Bazar , Yanvar 24 2021
Ana səhifə / Araşdırma / Molekulyar kimya üzrə ilk və yeganə qadın elmlər doktoru necə şəhid oldu?

Molekulyar kimya üzrə ilk və yeganə qadın elmlər doktoru necə şəhid oldu?

Alimin mürəkkəbi, şəhidin qanı… – Svetlana Məmmədovanın əziz xatirəsinə iltihaf olunur
Azərbaycan xalqının adı ilə öyünəcəyi, fəxr edəcəyi və həyat dərsi alacağı elm xadimləri, şəhid və fədailəri az olmayıb. Onların sırasında Hüseyn Cavid, Xudu Məmmədov, Dilarə Əliyeva, Ziya Bünyadov, Svetlana Məmmədova və daha neçə-neçə elm və zaka sahibləri var. Amma bu insanlar öz adlarını tarixin qızıl səhifələrinə yalnız mürəkkəbləri ilə deyil, qanları ilə də yazdılar. Şəhidliyi iki dəfə qazanmaqla tarixin yaddaşında əbədiyaşar zirvədə qərar tutdular.

“Aslanın erkəyi, dişisi olmaz ”- deyib babalarımız. Öz ərləri, oğul və qaradaşları ilə şəhid məzarlığında uyuyan ana və bacılarımız bu atalar məsəlinin bariz nümunəsi deyilmi? Neçə-neçə belə şəhid haqqında yazmaq, danışmaq, onların şanlı, şərəfli həyat yolundan söz açaraq, onları bir daha xatırlamaq istəyirəm. Amma bu dəfə Svetlana Məmmədova haqqında danışacağam.
Svetlana Məmmədova – Azərbaycanda molekulyar kimya üzrə ilk və yeganə qadın elmlər doktoru, elm fədaisi, vətənpərvər insan, əsl dost, gözəl ailə başcısı, sevimli nənə… Ona xas olan nəcib insani keyfiyyətləri çox sadalamaq olar. Çünki o, sözün həqiqi mənasında böyük insan idi.

1939-cu ildə Naxçıvanda doğulmuş, 1 saylı orta məktbi bitirmişdi. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutuna daxil olur. Təhsilini bitirən il hələ orta məktəbdən tanıdığı Nərimanla ailə həyatı qurur. Ailə məsuliyyəti onu sevdiyi işdən, qarşıya qoyduğu məqsəddən ayırmır. Çünki istedadlı insanlar hər işin yerini bilir, hər sahədə uğur qazanır, daşıdığı məsuliyyəti layiqli yerinə yetirməyə çalışırlar. O, yaradıcı mühəndis olmaq istəyirdi. Gərgin əməyi sayəsində o öz arzusuna çatır. İxtisasına görə o, plastik və sintetik maddələr üzərində düşünür və bu niyyətlə də 1966-cı ildə aspiranturaya daxil olur. 1964 – 1965-ci illərdə “Azərelektroişıq” İstehsalat Birliyində, sonralar Sumqayıtdakı Kauçuk zavodunda, son illərdə isə Azərbaycan EA-nın Sumqayıtda yerləşən Xlor Üzvi Sintez İnstitutunda işləyir. Gecə-gündüz elmi axtarışlarından əl çəkməyən Svetlana Məmmədova 1973-cü ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edir, professor alimlik dərəcəsinə qədər yüksəlir və ömrünün son gününə qədər də yaradıcı axtarışlarını davam etdirir. O, 130 elmi məqalə, 40 ixtiranın müəllifi idi. Svetlana Məmmədova Azərbaycanın kimya elmində yüksək molekullu birləşmələr sahəsində yeni cığır açmış, bu mövzuda ilk doktorluq dissertasiyası müdafiə etmiş, qalay tərkibli polimerlərin tədqiqi sahəsində uğurlar əldə etmişdi. Onun rəhbərlik etdiyi laboratoriyada hidrotexniki qurğuların korroziyaya uğramasının qarşısını almaq üçün aparılan işlərin nəticələri indi də istehsalatda uğurla tətbiq edilir. Həmin laboratoriyada alınan polimer birləşmələr elektron sənayesində işığa həssas rezistorların alınmasında istifadə olunur.

Ömrünü elmi-tədqiqat laboratoriyalarında öz sevdiyi işə həsr edən alim neçə illər idi ki, əqidə dostları ilə birlikdə hər səhər və hər axşam eyni yolu birlikdə qət edirdilər. 1990-cı il yanvarında ölkəmizin başını alan qara buludlar bir çoxları kimi Svetlana Məmmədovanın və onun əqidə dostlarının da ömür yolunu yarıda qoydu. Yanvarın 24-də Sumqayıt yolunda yol qırağında dayanan içi adamla dolu bir minik avtomobilinin tank tırtıllarının əzib keçməsi xəbəri hamını dondurdu. Azərbaycan elminin üç zəkası heç bir səbəb olmadan, sonradan, törətdiyi hadisəyə görə, 6 ay icbari iş alan hansısa “yuxulu” caninin qurbanları olur. Bu faciəli ölüm hamımızı sarsıtdı, lakin Kəmalə qədər yox. Sanki, 3 yaşından yetimlik nisgilini yaşayan Svetlana kimi, onun qızı da valideynin vaxtsız ölümünün acısını dadmalı imiş. Bir təsəlli yeri var, əslində isə təsəlli yox, qürur və iftixar yeri. Svetlananın atası cəbhədə, döyüş meydanında, vətən uğrunda, özü isə müstəqilliyə aparan “yol”da həlak olmuşdu.

Azərbaycan Pespublikası Administrasiyasının humanitar siyasət məsələləri üzrə şöbəsinin təltif və fərdi təqaüd sektorunun müdiri, Svetlana Məmmədovanın yeganə övladı Kəmalə xanım, həm də, Bakı Dövlət Universitetində Fiziki kolloid kimyası kafedrasının baş müəllimidir, elmlər namizədi adını alıb. O, Svetlana Məmmədovanın 2 qız və 1 oğlan nəvəsini şəhid olmuş anasının, babalarının ruhunda tərbiyə edir. Onlara vətəninin, ailəsinin, özünün şərəf və ləyaqətini qorumağı, vətənin layiqli övladı olmağı öyrədir. Öyrədir ki, elmi və şəhidləri güclü olan xalqa heç kəs bata bilməz. Özünün dediyi kimi: “Vətəni və milləti sevmək böyük əxlaqi keyfiyyətdir. İstəyirəm ki, övladlarım da nənə-babaları kimi ləyaqətlə yaşasınlar, vətənlərinə sadiq vətəndaşlar olsunlar.” Biz də inanırıq ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Vətənimizin layiqli övladları onların qanını yerdə qoymayacaq. Onda şəhidlərimizin də ruhu şad olar.

Sevinc Abbasova
Tarix üzrə fəlsəfə doktoru,

xüsusi olaraq Azinforum.az üçün

Həmçinin oxuyun

Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı

Salyan Suvarma Sistemləri İdarəsi bir gündə 5 tenderlə bağlı ümumi dəyəri 1 milyon 285 min …