Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Araşdırma / MRT və KT müayinələri orqanizmə zərərsiz deyil – həkim xəbərdarlıq edir

MRT və KT müayinələri orqanizmə zərərsiz deyil – həkim xəbərdarlıq edir

Adil Qeybulla: “Xəstələri zərurət oldu-olmadı bu cür müayinələrə göndərmək doğru deyil”

Daim inkişafda olan tibb sahəsində orqanizmdəki dəyişiklikləri, xəstəlikləri dəqiqləşdirmək üçün diaqnostik metoddan istifadə olunur. Bu metod vasitəsilə artıq xəstənin hansı orqanında və ya nahiyəsində problem olduğu müəyyənləşir,  düzgün müalicə prosesi başlayır.

Həkimlərin üstünlük verdikləri müayinə vasitələrindən biri də rentgendir. Rentgeni 1878-ci ildə alman fiziki Vilhelm Konrad Rentgen kəşf edib. Fizik ilk əvvəl X şüalarının təsirindən insanların sümük toxumasının ekranda açıq rəngdə, yumşaq toxumaların isə tünd kölgə şəklində göründüyünü müəyyənləşdirib. Daha sonra X şüaları yerləşdirilən cihazda alınan görüntülərlə insanın daxili orqanlarında əmələ gələn xəstəliklərin dəqiq diaqnozunu qoyub. Bu kəşf tibb üçün çox qiymətli hesab olunduğundan, alimin şərəfinə həmin X şüaları “Rentgen şüaları” adlandırılıb. 1901-ci ildə dahi fizik bu ixtirasına görə Nobel mükafatı alıb.

Hal hazırda bir çox hallarda ilkin diaqnozu dəqiqləşdirmək məqsədi ilə KT (kompüter tomoqrafiyası) və MRT (maqnit-rezonans tomoqrafiyası və ya nüvə-maqnit-rezonans tomoqrafiyası ) kimi dəqiq və müasir müayinələrdən istifadə olunur. KT zamanı rentgen şüalanma istifadə olunur. Tomoqrafın skaneri insanın bədəninin ətrafında fırlanaraq müxtəlif nöqtələrdən çoxsaylı rentgen şəkilləri çəkir. Daha sonra bu şəkillər kompüter vasitəsi ilə cəmləşir və işlənir ki, nəticədə müayinə olunan orqan və ya bədən hissəsinin 3-ölçülü təsviri alınır. MRT zamanı rentgen şüalanma deyil, güclü maqnit sahə istifadə olunur. Bu sahənin təsirindən insan orqanizmində olan hidrogen atomları maqnit sahəsinin istiqamətində “düzülür”. Aparat elektromaqnit impulsları göndərir. Atomlar bu impulslara “cavab verir”, siqnallar göndərir (buna “rezonans” deyilir). Bədənin müxtəlif toxumaları müxtəlif gücü olan rezonansları göndərir. MRT bu siqnalları toplayır və onlardan 3-ölçülü təsvirləri yaradır.

Bəs bu şüalar insan orqanizmi üçün zərərlidirmi? Hər ay neçə dəfə bu cür müayinələrdən keçmək olar?

Adil Qeybulla ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan professor Adil Qeybulla bildirdi ki, MRT müayinəsinin keçirilməsində xüsusi bir məhdudiyyət yoxdur: “MRT ilə müalicə məsələsi də var. Ona görə də hətta zərurət yarandığı təqdirdə ay ərzində iki dəfə MRT etdirməkdə problem olmaz. Ancaq KT müayinə məhdudiyyətlidir. Çünki burada rentgen şüalanmadan istifadə edilir. Ona görə də bu müayinəni tez-tez etdirmək olmaz. MRT müayinəsi ilə KT müayinəsi tamamilə fərqlidir. Sadəcə olaraq, bədənində metal, ürəyində bəzi problemlər olanların MRT-yə girməsi məqsədəuyğun deyil. Bununla bağlı əks göstərişlər baş verir. Əgər sağlam adamdırsa, onun üçün problem olmaz”.

A.Qeybulla söylədi ki, bütün müayinə metodlarının hamısı xüsusi testlərdən keçirilir: “Yəni ilk növbədə ekspertmentlərdə tətbiq olunur. Müasir müayinə metodlarının hər biri getdikcə təkminləşdirilir. Xəstəliklərin vaxtında aşkar olunmasına, incəliklərə qədər bəzi diaqnozların verilməsi, bu inkişafla bağlıdır. MRT-yə  KT-yə biz kimləri göndəririk? O adamları göndəririk ki, onların artıq konkret şikayətləri var və nəyisə aşkarlamaq lazımdır. Yaxud xəstəliklə bağlı bir neçə əlamətlər var, dəqiqləşməyə ehtiyac varsa, bu zaman şəxs qeyd etdiyimiz müayinəyə göndərilir. Hesab edirəm ki, həkimlər zərurət oldu-olmadı xəstələri bu müayinələrə göndərməməlidir. Yəni bunun da konkret göstərişləri var. Ümumiyyətlə, biz dünyanın hər yerində olduğu kimi, protokollarla işləməyi bacarmalıyıq. Qərb, Avropa, Amerika, Türkiyə təbabətində xəstəliklərin diaqnostikası üçün konkret protokollar var. Biz də bu protokollara riayət etməliyik. Yəni bəzən təəssüflər olsun ki, xəstələrin bu müayinələrə vacib oldu-olmadı göndərilməsi faktlarına da rast gəlirik”.

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …