Ana səhifə / Araşdırma / “McDonalds” bulkalarının sirri nədədir? – Fotolar

“McDonalds” bulkalarının sirri nədədir? – Fotolar

Azərbaycandakı “MC Donalds” restoranlarında demək olar ki, əksəriyyət “Big Mac”, “Hamburger”, “MC Chikcen” kimi məhsulların dadına baxır. Həmin qamburqerlərin tərkibi- ət və tərəvəzlərin düzgün qaydada hazırlanması qədər bulkaların keyfiyyətli olması çoxlarını düşündürür. 

“MC Donalds Azərbaycan” bu dəfə öz müştərilərinə məşhur qamburqer bulkalarının sirrini açıb və bu məqsədlə də  Rusiyada yerləşən “Bimbo” QSR zavoduna press-tur təşkil edib.

Biz səfərimizin üçüncü günü “fast food” şəbəkəsi üçün qamburqerləri istehsal edən zavodun həyətindəyik. Bizi zavodun direktoru  qarşılayır, holdinqin məsul şəxsləri ilə azərbaycanlı jurnalistlər arasında qısa tanışlıq baş tutur. Daha sonra zavodun direktoru bizə “McDonalds” üçün nəzərdə tutulan məhsulların hazırlanma prosesi ilə bağlı məlumat verir.
Maraq üçün deyim ki, qamburger bulkası və lavaş istehsal edən holdinq dünyanın 3 ölkəsində fəaliyyət göstərir (Rusiya, ABŞ və ÇİN). Və onlar öz məhsullarının dünyanın əksər ölkələrinə ixrac edir.

«Bimbo QSR» ilə qiyabi tanışlıqdan sonra hər şeyi gözlərimizlə görmək üçün gəzintimizə start verdik. Lakin ekskursiyaya başlamaq üçün bir xeyli mərhələdən keçməli olduq. Belə ki, bizə məhsulların təhlükəsizliyi üçün bütün metal, qeyri-metal əşyaları üzərimizdə daşıya bilməyəcəyimizi dedilər və otaqda qoymağımızı məsləhət gördülər.

3 jurnalist və 1 bloqqer növbəti mərhələdə təhlükəsizlik kostyumu geyinməli oldu. Hələ qəribə obrazımızı tarixə həkk etmək üçün foto çəkdirməyə də vaxt tapdıq. Əlbəttə jurnalistlər arasında tək saqqalı olduğum üçün çənə nahiyəmi örtmək üçün mənə xüsusi maska da gətirildi.

Geyimdən sonra ikinci etap əllərin yuyulma prosesidir. Maye sabundan sonra əllərimiz spirtlə yuduqdan sonra nəhayət ki, qapıdan içəri girərək bulkaların necə hazırlanmasının şahidi olacağıq. Onsuz da, əsas binadan içəri girərkən o yeni bişmiş bulka ətri bizi valeh etmişdi.

Müəssisə işçisi bizi iki istehsal bölməsində -bulka və lavaşın hazırlanması ilə tanış etdi. İstehsal prosesində olan ilk etapda biz “MC Donals”da tez-tez yediyimiz “Sezar Rall”da istifadə olunan lavaşın hazırlanma prosesinin şahidi olduq.
Əl təması olmadan yoğrulan xəmirdən xüsusi avadanlığın köməyi ilə eyni ölçüdə kəsim baş tutur, girdə formasında kündələr hazırlanır və lavaş halına gətirilir.

Üstəlik, əgər hər hansı lavaş standardan kənar formada çıxarsa, həmin lavaşlar bunun üçün ayrılmış işçi vasitəsilə əl ilə toplanır və həmin məhsulların növbəti etapa keçməsinin qarşısı alınır.

Daha sonra sobada bişirilən lavaş soyudulur və  sürətli dondurma aparatından keçir və qısa müddət ərzində donur. Belə sürətli donma lavaşın qorumasına kömək edir. Növbəti mərhələdə donmuş lavaşlar tərkibində metal hissəciklərinin olub-olmamasını müəyyən etmək üçün metal detektorundan keçir. Bu isə hər hansı metal hissəciyinin məhsula düşməsinin qarşısını alır.

Artıq bundan sonra qablaşdırılma prosesi əl ilə aparılır və xüsusi aparatdan keçən qablaşdırmanın üzərinə hazırlandığı il və ay avtomatik olaraq çap edilir.

Turumuz davam edir və lavaşdan sonra sıra məşhur “MC Donalds” bulkalarının hazırlanması prosesidir.
Onu deyim ki, bulkalar üçün zavodda bir istehsalat prosesi üçün 100 kq undan xüsusi mikserlər vasitəsi ilə xəmir yoğrulur. Xəmirlərin  hazırlanmasında yüksək sort  undan istifadə olunur ki, bu da McDonalds-ın hazır məhsulu üçün xammalın yüksək tələblərinə tam cavab verir.  Maraq üçün deyim ki, həmin xəmiri yoğuran mikserin tutumu 1, 5 tondur.  Daha sonra onun acıma mərhələsi 30 dərəcə isti temperaturda olan otaqda baş tutur. Həmkarlarım və mənim istəyim ilə həmin otağa baxış da keçirdik.

Hələ bu harasıdır? Bizi təəccübləndirən çox şeylərlə tanış olacağıq.  Daha sonra hazır xəmir başqa bir qaba avadanlıqlar vasitəsi ilə tökülür və onların eyni ölçüdə kəsimi baş tutur. Proses eyni lavaş kimidir. Lakin fərq burasındadır ki, həmin kəsilən xəmirlər girdə formasına salınır və hamarlaşır.

Əlbəttə işlək texniki avadanlıqların səsindən bir qədər müəssisə işçilərinin dediklərini eşidə bilmirdim.  Bir anlıq işçilərə baxdım və onlarınn bu cür ortamda necə çalışdıqlarını düşünməyə başladım. Beynimdə dolaşan suallara da cavab tapdım. Sən demə, işçilərin rahatlığını təmin etmək üçün onlara xüsusi qulaqcıqlar təşkil olunur.

Sualımın cavabını aldıqdan sonra bulkaların hazırlanma prosesini izlədim. Girdə formasında olan bulkaların sobaya ötürülməsi və bişirilmə prosesini də gördük.

Maraqlı məqamlardan biri də “Qbake” sistemidir. Bu sistem sobadan çıxan və soyudulan bulkaları skan edir. Yəni eyni qamburgerdə istifadə olunan ətlər, lavaşlar kimi bulkaların da tərkibi yoxlanılır. Havadan və avadanlıqlardan düşən dəmir hissəciklərin olub-olmaması metal dedektorları ilə analiz edilir. Bundan sonra xüsusi zavod işçiləri şişmiş, ölçüdən kənar və əzik olan  bulkaları ayırırlar və yararsız hesab edirlər.

Daha sonra bulkalar xüsusi kəsici avadanlıqdan keçdikdən sonra iki və üç hissəyə bölünür və lavaşlarda olduğu kimi dondurulma aparatından keçir.

Ona görə kəsilir ki, iki və üç laylı bulkaların restoranda ədviyyələməsində rahatlıq olsum Üç laylı bulkadan “Big Mac”, iki laylılardan isə qamburger, hamburger, çizburger və s. hazırlanır.

Maraq üçün deyim ki, bulkalar və lavaşlar Rusiyadan Azərbaycana və başqa ölkələrə dondurulmuş şəkildə göndərilir. Buna səbəb isə məhsulların xarab olmadan alıcılara təqdim olunmasıdır. Zavod Rusiyadaxili “MC Donalds” və digər restoranlara məhsullarını göndərən zaman şok dondurulmadan istifadə etmir. Çünki, məsafə qısadır və məhsul tez bir zamanda həmin şəbəkələrə göndərilir.

Bildirim ki, zavod 1 saat ərzində 72 min bulka hazırlayır, lavaş isə 14 min istehsal olunur. Zavodda bir gün ərzində  440 mindən çox bulka və lavaş hazırlanır.

Bundan başqa,  zavodun məhsullarının 88 faizinin alıcıları  “MC Donalds” şəbəkələridir.

Həmçinin onun da şahidi oldum ki, bulka və lavaşların tərkibinə nə duz, nə də başqa qatqılar əlavə olunur.
İstehsalat prosesi ilə tanışlıqdan sonra yaranacaq sualları cavablandırmaq üçün məsul şəxslə yenidən iclas otağında görüşdük və yeni yaranan suallarımıza cavab tapdıq.

Bununla da press-turumuz başa çatdı. Bu ekskursiyadan sonra “Mc Donalds” bulka və lavaşlarının sirri ortaya çıxmışdı. Mən isə bu sirri sizinlə bölüşdüm ki, “McDonalds”da yediyiniz bulka və lavaşlarin necə hazırlandığını biləsiz!


Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …