Ana səhifə / Araşdırma / Milyarder kabinetində sirli şəkildə öldü, biznesini azərbaycanlı milyarderlər ələ keçirdi…

Milyarder kabinetində sirli şəkildə öldü, biznesini azərbaycanlı milyarderlər ələ keçirdi…

2015-ci il dekabrın 4-də Rusiya KİV-lərinin xəbər lentlərində qısa, lakin olduqca müəmmalı məqamları əks etdirən xəbər yayıldı: Moskvadakı elit biznes mərkəzində, “Moskva-Siti”d yerləşən apartamentlərdən birində biznesmen, dollar milyarderi, Rusiyanın 10 ən yaxşı hüquqşünasından biri hesab edilən, tez-tez prezident Putinin qatıldığı tədbirlərdə görünən 43 yaşlı Dmitri Şumkovun cəsədi tapılıb.

Xəbərdə əvvəlcə deyilirdi ki, Şumkov həmin biznes-mərkəzində yerləşən ofisində bir neçə qalstuku bir-birinə bağlayaraq özünü asıb. Onun asılmış cəsədini ofisin qarderob otağında deyildiyi kimi intihardan 5 saat sonra mühafizəçi aşkar edib. 

virtualaz.org qeyd edir ki, daha sonra  Şumkovun cəsədinin ofisdə yox, həmin biznes-mərkəzdə yerləşən şəxsi apartamentində tapıldığı haqda məlumat verildi. İnformasiya agentlikləri tələm-tələsik hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verdilər ki, Şumkovun ölümündə kriminal yoxdur, biznesmen intihar edib və qalstuklarını bir-birinə bağlayaraq özünü asıb.

Cəsədin aşkar edilməsindən cəmi 2 saat sonra, heç bir tibbi ekspertiza aparılmadan və cəsəd yarılmadan ölümün səbəbinin intihar olduğunu tələsik elan etmək kimə lazım idi? 43 yaşlı milyarder, biznes işlərinin uğurla getdiyi və heç bir depressiya vəziyyətində olmadığı halda, özünü niyə asmalıydı?

Bu ölüm hadisəsi Şumkovun biznes karyerasında sürətli yüksəliş qədər müəmmalıydı və sualların cavabları yox idi. Moskvadakı “Olimpiysk” idman kompleksinin, “Norilsk-1” platin yatağının, Kremlin yaxınlığındakı binalar kompleksinin, Rusiyada internet-trafikin ən iri beş requlyatorlarından biri olan hansısa “Şəbəkələrə təsir texnologiyaları Mərkəzi”nin və digər aktivlərin sahibi olan Şumkovun özünü asması üçün hər hansı motiv də açıqlanmadı.

Elan edildi ki, o, ölümqabağı məktub yazmayıb və bu səbəbdən intiharının motivi məlum deyil. Yaxınları və ailə üzvləri də intiharla bağlı heç nə demədilər. Cəsəd yarılmadan Moskvada dəfn olundu. Rusiyanın ən məşhur hüquqşünaslarından birinin, milyarder-oliqarxın dəfn mərasimi də tələm-tələsik baş verdi. Bu haqda demək olar ki, KİV-lərdən heç biri yazmadı,yalnız saytlardan biri yazmışdı ki, Şumkovun dəfn mərasimində 100-ə yaxın adam olub və onların arasında Putinin mətbuat katibi Dmitri Peskova oxşayan birini görüblər.

Şumkovun biznes karyerası ildırım sürəti ilə yüksəlib və 2001-ci ildə, Udmurtiya prokurorluğunda işləyən bu gənc developer layihələrinə girib, iri vəsaitlər yatırıb. Bu pulları haradan alıb, məlum deyildi. Əvəzində isə biznesdə sürətlə irəliləyən Şumkov Kreml eltası ilə yaxınlaşdı, məsələn, telekanallar onun 2012-ci ilin martında prezident Putini “Seçkilər-2012” mərkəzində müşaiyət edərkən çəkilmiş görüntülərini efirə verdilər. Həmin ilin sentyabrında isə Şumkov Vladivostokda Asiya-Sakit okean hövzəsi ölkələrinin sammitindən dərhal sonra Putini Uzaq Şərq Universitetinin binasının texnoloji təchizatı proqramı ilə tanış edirdi.

Məlumatlara görə, Şumkov Kremldə yüksək etimada malik idi və 2014-cü ildə Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin Rusiyaya qaçmasından sonra onun əməliyyat olunması işinin təşkilini biznesmenə həvalə etmişdilər. Lakin Şumkov gənc yaşında, işlərinin qətiyyən pis getmədiyi bir vaxtda müəmmalı şəkildə öldü. Və onun biznes aktivləri qohumlarına miras qaldı. Lakin bu, formal xarakter daşıyırdı və Rusiya mətbuatı neçə vaxtdır  yazırdı ki, Şumkovun aktivlərini əldə etmək üçün bir sıra nüfuzlu oliqarxlar hərəkətə keçib.

İndi isə məlum olur ki, Şumkovun aktivlərindən biri-Kremlin yaxınlığında, Varvarka küçəsində yarımçıq qalmış otel tikintisi layihəsi onun qohumlarından alınıb və Azərbaycan əsilli məşhur milyarderlərə-Qod Nisanova və Zarah İliyevə (bu daşınmaz əmlak krallarının üçüncü və çox vaxt kölgədə qalmağa üstünlük verən ortağı Azərbaycanda daha çox siyasi mahiyyətli evliliyi ilə məşhurlaşan, Putinin tələbəlik dostu İlham Rəhimovdur) keçib.

Virtualaz.org “The Moskow Post”a istinadən xəbər verir ki, Şumkovun qohumları “Varvarka çoxfunksiyalı kompleksi” ASC-dən çıxarılıblar. Bu aktivi Qod Nisanov, Zarah İliyev və İlham Rəhimovun “Kiyevskaya ploşad” şirkəti alıb. Hazırda ASC-nin səhmlərinin 87 faizinə bu şirkət nəzarət edir.

Şumkov bu kompleksin inşası üçün 21 min kvadratmetr ərazini 2014-cü ildə Moskva hökumətindən astronomik məbləğə-3.4 milyard rubla almışdı. O, həmin ərazidə 320 yerlik 5 ulduzlu otel tikmək istəyirdi, investisiyanın həcmi 300 milyon dollar qiymətləndirilirdi. Şumkov bu aktivi xarici publika qarşısında çox fəal reklam edirdi. Məsələn 2015-ci ilin iyulunda layihənin Sankt-Peterburqda keçirilən təqdimatında Fransanın eks-prezidenti Nikola Sarkozinin arvadı Karla Bruni özü çıxış etmişdi. Lakin Şumkov gələcəyə dair bu cür parlaq planlar qurduğu halda nəyə görəsə qalstukdan asılı tapıldı…

Qəzet yazır ki, “Varvarka çoxfunksiyalı kompleksi” ASC-nin səhmlərinin qalan 13 faizi Tula vilayətinin qubernatoru Aleksey Dyuminin qardaşı Artyom Dyumindir. O, “Olimpiysk” idman kompleksinin baş direktoru, Şumkovun keçmiş partnyorudur. Dyumin isə elə-belə qubernator deyil, Putinin keçmiş cangüdənidir və onun yaxın dostu hesab edilir. O, Yanukoviçin Ukraynadan qaçırılması və Rusiyaya yerləşdirilməsi əməliyyatını həyata keçirməsi ilə tanınır.

İndi təxmin edilir ki, Nisanovla İliyevin şirkəti Şumkovun yarımçıq layihəsini tamamlamağa 6 milyard rubl yatıracaqlar…

Virtualaz.org

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın