Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Araşdırma / “MTN əməkdaşlarına səbəb məlum olmadan məni həbs etməyə kim icazə vermişdi?”

“MTN əməkdaşlarına səbəb məlum olmadan məni həbs etməyə kim icazə vermişdi?”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə zərərçəkmiş şəxs qismində Lalə Hüseynova ifadə verib. O, yanğın baş verən zaman evdə olmadığını, mənzilin boş olduğunu, dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi olmadığını deyib.

Hakim Ə.Hacıyev zərərçəkmiş şəxslərdən Alimə Kişiyeva, Mirnizam Həbibov və Toğrul Bağırovun ölkə xaricində oıduğunu məhkəmə iştirakçılarının diqqətinə çatdırıb. İş üzrə digər zərərçəkmişlərin bir qismi isə – Ülvi Hüseynov və Xəyyam Babayevin məhkəməyə teleqram vuraraq istintaqa verdikləri ifadələrini təqdiqlədiyini bildiriblər.

Vəkillər zərərçəkmiş Xəyyam Babayevin məhkəmədə dindirilməsinin vacibliyini bildiriblər. Adıçəkilən şəxsin MTN əməkdaşı olduğunu qeyd ediblər.

Bundan sonra Miryusif Mahmudov MTN əməkdaşlarının məhkəmədə dindirilməsini istəyib: “Mən xahiş edirəm, heç bir sanksiyasız, ordersiz mənim ofisimi dağıdanları, darmadağın edənləri çağırıb məhkəmədə dindirəsiniz. Axı onlara kim icazə vermişdi? Yanğının səbəbi məlum olmadan məni həbs etmək göstərişini onlara kim vermişdi?”

Hakim təqsiləndirilən şəxsə bu məsələ ilə bağlı vəsatət qaldırmağı bildirib.

Məhkəmə prosesi noyabrın 3-də davam edəcək.

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “GlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçilərindən biri Mahmudov Miryusif Mircəfər oğlu, “Qlobal Stone” MMC-in keçmiş sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

Həmçinin oxuyun

800-dən çox saxta arayış, sosial şəbəkələrdə yalan xəbər, korrupsiya və… – Prokurorluq hesabat yayıb

2020-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları öz vəzifələrini …

Bir cavab yazın