Şənbə , May 25 2024
Ana səhifə / Araşdırma / MTN-in istintaq idarəsi Rüstəm Usubovu necə şantaj edib?

MTN-in istintaq idarəsi Rüstəm Usubovu necə şantaj edib?

General-mayor Mövlam Şıxəliyevin apelyasiya şikayəti üzrə prosesdə yeni sensasion faktlar açıqlandı

Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – E.M.) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin apelyasiya şikayəti üzrə proses davam edir.

Mövlam Şıxəliyevlə bərabər hakim qarşısına 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Hər 4 şəxs hazırda həbsdədir və məhkəmə zalında şüşə qəfəsdə əyləşdirilirlər. Məhkəmə nəzarətçilərinin müşayəti ilə məhkəmə zalına  gətirilən müttəhimlərin qoluna qandal vurulmur.

Ötən prosesdə müttəhim Sahib Ələkbərov zərərçəkən Qulam Bağırova qarşı törədilmiş cinayətlə əlaqəli epizod barəsində ittihamlardan danışmışdı.  Zərərçəkən Qulam Bağırov yekun çıxışında Sahib Ələkbərovun dediklərini cəfəngiyyat adlandırıb, qanunsuz həbsi zamanı MTN-də başına gələnləri faktlarla sadalayıb.  Sahib Ələkbərov Qulam Bağırovun çıxışı zamanı bir neçə dəfə ona mane olmağa çalışıb, hər dəfə hakim onu nizam-intizama dəvət etməklə çıxışın tamamlanmasına şərait yaradıb. 

“Rəisi Mövlam Şıxəliyevə mənim real maliyyə imkanlarımı araşdırmadan yalnış məlumat verib”

Zərərçəkən deyib ki, Sahib Ələkbərov travel(səyahət) çeklərin saxta olduğunu əvvələcədən bilərək “Azəriqazbank”a təqdim etdiyini iddia edir: “Bu yalan məlumatdır! Bu epizod 2008-ci ildə Səbail RPİ-nin müstəntiqi Ziya Əliyev tərəfindən ədalətli şəkildə araşdırma aparılıb, təqsirli olmadığım müəyyən edilib və barəmdə olan iş üzrə xitam qərarı verilib. Həmin qərarın ləğv olunması isə bu şəkildə baş verib: Həmin dövrdə Azərbaycanının ən böyük tikinti şirkəti olan “AzərTunel”də maliyə işləri üzrə müdir müavini işləyirdim. Sahib Ələkbərov işlədiyim təşkilatın 100 milyonlarla manat dövriyyəsi olduğunu müəyyən edəndən sonra bu barədə Mövlam Şixəliyevə məruzə edib. Bildirib ki, Qulam Bağırov “AzərTunel”də bütün maliyyəyə nəzarət edir, onu çağırıb hədə-qorxu gələrək pulunu əlindən alacağam. Sahib Ələkbərov o zaman rəhbəri olan idarə rəisi Mövlam Şıxəliyevə mənim real maliyyə imkanlarımı araşdırmadan yalnış məlumat verib. Sahib Ələkbərov beləcə barəmdə Səbail RPİ tərəfindən verilmiş xitam qərarın ləğvinə nail olub. Sahib Ələkbərov məhkəmədə bir neçə dəfə yalandan deyib ki, guya 2009-cu ilin oktyabr ayında mənimlə telefonla danışmayıb. Bu yalan məlumatdır və iş materialları ilə təkzib olunur. Həmin dövrdə Sahib Ələkbərov dəfələrlə mənim telefonuma zəng vurub və məni həbs etməzdən əvvəl 2 dəfə MTN-dəki öz xidməti otağına çağırıb. Hər dəfə otağında olarkən məni həbslə hədələyib və 200 min manat pul tələb edib.

“Sənin yanına həkim-ekspert gələcək, sən özünü xəstə kimi apar”

Müttəhim Sahib Ələkbərov deyir ki, guya xəstə olduğuma görə məni MTN istintaq təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər. Bu da yalan məlumatdır! Qanunsuz olaraq həbsdə saxlanıldığım dövrdə Sahib Ələkbərov özü şəxsən mənə bildirib ki, Müalicə Müəssisəsi sanatoriyadır, qardaşınla danışıqlar gedir və ola bilsin səni bir müddət ora göndərəcəyəm. Mənə deyirdi ki, həkim gələndə sən özünü xəstəliyə vur. Hətta 2 həftə Müalicə Müəssisəsində olduğum dövrdə özü bir dəfə mənimlə görüşüb, bildirib ki, qardaşın çalışır, çox güman ki, səni yenidən MTN təcridxanasına qaytaracağıq, çünki sən çölə yalnız MTN təcridxanasından çıxa bilərsən. Buna görə də məni yenidən MTN isitintaq təcridxanasına köçürdülər. Bir neçə gün sonra Sahib Ələkbərov məni yanına çağırdı və bildirdi ki, sənin yanına həkim-ekspert gələcək, sən özünü xəstə kimi apar. Elə də oldu. Həkim gəldi, soruşdu ki, “gecələri necə yatırsan?” Mən də bildirdim ki, narahat yatıram. Gözümün bəbəyinə baxdıqdan sonra getdi. Başqa heç bir müayinə etmədi. Gedib diaqnoz yazmışdı ki, guya mən “Hipertonik Gipertoniya” xəstəsiyəm.

“Nə oldu, bu iş üzrə zərəçəkmişlərin hamısı xəstə oldu?”

Həkim saxta bir diaqnoz yazmışdı. Halbuki mən belə bir xəstəlikdən əziyyət çəkmirdim. Mən 1995-ci ildə avtomobil qəzasına düşmüşəm, həmin il də İqtisad Universitetinin İdarəetmə fakültəsinə bakalavr pilləsinə, həm də ödənişsiz əsaslarla necə qəbul olmuşam? İqtisad Universitetini necə əlaçı bitirmişəm? Bundan başqa, 1999-cu ildə Budapeştdə Mərkəzi Avropa Universitetinin magistratura pilləsinə, yenə də ödənişsiz əsaslarla qəbul olmuşam. 2001-ci ildə müdafiə etmişəm, yenə fərqlənmə ilə MAU-nun Biznesin İdarəolunması fakültəsini bitirmişəm.

Belə olan halda ritorik sual yaranır: – Əgər mən xəstə idimsə, mən həmin dövrün ən böyük tikinti şirkətlərindən olan “AzerTunel”də necə məsul vəzifəyə təyin olunmuşam?

Başqa bir məqama da diqqət edək: – iş üzrə 36 zərərçəkəndən 30-u eynilə mənim kimi saxta diaqnoza əsasən MTN istintaq təcridxanasından azad olunublar. Hər bir zərərçəkən barəsində həkim-ekspertlər saxta rəy yazıblar. Nə oldu, bu iş üzrə zərəçəkmişlərin hamısı xəstə oldu? Eyni qayda da ekspert rəyi ilə azad oldular? Sahib Ələkbərov məhkəmə dövründə özünü müdafiə etmək üçün yalanlar uydurur və danışır.

“Çaşıb apelyasiya şikayəti verərsən, yazığsan, MTN-lə özünü düşmən eləmə, səni götürüb atarlar içəri”

Qulam Bağırov deyib ki, onu saxta ittihamla həbs etdikləri kimi, saxta həkim rəyinə əsasən də MTN istintaq təcridxanasından azad ediblər:

-MTN-dən çıxarkən məni qardaşım və dostlarım qarşılayıb, anamgilin evinə aparıblar. Yolda qardaşım bildirdi ki, sənin azad olunmağına görə yeni tikilidəki mənzilin, avtomobilin, bütün yaxın qohumların zinət əşyaları satılıb, üstəlik də dostlardan və qohumlardan külli miqdarda borc almışıq ki, sən azadlığa çıxasan. Bundan sonra da Sahib Ələkbərov cinayətini ört-basdır etmək üçün barəmdəki saxta ittiham toplusunu Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərdi. Orada ilk tanışılıq iclasında olmuşam və məhkəmə katibi deyib ki, “sən hər dəfə bura gəlmə, sənlik burda bir iş yoxdur, səni özümüz məhkəmənin sonunda çağırağıq”. 7-8 ay keçdi, amma xəbər çıxmadı. Özüm də narahat oldum və katiblə əlaqə saxladım. Dedi ki, narahat olma, az qalıb, sənə xəbər edəcəyəm. Elə də oldu, katib hökm elan olunan gün məni məhkəməyə çağırdı. Barəmdə saxta ittiham aktına əsasən ittihamedici hökm çıxarıldı. Həmin hökm şərti cəza ilə əvəzləndi. Məhkəmədən sonra katib mənə açıq-aşkar bəyan etdi: – “Çaşıb apelyasiya şikayəti verərsən, yazığsan, MTN-lə özünü düşmən eləmə, səni götürüb atarlar içəri”. O zaman Sahib Ələkbərovun olduğu mütəşəkkil cinayətkar quldur dəstə dövlətin əsas sütünlarından olan bir qurumda oturub dövlətin gücündən öz şəxsi maraqlarının təmin edilməsi üçün istifadə edirdilər. Katibin dedikləri sıradan sözlər deyildi  və real əsasları vardı. Başa düşürdüm ki, şikayət versəm, heç bir günahım olmaya-olmaya ağır cəzaya məhkum oluna bilərəm. Ona görə də oturub MTN-dəki quldur yuvasının dağılmasını gözlədim.

“Sahib Ələkbərov boş-boş yalanlar danışmaqla özünü müdafiə etməyə çalışır”

Sahib Ələkbərov özü bildirib ki, qardaşım Sərdar 2014-cü ildə məhkum olunub. Bunu düz deyir. Amma Sahib Ələkbərov qardaşımdan pulu 2009-cu ilin noyabrında, Nərimanov heykəlinin yanında alıb. O zaman qardaşım Sərdarın yanında bir nəfər də olub, o hüquq mühafizə orqanlarında işlədiyi üçün adının çəkilməməsini bizdən xahiş edib. Sahib Ələkbərov həmin adamın kim olduğunu çox yaxşı bilir. Odur ki, Sahib Əkəbərov deməyi ki, pul almayıb, tam yalandır! Eləcə də qardaşım Sərdar heç vaxt Yasamal RPİ-də işləməyib, bu da yalandır. Qardaşım Sərdar Polis Akademiyasını 2001-ci ildə bitirib və təyinatını Cəlilabad rayonuna sahə müvəkkili olaraq verilib. Sərdar orada 2 il işləyib, sonra sərəncama götürülüb və polis orqanlarından xaric edilib. Mənə qarşı Sahib Ələkbərov cinayəti 2009-cu ildə törədib. Sahib Ələkbərov boş-boş yalanlar danışmaqla özünü müdafiə etməyə çalışır. Yalanları bir-birini əvəzləyir.

Qulam Bağırov bildirib ki, onun mənzilinin olmamasına dair Sahib Ələkbərov yalan danışmaqla ittihamın əsassız olmasını sübut etməyə çalışır:”Deyir ki, guya mənim mənzilim olmayıb. Bu da yalandır. Hazırki iş üzrə ilkin istintaq vaxtı “Dəlidağ-MTK”ya sorğu göndərilib və MTK-da adıma mənzil olub-olmaması barədə cavab istənilib.  MTK mənfi cavab verib. Bunu mənə ikinci dəfə prokurorluğa çağırarkən bildirdilər. Mən də dedim ki, mənzil mənim adıma yox, yoldaşımın adına rəsmiləşdirilib. Prokurorluq “Dəlidağ-MTK”ya sorğu göndərməklə yoldaşımın adına sorğu verdilər və müsbət cavabı aldılar. Odur ki, Sahib Ələkbərovun mənim epizodumla bağlı verdiyi yalan ifadələr özünü müdafiə xarakteri daşıyır.

Sahib Ələkbərov son çıxışında bildirdi ki, əgər MTN-nin İstintaq İdarəsinin cinayətlərində əlbir olsaydım, niyə Eldar Mahmudovun əmri ilə məni vaxtından əvvəl təqaüdə göndərdilər: “Bu çox maraqlı yanaşmadır, əvvəla Sahib Ələkbərov bu ifadəsi ilə təsdiqləyir ki, MTN-nin İstintaq İdarəsinin fəaliyyətində cinayət tərkibi olub və guya Sahib Ələkbərov həmin tərkibdə olmayıb. Amma həqiqət isə bir az fərqlidir. Sahib Ələkbərov MTN-də bu şəkildə uzaqlaşdırılıb. Səbəbini də deyim: Sahib Ələkbərov mənə və digər zərərçəkənlərə qarşı törətdiyi cinayətlərdən birini də adını çəkmək istəmədiyim tanınmış iş adamın qardaşı oğluna qarşı edib. O işdə 200 min manat pul alıb və bu məsələ ölkə rəhbəri cənab İlham Əliyevə çatdırılıb. Məsələ bu səviyəyə qalxandan sonra Sahib Ələkbərovu ya həbs etməliydilər, ya da işdən qovub bu haqda məruzə etməli idilər. İkincisi seçilib, baş vermiş cinayətə mədəni don geyindirmək üçün Sahib Ələkbərov qurban verilib. Sahib Ələkbərov məhkəmədə şantaj dili ilə danışır,  deyir ki, mən də səsli və yaxud video materiallar var. Əgər başına bir iş gələrsə, həmin materiallar ortaya çıxacaq.

Hörmətli məhkəmə kollegiyası!

istərdim bildirim ki, Sahib Ələkbərov eyni məzmunlu, şantaj xarakterli ifadələri Bakı Hərbi Məhkəməsində həbs olunmazdan əvvəl də verirdi. Başına gələcək işi də həbs olunmağında görürdü. 21 senyabr 2022-ci ildə məhkəmə zalında həbs olunub, üstündən 5 ay keçməsinə baxmayaraq, o, dəfələrlə Bakı Apelyasiya Məhkəməsindəki çıxışlarında da əsasən şantajdan istifadə edir. Həqiqət isə budur ki, Sahib Ələkbərovda heç bir material yoxdur və islah olunmaq əvəzinə yenə hədə-qorxu və şantajdan istifadə edir. Hamıya aydındır ki, Sahib Ələkbərov özünü müdafiə etmək üçün bundan sonra da eyni əməllərdən əl çəkməyəcək.

Sahib Ələkbərov deyir ki, guya baş prokurorun müavini Rüstəm Usubov ona təzyiq göstərib. Bu inandırıcı deyil. Çünkü Sahib Ələkbərov öz otağında Rüstəm Usubovdan izahat aldığını dəfələrlə bildirib. Belə qənaətə gəlmək olar ki, MTN-in istintaq idarəsi Rüstəm Usubovun günahlarını ifşa etməklə onu şantaj edərək, pis niyyətlərinə nail olaraq millətdən külli miqdarda, hədə-qorxu ilə pul almaq üçün həmin təzyiq vasitəsi ilə tələb olunan qərarları və təqdimatları almağa nail olublar”.

“İfadəsi ilə bir daha subut edir ki, o MTN-də yuva salmış mütəşəkkil cinayətkar quldur dəstənin tərkibində olub”

Sahib Ələkbərov çıxışında bildirib ki, onda video görüntülər və səs yazıları var ki, onları ortaya çıxarsa faciə baş verəcək:

“Möhtərəm hakimlər!

Sahib Ələkbərov bu ifadəsi ilə bir daha subut edir ki, o MTN-də yuva salmış mütəşəkkil cinayətkar quldur dəstənin tərkibində olub. Özünü sığortalamaq üçün dəstə tərkibindəki  cinayətləri videoya çəkib, səslər yazıb. Onun bu ifadəsi həm də ittihamı sübut edir. Əgər cinayət əməlləri olmayıbsa, MTN istintaq idarəsi Azərbaycan Respublikasının qanunlarına riayət etməklə fəaliyyətdə olubsa, orada müstəntiq işləyən Sahib Ələkbərov niyə özünü sığortalamaq haqda düşünüb gizli videolar çəkib və yaxud səs yazırdı? Sahib Ələkbərov hər iki məhkəmə instansiyasında şantaj xarakterli çıxışlar etməklə özünün də MTN-dəki cinayətkar dəstənin tərkibində olmasını sübut edir. Təsəvvür edək ki, Sahib Ələkbərovda həmin səs yazıları və video görüntülər var və onu ortaya çıxardı. Həmin materiallar bizim məhkəməyə aiddir ya yox, bunu bilmirəm. Fərz edək ki, həmin yazılarla bağlı kimisə cəlb elədilər və o, hansısa ifadələr verdi. Bu zaman o da üzə çıxacaq ki, Sahib Ələkbərovun özü də  həmin cinayətlərin içində olub və bu səsli və yaxud video görüntüləri yazıları yazıb. Buyurun aydınlıq gətirin, mən düz deyirəm yoxsa Sahib Ələkbərov?

“Mövlam Şıxəliyevə ritorik sual verirəm: Niyə Elçin Qəmbərovdan 510 min manat görə şikayət etmisiz?”

Qulam Bağırov Mövlam Şıxəliyevdən məşhur vəkil Elçin Qəmbərova 510 min manat rüşvət verməsinə də toxunub: “Bu məhkəmə kürsüsündən Mövlam Şıxəliyevə ritorik sual verirəm: Niyə Elçin Qəmbərovdan 510 min manat görə şikayət etmisiz? Belə qənaətə gəlmək olar ki, Sizi 510 min manat pul itkisi ilə heç cürə razılaşa bilməmisiniz. Necə olur? Sizin qanunsuz yolla əldə etdiyiniz pullarınız dəyərlidir, amma bizim ailənin mənzilini satırmaqla aldığınız pullar dəyərli deyil?!

Əvvəlki məhkəmə prosesində Mövlam Şıxəliyevin çıxışını diqqətlə dinləmişəm və analiz etmişəm. Mən hüquqşunas deyiləm, amma ali savadlı maliyyəçiyəm və ümumiyyətlə analiz etmək mənim bilavasitə peşəmdir. Mövlam Şıxaliyevin çıxışı çap olunmuş vərəqlərdə idi və Şıxəliyev vərəqdən oxuyurdu. Burdan belə qənaətə gəlmək olar ki, həmin çıxış  ona vəkilləri tərəfindən verilib. Çünki onun saxlandığı Bakı İstintaq  Təcridxanasında printer və kompyuterə dustaqların çatımlılığı yoxdur. Mövlam Şıxəliyev uzun illər MTN İstintaq Baş İdarəsinin rəisi olub, 2 vəkili var. Bunlar çıxışa necə hazırlaşıblar ki, yazılı çıxışın əvvəli ilə sonunda ziddiyyət yaranır? Mən sualı boşuna vermədim, düşünürdüm ki, sualıma Şıxəliyev yox, onun vəkilləri cavab verib çıxışın saxtalığını ört-basdır edərlər, misal üçün deyə bilərdilər ki, “Şıxəliyev öz otağında heç kimi qəbul etməyib, müstəntiqlərin otağında görüşüb Fuad Kərimov və yaxud digərləri ilə”, amma vəkilləri susdular. Şıxəliyevin cavabı şok oldu: “təbii”. Düşünürəm Şıxəliyev baş verənlərdən nəticə çıxarmalıdır!

“Orada baş verənləri tornado ilə müqaisə edirəm, episentr isə MTN-də yerləşirdi”

MTN-də həmin dövr çox acınacağlı bir vəziyyət idi, o illər Sizlərin də yadındadır. Guya Mövlam Şıxəliyevin yerinə məni və yaxud Hüseyni təyin etsəydilər belə, orada baş verənlərdən yaxşı və yaxud pis olacağını heç kim dəqiq deyə bilməz. Orada baş verənləri tornado ilə müqaisə edirəm, episentr isə MTN-də yerləşirdi, kim həmin diapazona düşübsə, məhv olub. Zərərçəkmişlər pulunu əmlakını itirib, təqsirləndirilənlər isə Sizlərin qarşısında müttəhimdirlər.

“Sizdən bir Azərbaycan vətəndaşı kimi xahiş edirəm ədalətin bərqərar olunmasını təmin edin!”

Sizlər ləğv olunmuş MTN-də hüquqlarımızın kobud pozulmasına dair məhkəmə araşdırmalarına hakimlik edirsiz. Burada hər bir zərərçəkmiş bir ailənin başçısıdır. 32 zərərçəkmişə dəymiş ziyanla 100-dən çox vətəndaşın hüquqları pozulub. Həyatları alt-üst olub. Dünyasını dəyişənlər var.  

Hörmətli sədr və kollegiya üzvləri!

Sizdən bir Azərbaycan vətəndaşı kimi xahiş edirəm ədalətin bərqərar olunmasını təmin edin!

Ömür çox qısadır, ağıllı insanlar hikmətli və bərəkətli ömür istəyirlər, bundan sonra nə qədər yaşayacağımızı bilmirik, türmədə çürüməyə dəyməz, təklif edirəm dəymiş maddi ziyanı ödəsinlər və Sizlərdə onların azadlığını təmin edəsiniz.

E.MƏMMƏDƏLİYEV

Həmçinin oxuyun

Özəlləşdirmə çekləri ilə bağlı acınacaqlı vəziyyət-Konstitusiya və Qanunların pozulur

Bu gün qanunla 20 000 $ əmlak ekvivalenti olan Özəlləşdirmə Çekləri barədə – Konstitusiya və …