Ana səhifə / Araşdırma / MTN-in azadlıqda olan yüksək rütbəli zabitləri hakim qarşısına çıxarılır: “Qadının başına silah dirəyiblər”

MTN-in azadlıqda olan yüksək rütbəli zabitləri hakim qarşısına çıxarılır: “Qadının başına silah dirəyiblər”

Sahibkar Vidadi Əzizovun hədə-qorxu ilə külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunan MTN Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi olmuş polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Elxan Mikayılov şahid qismində ifadə verib.

Şahid bildirib ki, Vidadi Əzizovun saxlanılması ilə bağlı əməliyyat tədbirlərində iştirak etməyib: “Həmin günü məndən çanta istədilər. Mən də maddi sübut üçün istintaqa içində sənəd göndərdiyimiz çantanı onlara verdim. Həmin çantanı işlərdə də istifadə edirdik. 2012-ci ilin aprelində ümumu şöbənin rəisi Aydın Manafov çanta istədi, mən də həmin çantanı ona verdim. Sonradan həmin çantanı geri qaytarıblar”.

Hakim bildirib ki, şahidin məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında kəskin ziddiyyət var. Buna görə də hakim onun ibtidai istintaqa verdiyi ifadəsini elan edib.

Məlum olub ki, DTX zabiti Elxan Mikayılov ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirib ki, 2012-ci ilin aprelində Vidadi Əzizovun həbs edilməsi üçün keçirilən əməliyyatdan xəbəri olmayıb.

Onun ilk ifadəsinə görə, əməliyyatı 2-ci şöbənin rəisi Mirəziz Əsgərov və digərləri keçirib: “Dəhlizdə Mirəziz Əsgərovla rastlaşdıq. Bildirdi ki, yoxlama gəlir. Vidadi Əzizov şikayət edib. Şikayətdə də onun adı hallanır. Bu zaman yadıma düşdü ki, həmin əməliyyat zamanı Aydın Manafova çanta vermişəm. Bunu Mirəzizə dedim”.

Şahid ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, həmin hadisələrdən 4 il müddət keçdiyi üçün hadisəni dəqiq xatırlamır. Vidadi Əzizov isə qeyd edib ki, ona verilən pul torbada olub: “Torbanı da özüm götürmədim. Maşının baqajına qoydular”.

Mirəziz Əsgərov isə pulun idman çantasında olduğunu, zərərçəkmişin özünün apardığını deyib: “Elxan müəllim çox təcrübəli işçidir. İşini, peşəsini də yaxşı bilir. Onunla bir yerdə xidmət etmişik. İstəməzdim ki, kiminsə haqqına girək. Yoxlamadan gələndə Elxan müəllimlə rastlaşdıq. Ona Vidadi Əzizovun şikayət etdiyini dedim. Elxan müəllim dedi ki, o iş bitmədi? Bu zaman Elxan müəllim çanta söhbətini yada saldı. Dedi ki, bilən bilir, bu nə məsələdir, daha səndən niyə şikayət edirlər. Elxan müəllimə dedim ki, bu məsələni idarə rəisi olmuş Aydın Manafovun yanında açarsan. Mən hər şeyi deyəcəm. Bu söhbətdən yarım saat sonra Aydın Manafovun otağında olduq. Bu məsələni orada da danışdıq. 20 aydır həbsdəyəm, faktlar ortaya qoyuram. Amma istintaq ehtimal üzərində işləyib”.

Zərərçəkmiş Vidadi Əzizov qeyd edib ki, burada insan taleyi həll olunur, heç kimin günahsız yerə həbs edilməsini istəmir: “Bildiyiniz kimi bu işdə bir qrup şəxsin qanunsuz hərəkətlərindən söhbət gedir. Şəhərin ortasında bizi mühasirəyə alıblar, qadının başına silah dirəyiblər. Bu işdə mən təkcə Mirəziz Əsgərovun adını bilmişəm, onun da adını yazmışam. O birilərin adını bilməmişəm. Burada haqq-ədalətin ortaya çıxmasını istəyirəm”.

Mirəziz Əsgərov məhkəmədə zərərçəkmişin ona yazdığı mesajı elan edib: “Zərərçəkmiş mənə “Mirəziz, sənlik burada heç bir şey yoxdur, çox şeyi üzərinə götürmə” mesajını yazıb”.

Vidadi Əzizov həmin mesajı yazdığını təsdiqləyib. Hakim deyib ki, həmin mesajlar sənədlərin tədqiqi mərhələsində araşdırılacaq.

Mirəziz Əsgərov həmçinin evinin sənədinin geri qaytırlması ilə bağlı vəsatət verib. Bildirib ki, evinin sənədləri istintaq orqanı tərəfindən qanunsuz olaraq götürülüb.

Hakim isə bildirib ki, həmin məsələ araşdırılacaq. Hakim həmçinin qeyd edib ki, növbəti məhkəmə iclasına MTN-in Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Ədalət Əsədullayev, idarə rəisi olmuş Aydın Manafov və Rəşad Əhmədov dəvət olunacaqlar. Hakimin sözlərinə görə, həmin şəxslər qapalı prosesdə dindiriləcəklər.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın