Ana səhifə / Araşdırma / Moskvaya qaçmaq istəyən biznesmen qardaşını öldürüb, arvadını yaraladı

Moskvaya qaçmaq istəyən biznesmen qardaşını öldürüb, arvadını yaraladı

Şamaxı rayonunda qardaşını güllələyərək öldürən, öz arvadına isə xəsarət yetirən şəxsin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə 1971-ci il təvəllüdlü Rəşidzadə Azad Əli oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hazırlıq iclasında Azad Rəşidzadənin anket məlumatları dəqiqləşdirilib. Onun 3, 5 və 7 yaşlarında övladlarının olduğu məlum olub.
Rayonun Çarhan kəndində baş verən qətl hadisəsinin ailə münaqişəsi zəminində baş verdiyi qeyd edilir. Azad Rəşidzadə ov tüfəngi ilə qardaşı, 1967-ci il təvəllüdlü Rəşidov Azər Əli oğlunu güllələyib. Ağır xəsarətlər alan Azər Rəşidov hadisə yerində dünyasını dəyişib.
Hadisə zamanı Azad Rəşidzadə onun qarşısını kəsən öz arvadı, 1982-ci il təvəllüdlü İbadova Möminə Əlişah qızına da atəş açaraq, onu əlindən yaralayıb. Hadisənin baş vermə səbəbləri barədə əldə etdiyimiz məlumata görə, Azad Rəşidzadə hadisədən bir gün sonra Moskvaya gedəcəkmiş. O, anası ilə qardaşı arvadı arasında münasibətlərin yaxşı olmadığını bilirmiş və bu barədə evdəkilərə xəbərdarlıq etməyi düşünübmüş.
A.Rəşidzadə ilk olaraq qardaşının arvadına yaxınlaşaraq anası ilə münasibətləri normallaşdırmasını, onunla yaxşı rəftar etməsini istəyib. Qardaşının arvadından kobud cavab alan A.Rəşidzadə onunla mübahisə etməyə başlayıb. Mübahisəyə qardaşı Azər Rəşidzadə də qoşulub. Qardaşların mübahisəsi isə ölümlə nəticələnib. Evdən ov tüfəngini götürən Azad qardaşına bir dəfə atəş açıb.
Məlumata görə, o, ikinci dəfə atəş açmaq istəyərkən arvadı əlini silaha atıb. Bu zaman silah açılıb və o, barmaqlarından xəsarət alıb.
Azad Rəşidzadə əvvəlcədən planlaşdırdığı kimi, Rusiyaya getmək istəyərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Onun Moskvada bizneslə məşğul olduğu bildirilir.
Məhkəmənin baxış iclası dekabrın 22-nə təyin edilib.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın