Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Məhkəmə icra şöbəsinin rəisi hansı əməllərinə görə ittiham olunur?

Məhkəmə icra şöbəsinin rəisi hansı əməllərinə görə ittiham olunur?

“Elə ki, həmin şəxs Fuad Nəbiyevə “bu iş pis sonluqla nəticələnəcək” dedikdə, “mən bir kimsədən qorxmuram, çünki arxa-dayağım Fəttah Heydərovdur” deməkdən də ehtiyat etmir”

Zaman-zaman cəmiyyət həyatımızda vətəndaş hüquqları ilə bağlı məsələlər dövrü mətbuatın gündəmini zəbt edən mövzulardan biri olub, ayrı-ayrı çevrələrdə bu mövzu haqda silsilə müzakirələr aparılıb, bir sözlə vətəndaş hüquqları, vətəndaş şərəf və ləyaqətinin qorunması, müdafiə olunması və s. hər kəsi düşündürən məsələlər olub. Amma, son bir-iki ildə baş verən bir çox hadisələr haqda az-çox məlumat əldə etdikdə o da bəlli olur ki, bəzən ayrı-ayrı dövlət qurumları və əksər vəzifəli şəxslər tərəfindən, vətəndaş şərəf və ləyaqətinin qorunması, müdafiə olunması sanki arxa plana keçirilir. Belə bir olayla üz-üzə qalan şəxslərdən birinin də, Bakı şəhər sakini Murğuzova İradə Məmmədəli qızının olduğu bildirilir. Əvvəla onu qeyd edək ki, adı çəkilən bu xanım uzun illər ərzində təhsil sahəsində çalışmış, rəhbər vəzifəni daşımış və bir neçə il bundan əvvəl isə, müəyyən səbəblər üzündən təhsil sahəsindən uzaqlaşmışdır. Son vaxtlar olmazın problemlərlə üz-üzə qalan və hələ də onların ədalətli həllinə nail ola bilməyən İradə xanım “Gündəm Xəbər”ə ünvanladığı müraciətində bildirir ki, “2013-cü ildə ehtiyacım olduğu üçün 90-LE-212 dövlət nömrə nişanlı “Prado” markalı avtomobilimi, ümumi razılaşma əsasında Quliyev Elşən Pirşan oğlu adlı şəxsə 36 min manata satdım.
Həmin vaxt o, 26 min manat pulu nəğd şəklində verdi, qalan 10 min manat pulu isə kredit şəklində 6-7 aya ödəyəcəyinə razı oldu. Xoşagəlməz hal o oldu ki, Elşən Quliyev qalan pulu vəd verdiyi vaxtda tam ödəsə də, o, aldığı “Prado” markalı avtomobili öz adına sənədləşdirmədi. Belə olan halda avtomobil mənim adımda qaldı. Elə ki, şər-böhtanlar əsasında daşıdığım vəzifəmdən uzaqlaşdırıldım, o halda Xətai rayon Məhkəməsinin qərarı ilə şəxsi mülkiyyətimdə olan əmlakıma həbs qoyuldu və bu həbs qərarı Elşən Quliyevə satdığım “Prado” markalı avtomobilə də yönəldi.
Həmin vaxtlarda satdığım avtomobildən həbs qərarının götürülməsi üçün, Xətai rayon Məhkəməsi icra şöbəsinin sabiq icra rəisi Fuad Nəbiyev məndən 2 (iki) min manat pul tələb etdi. Elə ki, ona həmin məbləği verə bilməyəcəyimi bildirdim, o halda Elşən Quliyev guya mənim ona 21 min 500 dollar pul borcum var deyə, Xətai rayon Məhkəməsinə müraciət etdi. Təəccüb doğuran hal o oldu ki, məhkəmə hakimi qarşı tərəflə hər hansı borc müqaviləsinin olub-olmamasını heç bir halda araşdırmadan, yalnız Elşən Quliyevin təqdim etdiyi iddia ərizəsi əsasında, guya borclu olduğum həmin pulun məndən alınıb ona verilməsi barədə qətnamə çıxarır.
Bundan əlavə, Fuad Nəbiyev Xətai rayon İcra Şöbəsinin rəisi vəzifəsini daşıdığı vaxtlarda, mən iki nəfəri Samir Bağırov adlı şəxslə sadəcə olaraq tanış etmişdim. Həmin şəxslər onunla tanış olduqdan sonra, mənim heç bir halda xəbərim və iştirakım olmadan müəyyən işlər görürlər və Samir Bağırova nəğd şəklində pul da verirlər. Elə ki, Samir Bağırov dələduzluq əməlllərinə görə həbs olunur, o halda onlar ona verdikləri pulları hədə-qorxu gələrək məndən tələb etməyə başladılar. Buna görə də onlar məni məcburi qaydada notariat kontoruna apardılar və borc müqaviləsinə (guya mənim onlara borcum olub) imza atmağa da vadar etdilər.
Mən övladıma toy şənliyi edən zaman bir neçə bankdan kreditə pul götürdüm və elə ki, həmin vaxtlarda daşıdığım vəzifəmdən uzaqlaşdırıldım, o halda banklara olan borclarımın ödənilməsində gecikmələr əmələ gəldi. Amma bütün bunlara baxmayaraq, bir müddətdən sonra banklara və vaxtilə Samir Bağırovla tanış etdiyim (guya onlara borclu idim) şəxslərə olan borclarımı tam ödədim. Həmin vaxtlarda bu işlərlə bağlı Fuad Nəbiyev (Xətai rayon icra şöbəsinin sabiq rəisi) məni icra şöbəsinə dəvət etdi və köməklik etmək fikrində olduğunu da bildirdi. Bir qədər söz-söhbətdən sonra o, əli ilə 8 (səkkiz) rəqəmini göstərdi və “sən bu məbləği gətir, bütün problemlərini qaydaya salaq, arxa-dayağın da özüm olacağam” dedi. Həmin an ona, istədiyin məbləği heç cür düzəldə bilməyəcəyəm dedikdə, Fuad Nəbiyev bu dəfə 5 (beş) rəqəmini göstərdi və “heç olmazsa bu məbləği gətir ki, sonra sənə problem yaranmasın” dedi. Çox götür-qoy etdikdən sonra onun istədiyi 5 (beş) min manat “haqq-hesab”ı düzəldib verəcəyimə razı oldum və məcburiyyət qarşısında qaldığımdan, bir müddətdən sonra qızımın və xalam qızının adına “BTB” Bankdan 5 min manat kreditə pul götürdüm. Mən həmin pulu Fuad Nəbiyevin iş otağında ona verərkən, kimsə ona telefon zəngi etdi. Dərhal o, telefon zənginə cavab verib “canım hazırlaş indi gəlirəm, Qubaya çox getmişik, bu dəfə Nabrana gedək” dedi. Çox keçmədi ki, onun iş otağından çıxdım və yolboyu öz-özümə sual edərək, Xudayə sən bu işlərə bir bax! Mən banklara borca girirəm, bu şəxs isə zəhmət çəkmədən əldə etdiyi pulları gör nələrə, nə kimi işlərə xərcləyir deyə, öz-özümə sual etsəm də, hər hansı cavabı tapa bilmədim.
Ümumiyyətlə, mən ilk dəfə idi ki, belə bir problemlərlə üz-üzə qalırdım. Bir həftə keçdikdən sonra Fuad Nəbiyev mənə qarşı qanundan kənar addımını atdı və çox keçmədi ki, Xətai rayon İcra Şöbəsinin əməkdaşları rəsmi çağırış olmadan məni icra şöbəsinə çağırdılar. Elə ki, icra şöbəsində oldum, “bu sənədə imza atın” deməklə o, köməkçisinin vasitəsilə məni 5 sutka müddətinə həbs etdirdi. Fuad Nəbiyev bunu onunla əsalandırdı ki, guya o, Zakir Əhmədov adlı şəxsdən qorxur. Eyni zamanda guya ki, o, onunla bağlı ora-bura tez-tez şikayət əriuzələri yazdığından, Fuad Nəbiyev belə bir addımını atmağa məcbur olub. 5 sutka müddətinə həbs olunmağımdan olduqca qəzəbləndim və verdiyim 5 min manat pulumu Fuad Nəbiyevdən geri tələb etdim. Elə ki, pulumu almaq məqsədilə icra şöbəsinə gedirdim, o halda o, məni monitorda görüb icra şöbəsinə daxil olmağıma izacə vermirdi. Sanki o, “əlçatmaz” bir şəxsə çevrilmişdi. Belə olduqda Ədliyyə Naziri cənab Fikrət Məmmədova Fuad Nəbiyevin əməlləri ilə bağlı bir neçə dəfə şikayət ərizəsi ünvanlardım, teleqramlar vurdum. Təəssüflər olsun ki, atdığım belə bir addımların qarşılığında mənə hər hansı cavab verilmədi. Onu da vurğulayım ki, mən icra şöbəsində olarkən adının çəkilməsini istəmədiyim şəxslər “Fuad Nəbiyevlə bağlı şikayətlərin həddi-hüdudu” yoxdur dedilər.
Bir müddətdən sonra belə bir xəbər eşitdim ki, bu şəxs Sumqayıt şəhər Məhkəməsinin icra şöbəsinə rəis təyin olunub. Belə olan halda mənə yaxın şəxslərdən biri, hansı ki, ağsaqqal yaşında olan bir şəxs Fuad Nəbiyevin yanına gedib, mənə qarşı etdiyi haqsızlıqlara görə ona kəskin iradını bildirir, eyni zamanda aldığı 5 min manat pulun geri qaytarılmasını ona məsləhət də bilir. Ümumi danışıqlar zamanı Fuad Nəbiyev əvvəlcə qorxur, müəyyən mənada tərəddüd edir, az sonra isə “İradə xanım mənə pul verməyib, mənə şər atır” deyir. Elə ki, həmin şəxs ona “bu iş pis sonluqla nəticələnəcək, sən ona qarşı haqsızlıqlar etmisən” dedikdə, “mən bir kimsədən qorxmuram, çünki arxa-dayağım Fəttah Heydərovdur” deməkdən də ehtiyat etmir. Amma, biz bir redaksiya olaraq onu deyə bilərik ki, bu gün Fəttah müəllim respublikamızın olduqca sayılıb-seçilən ağsaqqallarındandır, Respublika Ağsaqqallar Şurasının sədridir, millət vəkilidir. Hər kəsin bu şəxsə böyük hörməti, sonsuz məhəbbəti var. Atdığı addımları xeyirxahlığa, xoş amallara söykəndiyindən, heç cür inana bilmərik ki, bu şəxs hansısa qanunsuzluğa qol qoyan vəzifə sahibini müdafiə etsin, yaxud da həmin şəxsin atdığı addıma haqq qazandırsın.
İradə xanım onu da vurğulayır ki, “Xətai rayon Məhkəməsi icra şöbəsinin əməkdaşları tərəfindən bu gün də mənə təzyiqlər davam etməkdədir. Ələlxüsus, icra şöbəsinin əməkdaşı olan Gündüz adlı şəxsin qanunsuz əməllərinin həddi-hüdudu yoxdur. Elə ki, mən ona artıq bezmişəm, üstümə benzin töküb özümü yandıracağam deyirəm, o halda o, “bu köhnə versiyadır, get başqa versiyalar haqda düşün” deyir”. Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

“Gündəm Xəbər”

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …