Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / İctimai nəqliyyat jurnalistlər üçün PULSUZ OLA BİLƏRMİ? – SORĞU

İctimai nəqliyyat jurnalistlər üçün PULSUZ OLA BİLƏRMİ? – SORĞU

1990-cı illərin sonlarına qədər Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, jurnalistlər ictimai nəqliyyatdan pulsuz istifadə edə bilirdi. 1999-cu ildə qanuan edilən dəyişikliklərdən sonra bu güzəşt ləğv edildi. Bu günlərdə Tarif Şurasının ictimai nəqliyyatda gediş haqqlarını artırması bəzi ictimai sfera nümayəndələrini, tələbələri, təqaüdçüləri və s. narahat etməyə bilməzdi. Bu baxımdan jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etmə hüququ yenidən gündəmə gəlib.
Bu gün jurnalistlər hər bir vətəndaş kimi metro və avtobus xidmətindən gediş haqqını ödəyərək istifadə edir. Nəzərə alsaq ki, jurnalistlərin əksəriyyəti gün ərzində müxtəlif tədbirlərə, hadisə yerlərinə, ictimai görüşlərə, mitinqlərə və s. əksər hallarda ictimai nəqliyyatdan istifadə etməklə gedir, bu artıq onlar üçün heç də gözardı edilməyəcək bir xərc deməkdir.

İndi bir sıra hüquq-mühafizə orqanlarının, eləcə də dövlət qurumlarının əməkdaşları ictimai nəqliyyatdan ödənişsiz istifadə edirsə, nəyə görə ən az onlar qədər ictimai yükü olan jurnalistlər bu güzəştdən yararlana bilmir?

Jurnalistlər arasında sorğu keçirdik və müəyyən oldu ki, jurnalistlərin fikirləri arasında müəyyən təzadlar var.

“Azvision.az” saytının müxbiri Anar Kəlbiyev:

Jurnalist olduğum üçün ictimai nəqliyyatdan yalnız 2015-ci ildə I Avropa Oyunları vaxtı istifadə etmişəm. O zaman qeydiyyatdan keçdiyimiz vəsiqə şəhər avtobuslarından pulsuz istifadəyə icazə verirdi. Başqa formada heç vaxt ictimai nəqliyyatdan pulsuz istifadə etməmişəm.

“Milli.az” portalının redaktoru Elçin Alıoğlu:

Məni sorğuya dəvət etdiyiniz üçün dərin minnətdarlığımı bildirirəm. Sualınıza gəldikdə isə əfsuslar olsun ki, indiyədək o bəxtəvərlikdən yararlanmaq şərəfinə nail olmamışam. Ki, belə ülvi arzum həmişə olub, amma nə edəsən ki, reallıq xəyallarla əksərən tərs-mütənasib olur. Təklif edirəm ki, ictmai nəqliyyatda gediş haqqı jurnalistlər üçün ikiqat baha olsun. Belə daha maraqlıdır.

“Modern.az” saytının redaktoru Vüqar İsmayılov:

Mən ancaq Avropa Oyunları vaxtı akkreditasiyadan keçdiyim üçün həmin müddətdə metrodan pulsuz istifadə etmişəm.

“Kaspi” qəzetinin əməkdaşı Aygün Asimqızı:

Yox, heç vaxt pulsuz istifadə etməmişəm. Jurnalistlər üçün belə bir fərq olmasına ehtiyac görmürəm.

Xəzər TV-nin müxbiri Billurə Mikayıllı:

İslam oyunları vaxtı bizə verilən vəsiqə vasitəsilə bir neçə dəfə metrodan pulsuz istifadə etmişəm. Başqa heç bir halda yox. Jurnalistlər üçün ictimai nəqliyyatın pulsuz olması ideyası isə məncə lazımsızdır. Düşünmürəm ki, biz elə fövqəladə nəsə edirik ve buna görə də kimlərdənsə fərqlənib sırf jurnalistəm deyə ictimai nəqliyyatdan pulsuz istifadə etməliyəm. Bu güzəştin hərbçiyə, əsgərə aid olmağını istəyərdim, digər peşə sahibərinə yox.

“Fed.az” saytının baş redaktoru Əli Əhmədov:

1997-ci ildə “Ekonomiks” qəzetində işləyəndə jurnalist vəsiqəsi ilə şəhərdaxili ictimai nəqliyyatdan pulsuz istifadə etmək olurdu. Amma bunu qətiyyən yaxşı addım kimi qiymətləndirmirəm. Hərə öz pulunu verib getməlidir. Hansısa peşə sahiblərinə üstünlük verilməməlidir. Yalnız tələbələrə və pensiyaçılara güzəştlər olmalıdır.

APA TV-nin müxbiri Almaz Qasımova:

Bakıda keçirilən idman yarışları zamanı ictimai nəqliyyat bizim üçün pulsuz olandə belə mən pul verib düşürdüm. Düşünürüdüm ki, o şəxslər evinə çörək pulu aparır. Xaraktercə utancaq biriyəm. Jurnalistlər üçün pulsuz olsa da, mən pul verib düşəcəm.

“Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı:

Xeyr, heç vaxt pulsuz istifadə etməmişəm. Sadəcə bir dəfə 71 nömrəli marşrutda konduktor kimi dayanıb reportaj hazırlayırdım. Bayıldan Binəqədiyə, oradan da geriyə qayıtdım. Heç kim bilmirdi jurnalistəm. Sürücüylə danışmışdım ki, reportaj hazırlayacam. Kimlərin pulsuz düşüb getməsini, qaçmasını araşdırdım. Yaxşı pul yığmışdım deyə sürücü məndən pul almadı.

İctimai nəqliyyatın jurnalistlər üçün pulsuz olmasına gəlincə, əsl jurnalistlər üçün olsa, istəyərdim. Amma ən çox dələduzlar, reket jurnalistlər istifadə edəcəksə, buna düzgün yanaşmıram.

“Müsavat” qəzetinin və “musavat.com” saytının müxbiri Könül İbrahimova:

Heç vaxt pulsuz istifadə etməmişəm. Ümumiyyətlə, jurnalistlər üçün olan heç bir pulsuz kampaniyadan istifadə etməmişəm. Məncə, təqaüdçülər, yaşlılar üçün pulsuz olsa, daha yaxşı olar. Bir də tələbələr üçün güzəştli kartlar hazırlansa, məqsədəuyğun olar. Jurnalist olduğumuz üçün nəqliyyatdan pulsuz istifadə etməyi özümə rəva görmürəm. Elə bir qərar çıxarılsa da, istifadə etmərəm.

“Qafqazinfo.az” saytının əməkdaşı Elsəvər Məmmədov:

Bəli, Avropa Oyunları zamanı nəqliyyat pulsuz idi. İstifadə etmişəm. Bir də bu il Kiyevdə Çempionlar Liqası finalına görə şəhərdə nəqliyyat jurnalistlər üçün pulsuz idi. Bu qanun yenidən tətbiq olunsa, bizim üçün nəyisə ciddi şəkildə dəyişəcəyini düşünmürəm. Elə bir istəyim yoxdur.

Məsələ ilə bağlı Bakının iki ən böyük ictimai nəqliyyat qurumunun ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamağa çalışdıq.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mais Ağayev Femida.az-a bunları dedi:

“Bu tam olaraq BNA-nın səlahiyyətində olan bir məsələ deyil. Qiymətləri və bu kimi məsələlər Tarif Şurası tərəfindən tənzimlənir. Müxtəlif kateqoriyadan olanlar üçün güzəştlərin tətbiqi yalnız tam kart sisteminə keçid olandan sonra mümkün olacaq. Prosesin nə vaxt yekunlaşacağı ilə bağlı dəqiq vaxt deyə bilmərəm. Hazırda bu istiqamətdə işlər aparılır”.

Eyni sualı Bakının ən böyük ictimai nəqliyyat daşıyıcısı sayılan Metropolitenə də ünvanladıq. Təəssüflər olsun ki, qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Bəxtiyar Məmmədov zənglərimizi də, məktubumuzu da cavabsız qoydu və beləcə metroda analoji güzəştlərin olma ehtimalı ilə bağlı heç bir məlumat ala bilmədik.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …