Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Masallıda Vətən Müharibəsi abidəsini DSK sədri sökdürüb

Masallıda Vətən Müharibəsi abidəsini DSK sədri sökdürüb

Masallı rayonunun Qızılavar kəndində, Masallı-Boradigah yolunun sol tərəfində Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılan möhtəşəm abidənin dağıdılması ilə bağlı məlumat vermişdik.

Bu hadisə ilə bağlı apardığımız jurnalist araşdırması zamanı Masallı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının müavini Nəsir Muxtarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onlarda belə bir məlumat yoxdur: “Bu cür abidələr Mədəniyyət Nazirliyinin balansında olur və onlara heç kim toxuna bilməz… Mən icra nümayəndəsi və bələdiyyə ilə məsələni dəqiqləşdirdim. Həmin abidəni əvəz edən yenisini tikəndən sonra köhnəni söküblər. Hətta yeni abidənin açılışı da olub. Bu, kənd əhalisinin tələbi ilə baş tutub. Yeni abidənin açılışı ilə bağlı fotolar da var”.

Çox maraqlıdır ki, ucaldıldığı iddia edilən yeni abidə köhnənin yerində tikilməyib. Bizə söz verilsə də, sözügedən yeni abidə barədə heç bir foto təqdim edilmədi. Ancaq adlarının çəkilməsini istəməyən kənd sakinləri bizimlə söhbətlərində bildirdilər ki, həmin kənddən çoxlu sayda sakin Böyük Vətən Müharibəsində həlak olub. Abidəyə göstərilən bu hörmətsizlik onları dərindən narahat edib. Kənd sakinlərinin sözlərinə görə, mövzunun bizim tərəfimizdən ictimailəşdirilməsi rayondakı bəzi qurumları ciddi narahat etməyə başlayıb. Onlar özlərinə yaxın olan kənd sakinlərindən “vətəndaş məktubları” toplayıb əlaqədar qurumlara göndərmək istəyirlər ki, guya bu “xahiş” onlara kənd sakinlərindən gəlib. Ancaq kənd əhalisinin böyük əksəriyyəti edilən hərəkətlə razılaşmayıb, Rayon Prokurorluğuna şikayət ediblər. Hətta deyilənə görə, Masallı Rayon Prokurorluğunda bununla bağlı araşdırma aparılır. Ən maraqlısı isə abidənin sökülməsində bilavasitə iştirak edən şəxsin kimliyi ilə bağlıdır. Kənd sakinlərinin dediyinə görə, həmin prosesə 71 saylı Masallı Kənd Seçki Dairəsinin sədri İlkin Əzizov rəhbərlik edib. Əslən həmin kənddən olan İlkin müəllimin vəzifəsi ilə uzlaşmayan bir fəaliyyətə qol qoyması bizdə dərin təəccüb yaratdı. Təəssüflər olsun ki, onun özü ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirmək cəhdlərimiz alınmadı.

Masallı Rayon Prokurorluğuna etdiyimiz zəngə cavab verən xanım isə bildirdi ki, prokuror yerində olmadığı üçün, bu barədə heç bir məlumat verə bilməyəcək: “Nömrənizi saxlayın, gələndə deyərəm, sizinlə əlaqə saxlayarlar”. Təəssüf ki, sonra bizimlə əlaqə saxlayan olmadı və bizim sonrakı zənglərimizə Rayon Prokurorluğundan cavab verilmədi.

İcra başçısının müavininin həmin abidənin Mədəniyyət Nazirliyinin balansında olduğuna dair səsləndirdiyi fikir bizi sözügedən qurumla əlaqə saxlamağa vadar etdi. Mədəniyyət Nazirliyindən bizə dedilər ki, bu işlərlə qurum yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məşğul olur. Həmin xidmətin ictimaiyyətlə əlaqələrin tənzimlənməsinə məsul olan əməkdaşı Fariz Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu mövzu ona tanışdır: “Sizin ictimailəşdirmənizdən əvvəl vətəndaşlar müxtəlif qurumlara, həmçinin, bizə şikayət ediblər. Məndə olan məlumata görə, hazırda bu iş Masallı Rayon Prokurorluğunda araşdırılır. Mən şəxsən bu məsələ ilə maraqlandım. Nəzərinizə çatdırım ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə tarixi abidələrin tam siyahısı tərtib edilib. Həmin siyahıya 6308 abidənin adı düşüb. Sizin barəsində bəhs etdiyiniz abidə həmin siyahıya düşməyib. Bu səbəbdən də onun mühafizəsi ilə biz yox, müvafiq icra hakimiyyəti məşğul olur. Bu heç də ona əsas vermir ki, hansısa abidə sökülsün. Yəqin ki, araşdırıldıqdan sonra bu məsələyə lazımi qiymət veriləcək”.

Qeyd edək ki, Masalıda baş verən bu hadisə siyasi partiyaların da diqqətindən yayınmayıb. Hətta bununla bağlı etiraz bəyanatı verən siyasi qurumlar da olub. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin bununla bağlı yaydığı bəyanatda deyilir: “Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Masallı rayonunda İkinci Dünya Müharibəsində sovet xalqının faşizm üzərində qələbəsini tərənnüm edən abidə kompleksinin sökülməsindən dərin narahatlıq hissi keçirərək bu cür vandalizm aktını kəskin pisləyir və belə bir halın heç bir demokratik prinsiplərə və normativ-hüquqi aktlara uyğun gəlmədiyini bəyan edir.

Faşizm üzərində qələbənin əldə olunmasında 600 mindən artıq Azərbaycan vədəndaşı döyüş meydanlarında öz canlarını qurban verərək şəhid olmuşlar. Masallı rayonunda onların xatirəsinə ucaldılmış abidə kompleksinin sökülərək yerində hər hansı bir ticarət obyektinin inşa olunmasına cəhd edilməsi , bütövlükdə, İkinci Cahan Müharibəsində irqindən, dini və milli mənsubiyyətindən asılı olmayaraq, faşizmlə mübarizədə canlarını fəda etmiş bütün insanların ruhlarına hörmətsizlikdir.

Azərbaycan Kommunist Partiyası respublika ictimaiyyətini bu cür hallara qarşı barışmaz olmağa, birgə mövqe göstərməyə çağırır və Azərbaycan Respublikasının müvafiq orqanlarına müraciət edərək, törədilmiş vandalizm aktının icraçılarının Azərbaycan dövlətinin qanunvericiliyinə uyğun olaraq, cinayət məsuliyyətinə cəlb edilmələrini və onların ciddi cəzalandırılmalarını tələb edir”.

Ümid edirik ki, Azərbaycan tarixinin bir salnaməsini özündə ehtiva edən həmin abidə tezliklə yerinə bərpa olunacaq və bu əməli törədənlər layiqli cəzalarını alacaqlar.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Mənşur Gülməmmədli vəzifəsindən azad edildi – Naxçıvan Hava Limanına bu şəxs rəhbərlik edəcək

Mənşur Gülməmmədli Naxçıvan Beynəlxalq Hava Limanının direktoru vəzifəsindən azad edilib. TNS xəbər verir ki, bu …