştirak edib. Həmin müstəntiqlərin dindirilməsi üçün vəsait verdim. Amma məhkəmə vəsatətimi təmin etmədi”.

Daha sonra bu cinayət işində zərərçəkmiş şəxs qismində tanınan iş adamı Nizami Kazımovun MTN tərfindən həbs edilməsi, sonra barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə məhkəmə qərarları açıqlanıb.

Daha sonra hakim Nizami Kazımovun barəsində olan cinayət işinə xitam verilməsi barədə qərarı elan edib. Həmin qərarda göstərilib ki, Nizami Kazımovun dələduzluq etməsi barədə ittiham sübuta yetirilməyib.

Hakim həmçinin Vüsal Ələkbərovun evində aparılan əməliyyat-axtarış tədbirləri zamanı götürülən əşyaları açıqlayıb. Vüsal Ələkbərov buna cavab olaraq deyib ki, evindən götürülən sənədlərin cinayət işinə heç bir adiyyatı yoxdur.

“Həmin sənədlərin arasında elmi işlərim də var. Həmin sənədləri prokurluq özümə qaytarmayıb”- deyə V.Ələkbərov bildirib.

Hakim bildirib ki, məhkəmənin yekun qərarında cinayət işinə aid olmayan sənədlər geri qaytarılacaq.

Məhkəmədə Vüsal Ələkbərovun evinin fotoları da nümayiş etdirilib. Həmçinin onun barəsində Səbail Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov tərəfindən 4 ay müddətinə seçilmiş həbs qətimkan tədbiri və həbs müddətinin uzadılması barədə qərarlar da elan edilib.

Bu məsələyə də münasibət bildirən Vüsal Ələkbərov qeyd edib ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri və həmin qətimkan tədbirinin uzadılması barədə qərarlar qanunsuzdur: “Mən hərbi qulluqçuyam. Səbail rayon Məhkəməsinin barəmdə seçdiyi qərar düzgün olmayıb. Mənim barəmdə həbs qərarı Bakı Hərbi Məhkəməsində seçilməli idi. Bu səbəbdən də qanunsuz olaraq həbsdə saxlanılıram. Barəmdə həbs qərarı çıxaran hakimlər barəsində Cinayət Məcəlləsinin 145-ci (qanunsuz olaraq azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılması üçün təqdimat verilməlidir”.

Sonra zərərçəkmiş iş adamı Hüseyn Səfərovla bağlı sənədlər elan edilib. Bu zaman prosesdə gərginlik yaranıb və Hüseyn Səfərov təqsirləndirilən şəxslə mübahisə edib. Hüseyn Səfərov bildirib ki, MTN tərəfindən həbs edilərkən onun zərərçəkmişlərə ziyan vurması Vüsal Ələkbərov tərəfindən yalandan yazılıb. O, Vüsal Ələkbərovu agent adlandırıb və bildirib ki, xarici kəşfiyyata işləyib: “Vüsal Ələkbərbərovu Ermənistanda agent kimi tanıyırlar”

Bu MTN zabitini əsəbləşdirib və Vüsal Ələkbərov bildirib ki, o, xidməti dövründə agentləri ifşa edib: “Mənim işim agent tutmaq olub. Rusiya, İran, Ermənistana casusluq edənlərin cinayət işini araşdırmışam”.

Hakim mübahisə edən tərəfləri sakitləşdirib.

Vüsal Ələkbərov məhkəmədə həmçinin bildirib ki, işdə olan ifadələrdə qrammatik səhvlər var: “Bu səhvlər bir daha sübut edir ki, işdə olan ifadələr, izahatalar eynidir, bir-birindən köçürülüb. Bu da mənə qarşı kampaniyadır, xidməti fəaliyyətim ilə bağlıdır”.

Cinayət işinin 7-ci cildinin elan edilməsi zamanı da mübahisə yaranıb. Vüsal Ələkbərov həmin cilddə olan Zal Yusifov və digərlərinin barəsində olan 613 saylı cinayət işində çıxarılan çıxarışların tamami ilə elan edilməsini istəyib. Bildirib ki, həmin sənədlər elan olunduğu halda barəsində cinayət tərkibinin olmadığı, günahsız olduğu sübuta yetiriləcək.

Bundan sonra 7-ci cild və digər cildlərdə olan sənədlər açıqlanıb.
Daha sonra məhkəmə istintaqının başa çatdığı elan edilib və çıxış etmək üçün dövlət ittihamçısına söz verilib.

Prokuror çıxışında Vüsal Ələkbərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin Vüsal Ələkbərovun hərbi rütbədən məhrum edilməsi barədə qərar qəbul edilməsini istəyib.

Növbəti məhkəmə iclası mayın 22-də davam edəcək. MTN zabitinin vəkilləri müdafiə çıxışı edəcək və ona son söz veriləcək.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın