Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Masallı Mamedlə həbsxanada yatan rus şairin Bakı gizlinləri

Masallı Mamedlə həbsxanada yatan rus şairin Bakı gizlinləri

(Masallı Mamedin ölümündən 5 il keçir)

Tale ilahəsi Saşanı hələ öz ana vətənində bir –neçə dəfə yüngülcə sınağa çəkmişdi… Orda yeniyetmə yaşlarından həbsxana həyatının əzablarını dadmışdı. İxtisasca pedaqoq olan Saşa azadlığa çıxsa da həmişə həbsxanada olan insanların aqibətini, acınacaqlı durumunu düşünürdü. Bir gün qərara gəlir ki, onlara humanitar yardım göstərən ictimai bir qurum yaratsın. Yaradır da. Taqanroq həbsxanalarında görüşlər, konsertlər təşkil edir. İctimaiyyət nümayəndələri – şairlər, yazıçılar, hətta ruhanilər dustaqların qarşısında çıxış edir, onlara ərzaq, dərman və başqa yardımlar göstərirlər. Saşa – Aleksandr Fomenkov bu cür işlərdən mənəvi zövq ala-ala yaşayırdı.

1995-ci ildə ömründə ilk dəfə idi ki, Bakıya gəlirdi. Taleyin ağır sınağından, qazavü-qədərdən burda da qaça bilmədi… İdarə etdiyi “Moskviç”lə 3 nəfərin həyatına son qoydu. Ağır qəzadan sonra bir ay xəstəxanada müalicə olundu. May ayında isə Azərbaycan CM –nin müvafiq maddəsi ilə 12 il müddətinə azadlıqdan məhrum edildi.

Cəzaçəkmə müəssisəsinə gəldiyi gündən bir-iki həftə keçmişdi. Kameraya “təzə” dustaq gətirdilər. Bu, “üzərində silah gəzdirdiyinə görə” bir il müddətinə həbs edilən Masallı Mamed idi. Onlar tanış oldular. Daha doğrusu, bu tanışlığa Fomenkovun Rusiya həbsxanalarında ictimai fəaliyyətindən xəbərdar olan dustaqlardan birinin Mamedə onun haqqında söhbəti səbəb olur. O zaman iqtisadi blokada ucbatından doğmaları Saşanın ziyarətinə gələ bilmirdilər.
Mamed Saşanın dava-dərmanla, siqaret, ərzaqla təmin olunmasının qayğısına qalır. Yaxşı olar ki, Aleksandr Fomenkovun hekayətini onun öz dilindən eşidək:
– Mamed azadlığa çıxanda mənə ünvan vermək istədi. Dedim, qardaş, lazım deyil, mən səni yerin altında olsan da tapacağam! Biz bir-birimizə baxdıq. İxtisasca rus dili və ədəbiyyatı müəllimi olsam da bu söz mənim dilimə necə gəldi bilmirəm? Elə bil bu, İahidən, – Qüdrət sahibindən gələn ismarıc idi.
O, gedəndən sonra mən çox darıxdım. Sıxıntılarım artı. Qəlbim rahatlıq tapsın deyə Keşlə həbsxanasında olan məscidə getdim. Diz üstə oturub, eynən şiyələr kimi dualar edirdim. Xaç çevirmirdim. Dustaq yoldaşlarım deyirdi ki, bir halda ki, bizimlə birlikdə ibadət edirsən, onda İslamı qəbul elə! Etmədim. Onların aralarında günah sahibləri də çox idi. Eşitmişdim ki, əgər bir müsəlman öz dinini başqasına qəbul etdirirsə, Allah omnun bütün günahlarını bağışlayır. Bəlkə mənə də islamı qəbul etməyimi tövsiyyə edən hər kəs Allah tərəfindən öz ağır günühının bağışlanacağını düşünürdü. Amma Allah mənim tezliklə dualarımı qəbul etdi.
O vaxt Zaqafqaziya Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşkür Paşazadə də bizim ibadət elədiyimiz həbsxana məscidinə gəlmişdi.

Mən Azərbaycan prezidenti Heydər Əliyevə məktub yazdım. Xahiş etdim ki, qalan cəzamı çəkmək üçün mənim Rusiyaya ekstradisiya edilməyimə icazə versin… Rusiyada isə bir ildən sonra əhv olunub azadlığa çıxdım. Azadlığa çıxandan bir həftə sonra ilk nəvəm dünyaya gəldi. Demək on iki illik cəzamın 2 ilini Bakıda, 1 ilini öz vətənimdə çəkdim…

Müəllif müdaxiləsi: Amma vicdan əzabı Saşanı rahat qoymurdu. 1998-ci ildə günlərin bir günu qatara oturub, Bakıya üz tutur. Çeçen milisi ikinc qrup əlil Aleksandr Fomenkovon şikəst ayağına işarə edib pullarını əlindən aldı:
– Bizə güllə atıbsan…
– Mən ömrümdə heç kimə güllə atmamışam, pullarımı verin…
– Al sənə 100 rubl da bəs edər. Bakili dostların səni darda qoymaz!

… Bakıda Saşa prezident aparatına yollanır: “3 il əvvəl mən Bakıda 3 nəfərin ölümünə səbəb olmuşam. Rusiyaya qanunları ilə məhv olunmuşam… Gəlmişəm ki, Azərbaycan xalqı, Azərbaycan qanunları mənim taleyimi həll etsin…”

Onu Ədliyyə Nazirliyinə göndərirlər. Çox keçmir ki, Azərbaycan qanunları ilə cəzalanmasını tələb edən Saşaya məlum olur ki, onun amnistiya olunması iki qonşu dövlətin hüqüq –mühafizə orqanları arasında olan anlaşmanın şərtlərinə tam uyğundur.

Yol qəzasında həlak olanların qohumları da onu bağışladı: “ Biz bilirik ki, sən bu qəzanı qəsdən törətməmisən. Get, rahat yaşa! Allah sənə kömək olsun!” Şaşa bağışlandığını eşidcək sevincindən bərk həyacan keçirir, az qala ürəyi dayanacaqdı. Şiddətli ürək ağrılarılarından gözünü açanda özünü Respublika xəstəxanasında görür. Ertəsi gün cibində qalan 100 rublla Masallıya gedir.

Sən demə, Mamed də Moskvadan bacısı oğlunun toyuna gəlibmiş…

Saşa Masallıda bir neçə gün qonaq olur, sonra Bakıya dönüb “Abşeron” otelində qalır. Sergey Yeseninin vaxtilə ilham qaynağı olan (məşhur “İran nəğmələri”ni qələmə aldığı) Mərdəkana gedir…
2001-ci ildə Moskvada başıqırxıqlar azərbaycanlılara “qeyri-rus” deyib divan tutanda Şaşa Taqanroqda özünə yer tapa bilmir. Bu özbaşınalığa yüksək tribunalardan etiraz etmək üçün Moskvaya yola düşür. Mamedlə 3 il əvvəl Masallıda toyda çəkdirdiyi şəkli də özü ilə götürür.
Saşa deyir:
– Qatar Moskvaya 4 noyabrda çatdı. Rusiyada Xalq Birliyi bayramı günü… Yol yoldaşım olan bir qadın kupenin pəncərəsindən bayıra boylanırdı: “İndi məni qarşılamağa gələn qohum- əqrabam perronda gözləyir…” Dedim, xoşbəxt adamsız, doğmalarız sizi qarşılamağa gəlib, – Mamedin şəklini göstərdım, – amma mən bu adamın familiyasını, hətta harda yaşadığını belə bilmirəım. Bir şeyi bilirəm ki, bu gün mən onunla Moskvanın hansı güşəsindəsə mütləq bir masada oturacağam…
Qadın mənə rişxənd edib güldü: “Sənin başın xarab olub? 13 milyonluq şəhərdə onu necə tapacaqsan?”
…Tapdım. (Hecə tapdığımı soruşmayın) Ad günü restoranların birində çox möhtəşəm qeyd olundu. Onu təbrik etməyə ən tanınmış adamlar gəlmişdilər. Gecə yarı o qaldığı evə gəldik. Düzü, mənzildəki səliqə-səhmana çox heyaran oldum. Adam inana bilmirdi ki, bu dördotaqlı mənzildə yalnız dörd-beş kişi yaşayır. Hər tərəf tər-təmiz, gül kimiydi. Bir şeyə də şahid oldum ki, restorana vaxt tapıb gələ bilməyən məşhur adamların bəziləri hörmət ələməti olaraq gecə yarıdan keçsə də evə gəlib, onu təbrik edib, sonra gedirdilər…
Birdən Saşa söhbətinə ara verib üzümə baxır:
– Bilmirəm, ilk söhbətimdə sənə demişəm, ya yox, Mamedin dediyim kimi ad günü bizdə xalq birliyi bayramına, mənimsə ad günüm sizin bayarma -müstəqillik gününə təsadüf edir. Bu da çox maraqlı deyilmi? Son illər demək olar ki, ad günümü Azərbaycanda keçirmişəm, burada plovla bərabər milli mətbəxtinizin ən ləziz xorəklərindən dadmışam. Nə isə… qayıdaq Moskvaya.
Ertəsi gün məlum hadisələrlə bağli “Ostankino”ya düşmək istədim. Televiziyada çıxış edib, demək istəyirdim ki, mən bu yaxınlarda Azərbaycanda olmuşam, məni necə məhəbbətlə qarşılayıblar… Qonaqpərvərlik göstəriblər. Amma burda bir dəstə dələdüz peyda olub, onları qovmaq istəyir…
Telekanalların heç birinə düşə bilmədim. Dövlət Dumasının üzvü, milis general-leytenantı (indi senatordu. Söhbət 2011-ci ildən gedir –N.Ə. )
Aslanbek Aslaxanovun qəbulunda oldum. Dedim, mən rus ola-ola Bakida, Azərbaycan prezidentinin iştirak etdiyi tədbirlərə asanlıqla düşmüşəm, amma burda televiziyaya beş dəqiqəlik çıxış üçün düşə bilmirəm…
Bir sözlə, Saşanın həqiqəti söyləmək imkanının qabağına sədlər çəkilib…

MÖCÜZƏ… YOXSA TƏSBEHİN HİKMƏTİ

…Axırincı dəfə Bakıya – həbsxanada ziyarətinə gələn Saşaya Mamed dustaların əl işi olan 33 muncuqdan ibarət, çox əla cilalanmış bir təsbeh bağışlayır… Bəlkə 33 rəqəmi məhkumluq taleyi ilə bir-birinə bağlı olan 33 dustağın sayı, ya da 33 kvadratmetrlik darısqal “xata”nın rəmzi idi?! Amma bu barədə nə Saşa soruşdu, nə də Mamed bir söz dedi. Çox keçmir ki, ( 2010-cu ilin iyununda) Saşa “ Qəlbin yaddaşı” kitabı ilə gəlir Mamedin görüşünə… Amma Mamed istintaq təcridxanasında olduğundan onunla görüşə icazə verilmir. O, kitabı Mamedin dayısı Kamala verib geri dönür.
20 mart 2011 – ci il… Taqanroq. Saşa Mamedin yadigar təsbehini əlində çevirə-çevirə böyük rus yazıçısı Anton Pavloviç Çexovun doğma küçəsindən ötüb öz evinə gedir. Və gedə-gedə Mamedi, onun qohum-əqrabasını düşünür. Düşünürdü ki, günü sabah Novruz bayramı münasibətilə Mamedin doğmalarına zəng edib hamısını təbrik edəcək. Bəlkə də o an dayıları Fəxrəddin, Kamal, ya da qardaşları Əjdər, Elşən… Mamedin yanında – görüş otağında olacaqdılar, o da keçmiş dustaq yoldaşı ilə danışa biləcəkdi, ona qəlbən bayram arzusunu, ən başlıcası isə AZADLIQ diləyəcəkdi…
… Birdən təsbehin ipi qırılır. 33 gilənin hərəsi bir yana dağılır.
… Saşanın o gülələri toplamağa ürəyində güc, dizlərində taqət qalmır.
…Ertəsi gün internetdə Mamedin ölüm xəbərini oxuyacaqdı… “Mamed həbsxanaya ilk dəfə düşdüyü ildən 33 il sonra həbsxanada öldü”- deyə pıçıldayacaqdı.
… Ertəsi gün Bakıdan zəng edib Mamedin dəfn mərasımini xəbər verəcəkdilər.
Amma indi hələlik ayin 20-sidir. Küçədə qəfildən qırılan təsbehin dağılmış gülələrinə baxa-baxa bir şeyi düşünürdü: “Deyəsən nəsə pis hadisə baş verdi…”
***

Царстве Небесное!
Мамед Массалинский…
На днях позвонили из Баку…Мамед умер… Для меня это личное горе…
За пятнадцать лет советских, азербайджанских и российских тюрем и лагерей, включая крытые-мытые, я редко встречал человека, столь достойного арестантского поведения.
Мамед… В прошлом году я издал сборник своих стихотворений “Память сердца”, в который были включены и вот эти стихи:

Мамеду Гусейнову
(Массалинскому)
Когда бы поняли меня,
Вы б, несомненно, согласились:
Нам Божий суд будет вменять
Всё то, чем души окрестились.

Нам не дано, конечно, знать,
Кого Господь возьмёт на Небо.
………………………….
-Единый Бог! Мой долг сказать:
Возьми того, кто дал мне хлеба.
4 ноября 1995 г.
г. Баку, пос. Кишлы.

P.S: Mamed sağlığında Saşanın simasında Azərbaycana dost qazandı. Bu gün Aleksandr Fomenkov Rusiyada “Qarabağ Azərbaycan torpağıdır” deyə car çəkən və Azərbaycan həqiqətlərini mətbuatda və sosial şəbəkələrdə canla-başla təbliğ edən tanınmış rus şairi və ziyalısıdır.

Nurəddin ƏDİLOĞLU
Femida.az üçün.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın