Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Mehman Əliyevi 5 saat dindiriblər

Mehman Əliyevi 5 saat dindiriblər

Ziyalılar onun azadlığa çıxması üçün müraciət etdi; vəkilinin baş redaktorun həbsinin girovluqla əvəzlənməsi barədə vəsatəti təmin edilmədi

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev sentyabrın 5-də 1 saylı Bakı İstintaq Təcridxanasında beş saata yaxın dindirillib.

Dindirilmədən sonra vəkil Fuad Ağayev istintaq təcridxanasının qarşısında “Amerikanın Səsi”nə müsahibə verib.

Vəkil bildirib ki, Mehman Əliyev istintaqın çoxsaylı suallarına cavab verib.

“Sualların əksəriyyətinin ittihamlara heç bir aidiyyəti yox idi”.

İstintaqın gedişatını vəkil müsbət qiymətləndirməyib.

“Ümumiyyətlə, barəsində ibtidai araşdırma aparılan cinayət işinin başlanmasının özü qanunsuzluqdur”.

Ağayev istintaqdan hazırda hər hansı müsbət qərar gözləmir: “İstintaq qeyri-müstəqildir. Mən hesab eləmirəm ki, bu cinayət işini müstəqil şəraitdə başlayıblar ki, müstəqil şəkildə də ona xitam versinlər”.

F.Ağayev “Turan” informasiya agentliyinin direktorunun səhhətinin normal olduğunu deyib.

Vəkil onu da qeyd edib ki, sentyabrın 4-də vəkil Fuad Ağayev “Turan” agentliyinin direktoru Mehman Əliyevin həbsinin girovla əvəzlənməsi barədə Yasamal Rayon Məhkəməsinə vəsatət verib. Məhkəmə bu vəsatətə sentyabrın 6-da həmin vəsatətə baxıb. Müdafiəçinin vəsatəti təmin olunmayıb.

Bu arada Mehman Əliyevin azadlığa buraxılması üçün Azərbaycanın bir sıra ziyalıları prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciəti Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin deputatları Rasim Musabəyov, Asim Mollazadə, Fazil Mustafa, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri Fərhad Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, kinorejissor və ssenarist Ramiz Fətəliyev, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, şərqşünas-alim Fərda Əsədov, Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Jurnalistikanın İnkişafına Yardım Mərkəzinin rəhbəri Qulu Məhərrəmli imzalayıb.

Müraciəti imzalayanlar Mehman Əliyevin işini diqqətə götürməyi prezidentdən xahiş ediblər: “Bu şəxsin ölkə mətbuatının inkişafında böyük xidmətləri var, o, nüfuzlu jurnalist və media eksperti kimi dünyada tanınır. Mehman Əliyev özü və başçılıq etdiyi agentlik çoxsaylı mükafatlara layiq görülüb.

“Turan” agentliyi Azərbaycan ətrafında yaranmış informasiya blokadasının yarılmasında və Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayıb. Xocalı faciəsi barədə dünyaya ilk məlumatı məhz “Turan” agentliyi çatdırıb. Həmin faciə haqqında çəkilmiş “Sonsuz dəhlız” fılmındə “Turan”ın nadir arxiv sənədlərindən və agentliyin əməkdaşlarının yaradıcı dəstəyindən geniş istifadə edilib. Bu beynəlxalq layihə sayəsində dünyada yarım milyarddan çox insan Xocalı faciəsi barədə məlumatlandırılıb.

Mehman Əliyevin istintaqdan yayınma ehtimalı ilə həbsdə saxlanılması inandırıcı deyil, çünki ilk gündən o, istintaqdan boyun qaçırmayıb, əksinə, onunla əməkdaşlıq edib.

Cənab Prezident, biz cəmiyyətin yaxşı tanıdığı bır jurnalistin taleyindən narahatlığımızı ifadə edirik. İstintaqın obyektiv aparılmasına və Mehman Əliyev barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsinə kömək göstərməyinizi xahış edirik”.

Qeyd edək ki, Mehman Əliyev avqustun 24-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham edilir.

M.Əliyev bütün ittihamları rədd edərək onları siyası motivli adlandırıb.

Beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti, Fransa və Böyük Britaniya Xarici İşlər nazirlikləri Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına çağırıblar.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın